“Türkiyənin “Dron Koalisiyası”ndakı məqsədi sülh masasında olmaqdır” – Əkbər Qoşalı – ÖZƏL

Türkiyəli politoloq və Ankara-Moskva analitik şəbəkəsinin eksperti Engin Özer RİA Novosti agentliyinə açıqlamasında bildirib ki, Türkiyənin Ukraynaya pilotsuz uçan aparatlar tədarük edən "Dron Koalisiyası"na qoşulması onun vasitəçilik rolunu itirməsinə səbəb ola bilər. O qeyd edib ki, Türkiyə NATO üzvü olaraq neytral qalmağa çalışsa da, hərbi yardımlarda iştirakı münaqişənin digər tərəflərinin etimadını zəiflədə bilər. Qeyd edək ki, hazırda "Dron Koalisiyası"na 20-yə yaxın NATO ölkəsi, o cümlədən Türkiyə və Belçika da daxildir.

Bəs Türkiyənin "Dron Koalisiyası"na qoşulması onun regional vasitəçilik təşəbbüslərinə necə təsir göstərə bilər?

"Qardaş Türkiyənin adı bu gün geosiyasətin özü kimi ifadəlilik qazanıb və yalnız coğrafiya anlamından çoxdan çıxıb. Qara dənizdən Aralıq dənizinə, Qafqazdan Bosfora uzanan yollar boyu rəsmi Ankaranın atdığı hər addım, verdiyi hər qərar Türkiyədə qalmır - dünya miqyasında rezonans doğurur. Məhz bu səbəbdəndir ki, qardaş ölkənin Rusiya-Ukrayna müharibəsinin fonunda "Dron Koalisiyası"na qoşulması bir çox dairələrdə suallar, bəzi mənbələrdə isə rahatlızlıqlar doğurur".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, CASCFEN İH üzvü Əkbər Qoşalı deyib:

"Engin Özerin "RİA Novosti"yə verdiyi açıqlamada vurğulanan məqam - "Türkiyə neytral qalmağa çalışsa da, hərbi yardımlarda iştirakı, güvəni zəiflədə bilər" - müəyyən təsbitlərə işarə etsə də, heç də bütöv mənzərəni ifadə etmir. Bəli, Türkiyə "Dron Koalisiyası"na qoşulub amma bu qoşulma bir tərəfin yanında sıraya düzülmək deyil, balansın qorunması üçün atılan texnoloji və strateji addımdır. Unutmaq olmaz ki, müharibə meydanında neytrallıq yalnız passiv mövqe deyil, bəzən aktiv vasitəçilik üçün önşərtdir".

Ə. Qoşalı bildirib ki, Türkiyənin "Dron Koalisiyası"na qoşulması, düzgün diplomatik balansla yanaşı həyata keçirilsə, onun vasitəçilik statusunu zəiflətməz, əksinə, daha da gücləndirə bilər.

"Türkiyə Rusiya-Ukrayna müharibəsinin əvvəlindən bu yana "vasitəçi ölkə" statusunu qoruyaraq həm Moskva ilə dialoq kanallarını açıq saxlayıb, həm də Kiyevlə əlaqələrdə açıq və dəstək yönündə xətt tutub. Taxıl sazişi, əsir mübadiləsi, enerji təmasları və daha neçə diplomatik masa - bax, bunların hamısında Türkiyə var idi. Beləliklə, Ankara üçün tərəfsizlik sadəcə hərbi iştirakdan imtina deyil, qarşıdurmaların ortasında çox zəruri körpü olmaq məsuliyyətidir. Əlbəttə, bu məsuliyyətin daşıyıcısı olmaq - həm Batının, həm də Doğunun təzyiqləri arasında tarazlıq yaratmaq - Türkiyə üçün çətin, bəzən ziddiyyətli seçimlər tələb edir. Bununla belə, unudulmamalıdır ki, tərəfsizlik yalnız siyasətin deyil, milli maraqların da təməlində dayanır. Türkiyə üçün bu maraq, Qara dənizdə sabitlik, bölgəsəl nüfuzun saxlanması və Türk dünyasına gedən yolun təhlükəsizliyidir.
"Dron Koalisiyası"na qoşulma qərarı, əgər düzgün diplomatik izah və aktiv balans siyasəti ilə müşayiət olunarsa, Türkiyənin vasitəçilik statusunu zəiflətmək əvəzinə, onu yeni mərhələyə daşıya bilər. Çünki bu təkcə silah və texnologiya ilə bağlı olmayıb, qarşılıqlı güvənin də təminatıdır. Həm Batı Türkiyəyə, həm də Türkiyə bölgəyə "məsuliyyətli tərəfdaş" obrazında daxil olur".

Türkoloq nəticə olaraq vurğulayıb ki, Türkiyə tarixən olduğu kimi bu gün də, necə deyərlər,  "yol ayrıcları"nda addımlayır. Onun "Dron Koalisiyası"ndakı yeri müharibəni seçmək deyil, sabahın sülh şərtlərini müəyyənləşdirmək üçün masada olmaqdır. Vasitəçi olmaq - bəzən münaqişənin silah səsləri içindən sülhə gedən yolu tanımaqdır. Bu yolun adı: Türkiyə Yoludur! Qardaşlıq, dostluq və qonşuluğu "Şuşa Bəyannaməsi" ilə taclandırılmış Türkiyənin qərarları, əlbəttə, Azərbaycanda da maraqla izlənilir. Üstəlik, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, öz humanitar dəstəklərini əsirgəməyən güvənli, ləyaqətli ölkədir. 
Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31