“Təxribatçı şəbəkələr Azərbaycan-İran münasibətlərini pozmağa çalışır” – Azad Məsiyev – ÖZƏL
14:03 Siyasətİranın SEPAH qurumuna bağlı "Pasdaran" adlı Telegram kanalı Azərbaycana qarşı növbəti qara piar kampaniyasına başlayıb. Kanalda guya "Azərbaycan hökumətinin sionistlərə xidmət etdiyi" və "Aşura mərasimlərini yasaqladığı" iddia olunur. Bu əsassız məlumatlar dərhal erməni mediasında tirajlanaraq anti-Azərbaycan təbliğatına çevrilib.
Maraqlıdır, bu cür təxribatlar Bakı-Tehran münasibətlərinə necə təsir edə bilər? Ümumiyyətlə real təsir ola bilərmi?
"Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiqdir və bu prinsip beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir. İran bizim əzəli və əbədi qonşumuzdur. Biz İranla dostcasına münasibətlərin inkişafında maraqlıyıq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçinin sözlərinə görə, Qərb kəşfiyyatının agentura şəbəkəsi İranla Azərbaycan arasında münasibətləri pozmağa və qarşıdurma yaratmağa çalışır:
"İran Azərbaycanla ən uzun sərhədə malik dövlətdir. Ümumilikdə İranla Azərbaycan arasında münasibətlərin yaxşı olmasını istəməyən dairələr mövcuddur. Başda Birləşmiş Ştatlar olmaqla Qərb, o cümlədən İsrail, Azərbaycanla İran arasında qarşıdurma yaranmasını istəyir. İran daxilində ABŞ və İsrailin kəşfiyyat qurumlarının fəaliyyəti var və onların agentura şəbəkəsi mövcuddur. Bu şəbəkə həm dini liderlər, həm təhlükəsizlik qurumları, həm də müxtəlif ictimai dairələrdə fəaliyyət göstərir.
İsrail-İran münaqişəsi dövründə də aydın oldu ki, İsrailin və ABŞ-nin agentura şəbəkələri konkret koordinatlar təqdim etməklə, dəqiq obyektlərin vurulmasına, generalların, atom enerjisi sahəsində çalışan alimlərin öldürülməsinə səbəb olublar. Bu əməliyyatlar məhz həmin şəbəkənin topladığı məlumatlar əsasında həyata keçirilib. Eyni şəbəkə bu gün də İran adından Azərbaycana qarşı bəyanatlar verir, çıxışlar edir və guya İranın maraqlarına xidmət etdiyini göstərməyə çalışır. Əksinə, bu agentura şəbəkəsinin əsas məqsədi İranla Azərbaycan arasındakı dostluq münasibətlərini pozmaq, qarşıdurma yaratmaqdır. Belə şəxslər İran xalqının maraqları adı ilə çıxış edərək, münasibətləri zədələməyə yönəlmiş bəyanatlar verirlər. Bu fikirləri səsləndirənlər Qərb kəşfiyyatının agentura şəbəkəsinin üzvləridir və məhz onların maraqlarına xidmət edirlər".
Siyasi şərhçi bildirib ki, İranla Azərbaycan arasında münasibətlərin pozulması nə İran xalqının və dövlətinin, nə də Azərbaycan xalqı və dövlətinin maraqlarına uyğun deyil. Bu münasibətləri pozmağa yönəlmiş informasiyaları yayan şəbəkə əsasən İsrailin "Mossad" və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin agentura şəbəkəsidir.
Unutmayaq ki, ABŞ-nin Ermənistandakı səfirliyində təxminən 3000 nəfərlik diplomatik personal fəaliyyət göstərir. ABŞ kəşfiyyatının əsas mərkəzlərindən biri hazırda Ermənistandadır. Ermənistan üzərindən İran daxilində kəşfiyyat fəaliyyətləri aparılır və İran mətbuatında səsləndirilən bəyanatlar eyni anda Ermənistan mediasında da yayılır.
Məqsəd aydındır: İranla Azərbaycan arasında düşmənçilik toxumu səpmək, münasibətləri korlamaq. Lakin bu, nə Azərbaycanın, nə də İranın maraqlarına uyğundur. Bu yalnız Qərbin, xüsusilə də ABŞ-nin maraqlarına xidmət edir.
Azad Məsiyev qeyd edib ki, İran-Azərbaycan münasibətlərini pozmağa çalışan agentura şəbəkəsi ifşa olunmalı və milli maraqlar naminə zərərsizləşdirilməlidir.
"Bu cür bəyanatlarla çıxış edənlər - yəni Qərbin əlində olan agentura şəbəkəsi - İranla Azərbaycan arasında münasibətləri pozmağa çalışır. Hesab edirəm ki, İranın xüsusi xidmət orqanları bu şəbəkəni ifşa etməli və verilən bəyanatların arxasında duran qüvvələri aydınlaşdırmalıdır.
Bütün bu təxribat xarakterli çıxışlar İran-Azərbaycan münasibətlərinə xələl gətirə bilməyəcək. Yaxınlarda İran Prezidentinin Azərbaycan Prezidenti ilə Xankəndidə baş tutan dostcasına və qardaşcasına görüşü xüsusi qeyd olunmalıdır. Həmin görüş zamanı İran Prezidentinin Azərbaycan dilində çıxış etməsi də çox diqqətəlayiq idi.
Bu cür təxribatçı çağırışlar heç bir halda dövlətlərarası münasibətləri poza bilməz. Əksinə, bu cür dezinformasiyaları yayan şəbəkələri İranın xüsusi xidmət orqanları müəyyən edib zərərsizləşdirməlidir. Bu fəaliyyət ifşa olunmalıdır. Xüsusilə də ABŞ və İsrailin İrana hərbi əməliyyat planlaşdırdığı bir dövrdə bu şəbəkənin fəaliyyəti daha da güclənib. Ona görə də, bu cür agentura şəbəkəsini aşkara çıxarmaq İran dövlətinin öz milli maraqları baxımından həyati əhəmiyyət daşıyır".
Səidə Ramazanova