Tverdəki cinayət işi: Azərbaycanlılar hədəfdə – Rusiya planlı təbliğat aparır?- ÖZƏL

Rusiyanın Tver vilayətində saxta içki və qanunsuz tütün satışı ilə məşğul olan cinayətkar dəstə ifşa edilib. Dəstənin təşkilatçısı və 8 üzvü saxlanılıb. Onlar 2022-2025-ci illərdə qeydiyyatsız məhsullar satıblar. Saxlanılanlar arasında Azərbaycan əsilli şəxslər də var.

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib ki, Tver vilayətində baş verən son insident göstərir ki, azərbaycanlılar planlı şəkildə kriminal element kimi təqdim olunur:

"Azərbaycan və Rusiya arasında münasibətlər tarixin ən ziddiyyətli dövrünü yaşayır və hesab edirəm ki, müstəqilliyimizi bərpa etdikdən sonra bu cür gərginlik hələ olmamışdı. Düzdür, Rusiya-Azərbaycan münasibətlərində kifayət qədər ziddiyyətli məqamlar olub, lakin birbaşa olaraq azərbaycanlıların hədəf seçilməsi, kriminal aləmlə əlaqələndirilməsi kimi siyasi məqsədli addımlarla belə bir sınaqdan keçməmişik.
Lakin Rusiya bu siyasi xətti yürütməkdə davam edir. Yekaterinburqda bizim soydaşlarımızın döyülərək öldürülməsindən sonra bir sıra insidentlər baş verib. Növbəti insident isə Tver vilayətində saxta içki və qanunsuz tütün məhsullarının dövriyyəsi ilə bağlı cinayətkar qrupun ifşasıdır.
Hesab edirəm ki, Rusiya bu cür fəaliyyətə son qoymalıdır. Çünki həm dünyada, həm də Rusiyanın daxilində azərbaycanlılar haqqında mənfi mövqe formalaşır. Bu da onların iqtisadi fəaliyyətinə, ticarət əlaqələrinə və qurduqları biznesə ciddi ziyan vurur.
Sanki Rusiya bununla çalışır ki, azərbaycanlıların biznesi zərər görsün, onlar çıxılmaz vəziyyətdə qalsınlar, ölkəni tərk etsinlər, əmlaklarını dəyər-dəyməzinə satsınlar, bizneslərini təhvil versinlər. Rusiya bu addımlardan çəkinməlidir. Çünki bu, təkcə azərbaycanlılara yox, həm də Rusiyanın öz iqtisadiyyatına ziyan vurur, millətlərarası münaqişələri alovlandırır və ölkə daxilində böyük fəlakətlərə yol aça bilər.
Rusiya bütün bunları anlamalı və Azərbaycanla mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin qurulmasına cəhd etməlidir. Təəssüf ki, hazırda Azərbaycan-Rusiya münasibətlərində münasibətlərin yaxşılaşmasını istəyən yeganə tərəf Azərbaycandır. Bu, qarşılıqlı olmalıdır və tərəflər münasibətləri yaxınlaşdırmaq üçün atılan addımlarda qarşılıqlılığı əsas götürməlidirlər.
Ümid edək ki, Rusiya bu cür hadisə və proseslərə son qoyacaq və Azərbaycanın nəinki Cənubi Qafqazda, hətta dünyada da artan siyasi nüfuzunu qəbul edərək onunla hesablaşacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31