Rusiya “rusdilli əhali” bəhanəsi ilə bölgəyə təzyiq edir, özü uduzur- ÖZƏL

Rusiya,  rusdilli əhaliyə təzyiq iddiası ilə  Tacikistan, Qırğızıstan, Özbəkistan və Cənubi Qafqaz ölkələri üçün sanksiyalar paketi hazırlayır. Tədbirlər arasında vizalar, pul köçürmələrinə məhdudiyyət, əmək kvotaları və layihələrin dayandırılması var. Kreml hərbi təlim və "humanitar müdaxilə" ssenarilərini də nəzərdən keçirir.

Moskvanın rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə Cənubi Qafqaz və Mərkəzi Asiyaya sanksiya təhdidləri bu region ölkələrinin suverenliyi və xarici siyasətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, əgər Rusiya Cənubi Qafqaz və Orta Asiya ölkələrinə qarşı ciddi tədbirlər görsə, bu, ən çox elə Rusiyanın özünə ziyan vuracaq:

" Son zamanlar Rusiya ilə Azərbaycan münasibətləri gərginləşib. Buna da səbəb, keçən ilin dekabrın 25-də Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması və indiyə qədər Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməməsidir.
Məhz həmin vaxtdan sonra biz günahkarların cəzalandırılmasını, kompensasiyanın ödənilməsini və Rusiya prezidenti tərəfindən üzr istənməsini  tələb edirik. Bütün beynəlxalq hüquq normalarına görə bu düzdür.  Biz də bir zaman bunu etmişik.  Rusiya vertolyotu Naxçıvan ərazisində keçən zaman erməni vertolyout bilinib vurulmuşdu və dəyən zərər ödənilmişdi. Həlak olan iki nəfər Rusiya pilotlarının ailələrinin kompensasiyası ödənildi və Azərbaycan prezidenti üzrxahlıq etdi. Ancaq Rusiya hələ bunu etməyib. Bundan sonra münasibətlər gərginləşməyə başladı və haqlı olaraq Azərbaycan prezidenti 9 May mərasimlərinə dəvət olunmasına baxmayaraq getmədi.
Son hadisələr isə, Yekaterinburqda keçirilən tədbirdə baş verən vandal hərəkətlər Azərbaycanın, Azərbaycan hakimiyyət orqanlarının və xalqının səbrini daşdırdı. Ona görə də Azərbaycan haqlı olaraq cinayətkarların cəzalandırılmasını və Azərbaycan vətəndaşlarına qarşı olan təzyiqlərin dayandırılmasını tələb edir.
Ona görə də Azərbaycan adekvat addımlar atdı. Hazırda isə Rusiya Ukrayna müharibəsində artıq demək olar ki, başını itirib. Bir milyondan artıq əhali həlak olub, yaralanıb və bu gün Rusiyanın insan resursları müharibəyə göndərmək üçün çatmır. Bunun üçün də Şimali Koreyadan hərbiçilər gətirirlər. Əvvəlcə on iki min gəldi, indi isə iyirmi beş min gələcəyi gözlənilir. 
Bütün bunlar onu göstərir ki, Rusiya öz daxilində gedən prosesləri nəzarət edə bilmir. Ona görə də Rusiyada yaşayan qeyri-millətlərə qarşı çox haqsız iradlar bildirir, onları xüsusilə miqrantları küçədə tutub, hərbi komissarlığa aparırlar və oradan müharibəyə göndərirlər.
Bütün bunlar da Rusiyada əhali arasında ciddi narazılıqlar yaradır. Hesab edirəm ki, hazırda Rusdilli əhalinin hüquqlarının qorunması məqsədilə ediləcək tədbirlər  Rusiyanın özünə qarşı olacaq. Onsuz da iyun ayından etibarən yeni sərt qərarlar qəbul edib və oraya daxil olan insanların əl izləri, şəkilləri alınır, onların yaşayış yerləri  dəqiqləşdirilir. Bu işlər diqqətlə nəzarət olunur. İndi isə həm vizaya tətbiq edilən məhdudiyyətlər, həm miqrantlardan pul götürmədə məhdudiyyətlər, əmək kvotaları və digər qadağalar tətbiq edilir. Hesab edirəm ki, bunlar hamısı Rusiyanın özünə zərər verəcək.
Təbii ki, bu sanksiyalar ancaq Orta Asiya ölkələrinə və Cənubi Qafqaz ölkələrinə şamil edilir. Çünki Baltik ölkəsi artıq Rusiyadan ayrılıb, qərb ölkəsidir. Moldova demək olar ki, Rusiyanın təsir dairəsində deyil.
Yerdə qalan Belarus isə Rusiyaya yaxındır, eyni  sistemdədir və Ukraynada müharibədə iştirak edir. Ona görə də indi Rusiya Orta Asiya və Cənubi Qafqaz ölkələrinə qarşı ciddi tədbirlər görmək istəyir. Hesab edirəm ki, bu cəhdi uğursuz olacaq. Həm Cənubi Qafqaz, həm də Orta Asiya xalqları bilirlər ki, Rusiya ilə birlikdə yaşadıqları dövrdə 70 il ərzində hansı zülmlərə məruz qalıblar, var-dövlətləri necə talan edilib, hamısı Rusiyaya daşınıb.
Bunun bariz nümunəsi Azərbaycandır. Azərbaycan müstəqillik qazandıqdan sonra həm paytaxt Bakı, həm rayonlar, kəndlər və şəhərlər tamamilə dəyişib, inkişaf edib.
Bu da göstərir ki, Azərbaycan öz təbii sərvətlərindən bəhrələnərək qısa müddətdə böyük var-dövlət əldə edib, şəhərlərimiz, kəndlərimiz yeni, təmiz və səliqəli bir yerə çevrilib. Məhz bu da Rusiyanı qıcıqlandırır. Rusiyanın artıq həm iqtisadiyyatı çökür, həm də daxilində böyük narazılıqlar var və bütün bunları nəzərə alaraq Putin diqqətini kənara, müharibəyə yönəldir və digər respublikalara da belə münasibət göstərir.
Hesab edirəm ki, bütün bunlar Rusiyanın son cəhdləridir.  Rusiya qərbdən  blokadaya alınıb, yəni, yanacaq, qaz, neft alınmır və həmçinin Rusların qərbə getməsinə icazə verilmir.
Ancaq Azərbaycan Rusiya üçün böyük nəfəslikdir və Rusiyanın yanacaq, neft və qazını Çinə, Şərq ölkələrinə, Hindistana sata bilir. Yəni bizimlə münasibət gərgin olacaqsa, bu, daha çox Rusiyaya ziyan gətirəcək.
Ona görə də artıq Rusiya mediasında Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırılması haqqında yazılar gedir və bu həftə ərzində Rusiyadan nümayəndə heyətinin gəlməsi gözlənilir. Eyni zamanda Rusiya siyasətçiləri də Azərbaycanın önəmli tərəfdaş olduğunu bildirir və olan hadisələri yumşaltmağa çalışırlar.
Hesab edirəm ki, əgər Rusiya Cənubi Qafqazda, Azərbaycana, Gürcüstana, Ermənistana və Orta Asiya respublikalarına qarşı ciddi tədbirlər görsə, bu, ancaq Rusiyanın özünə ziyan verəcək və geosiyasi gərginlikdə ancaq Rusiyanın maraqlarına zərər vuracaq, Rusiya daha da zəifləyəcək. Azərbaycanla Rusiya arasındakı gərginlik də  yaxın günlərdə Rusiya nümayəndəsi Azərbaycana gəlişi ilə qarşılıqlı olaraq məsələlər qaydasına qoyulacaq.
Təbii ki, Azərbaycan dövləti olaraq heç vaxt heç bir qonşu dövlətlə, o cümlədən Rusiya kimi böyük bir ölkə ilə münaqişə istəmir. Biz münasibətlərimizin normal olması üçün çalışırıq, həmçinin orada yaşayan təxminən 3 milyon soydaşımızı nəzərə alaraq Rusiya ilə münasibətlərin normal səviyyədə olmasını arzulayırıq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31