Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında - Türk-azərbaycan dilli yazılarda
10:06 SosialBirinci yazı
Kənd həyatından bəhs edən yazılar -1929-1940-cı illərdə
Hər bir yaşayış məskəninin özünəməxsusluğunu əks etdirən öz tarixi mövcuddur. Tarix məskənin, sivilizasiyanın xassələrini ifadə edən tərkib elementləri, həyatın əsaslarını özündə ehtiva edir. Arçut (Ardıc) kəndinin tarixi də zəngindir. Həm keçmişi, həm də əhatəliliyi, tərkib elementləri baxımından diqqəti cəlb edir. XX əsr mətbuatı kəndin hadisələrini əhatəli şəkildə qeyd edərək, tarixinin zənginlyiyini sübuta yetirib. Mətbuat səhifələrini vərəqlədikcə, oxşar və fərqli məzmunlu yazılara rast gəlinir. Bu yazılar özündə kəndin həyatının ictimai-mədəni ruhunu özündə daşıyır.
Tarixdən məlumdur ki, Arçut kəndinin yerləşdiyi Güney Pəmbək bölgəsi Çar Rusiyası dövründə, XIX əsrdə inzibati ərazi vahidi olan İrəvan quberniyasının (Qafqaz Canişinliyinin) Aleksandropol qəzasının tərkibində olub. Aleksandropol qəzasında Qarakilsə (indiki Vanadzor, o zamankı Kirovakan) Böyük Qarakilsə adlanıb. Kiçik Qarakilsə isə İrəvan Quberniyasının Aleksandropol qəzasında indiki Düzkənd (Axuryan) rayonunda kənd olub. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli qərarı ilə adı dəyişdirilib Azatan qoyulmuşdur. XX əsr mətbuatında kəndin adı hallanmışdır. Bu yöndə, "Qızıl Şəfəq" qəzetinin 17 aprel 1935-ci il tarixli, (N87 (1275)) sayında "Kənd təsərrüfatı arteli yeni nizamnaməsinin qəbul olunması gedişi haqqında" başlıqlı məqalədə də Kiçik Qarakilsənin adı hallanır. Bu baxımından məqalədə yazılırdı: "...Leninakan rayonu Kiçik Qarakilsə qolxozunda, kolxozun ümumi yığıncağını yaxşı hazırlamaq və keçirmək üçün briqadalar arasında sosialist yarışı genişləndirilmişdir..." Qeyd: Lüğətə əsasən, artel -müəyyən şərtlərlə birlikdə işləmək üçün düzəldilən təsərrüfat birliyi; birləşmə, şirkət. Balıqçılıq arteli. Kənd təsərrüfatı arteli-kəndlilərin ümumiləşdirilmiş əməyi və əsas istehsal vasitələri ilə birgə təsərrüfat işləri aparmaq üçün düzələn sosialist tipli kollektiv təsərrüfat forması; kolxoz. Kənd təsərrüfatı arteli nizamnaməsi kolxoz həyatının əsas qanunu idi.
1930-cı ilin Kənd təsərrüfatı artelinin Nümunəvi nizamnaməsi SSRİ Xalq Torpaq Komissarlığı tərəfindən bəyənilib, Kolxozmərkəz tərəfindən qəbul olunub, SSRİ Xalq Komissarlar Şurası və SSRİ Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib. (Примерный устав сельскохозяственной артели 1930 года. www. istmat.org)
İlk növbədə qeyd etmək yerinə düşər ki, Ermənistanda, İrəvan şəhərində mərkəzi nəşr orqanı olan türk-azərbaycandilli qəzetlər 1921-1988-ci ilin noyabr ayı aralığında nəşr olunub. İrəvanda XX əsrdə türk-azərbaycan dilində əsasən, mərkəzi nəşrlər hesab olunan "Kommunist"(1921-ci ildən həftəlik çıxırdı); "Rəncbər"(1921-ci ildən), "Zəngi" (1924-cü ildən), "Qızıl Şəfəq" (1929-cu ildən); "Kommunist" (1937-ci ildən); "Sovet Ermənistanı" (1939-1988-ci ilin noyabr) qəzetləri nəşr olunub. İrəvanda türk-azərbaycan dilində mərkəzi mətbu vasitəsi olan ancaq bir qəzet nəşr olunurdu, lakin sadalandığı kimi, ayrı-ayrı vaxtlarda müxtəlif adlarda, çıxırdı. Ardıcıl olaraq adlarını dəyişən qəzetlərdə Ermənistanda yaşayan azərbaycanlıların (azərbaycan türklərinin) mədəni, ictimai, iaşə, təsərrüfat və siyasi fəaliyyətlərini işıqlandıra bilib. Dövlətin və hökumətin Ermənistanın türk-azərbaycandilli sakinləri üçün gördükləri işlər barədə dolğun məlumatlar verə bilib. Wikipedia.Sovet Ermənistanı qəzeti. Kiril əlifbası ilə; anl.az. "Zəngi" qəzeti. Qərbi Azərbaycan
İrəvanda Azərbaycan dilində yeganə mətbuat orqanı olan "Zəngi" qəzeti 1929-cu ilin yanvar ayının 1-dən etibarən "Qızıl Şəfəq" adı ilə nəşr olundu. Əkbər Rizayevin redaktorluğu ilə işıq üzü görən "Qızıl Şəfəq" qəzeti həftədə 3 dəfə 4 səhifədən ibarət çıxırdı. Qəzet 17 yanvar 1929-cu ildə, 5-ci nömrəsindən etibarən latın əlifbası ilə nəşr edilməyə başladı. www.anl.az.Qərbi Azərbaycan
"Sovet Ermənistanı" qəzeti Ermənistan SSR-də türk-azərbaycan dilində nəşr olunmaqla, respublika qəzeti olub və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı olub. Ermənistan SSRİ-də nəşr olunan qəzetlər orada yaşayan azərbaycanlıların ana dilini qoruyub saxlayıb, eləcə də onlara böyük Sovetlər ölkəsindən, o cümlədən Ermənistandan və Azərbaycandan, Zaqafqaziyadan, dünyadan ictimai, mədəni, ədəbi, siyasi, iqtisadi və digər sahələri əhatə edən məlumatlar verib. Qəzet ilk növbədə Ermənistandakı həyatı işıqlandırmaqla, orada yaşayan azərbaycan türklərini təsərrüfat həyatı ilə məlumatlandırıb, azərbaycan-türk yaşayış məskənlərinin ictimai-siyasi və mədəni həyatı barədə müntəzəm məlumatlar təqdim edib. Oradakı azərbaycan türklərini ilk növbədə özlərini özlərinə tanıdıb. Ən mühüm funksiya bundan, yəni özünüdərki təmin etməkdən ibarət olub. Eyni zamanda Azərbaycan SSRİ-nin həyatı barədə məlumatlar təqdim edib və bununla da məlumat bağlantısı yaradıb. Ermənistanda azərbaycan-türk dilində elm və təhsil diqqət mərkəzində saxlanılıb, savadsızlığın aradan qaldırılması ilə bağlı tədbirlər barədə gündəlik, həftəlik, aylıq və rüblük məlumatlar verilib. Mətbuat həm də türk-azərbaycan dilinin qorunması və inkişafı funksiyasını həyata keçirib. Qəzet səhifələrində hadisələrin işıqlandırılması hadisələrin mahiyyətinin aydınlaşdırılmasına xidmət edib. Bununla da qəzetlər əhalinin maariflənməsi üçün ziyalılıq funksiyasını təmin edib. Qəzetlər SSRİ-nin mərkəzi hakimiyyətinin qərarlarının mətnlərini dərc edib, əhalinin ictimai və siyasi baxımdan maariflənməsini və siyasi təfəkkürünün inkişafını məqsəd kimi qarşıya qoyub. Qəzetlərə abunəlik işlərinə ciddi fikir verilib, ştatlı, ştatdankənar müxbirlərin yazıları vasitəsilə həm bölgələri bir-birinə informasiya baxımından bağlayıb, həm də mərkəzi hakimiyyətlə yerli qurumlar arasında əlaqələndirici, koordinasiya funksiyasını yerinə yetirib. Qəzetdəki yazılar bölgələri və bölgələrdəki şəhər və kəndləri əhatə edib. Türk-azərbaycandilli mətbuat Ermənistan SSR-də yaşayan azərbaycan türkləri üçün vahid bir konsepsiyanın formalaşmasını da təmin edib. Mətbuatdakı yazılar hər dövrün, tarixi mərhələnin ruhunu özündə gəzdirib və hadisələrin mahiyyətini oxuculara çatdırıb. Mətbuat orada yaşayan insanların yaşayış məskənləri haqqında mütəmadi məlumatlar verib. Yazılar təsdiqedici; tərifləndirici və tənqidi mahiyyətli olub. Faktlar təsdiq edib, izahlar və yanaşmalar, eləcə də mövqelər isə mahiyyəti üzərə çıxardıb. Bununla da əhalinin maariflənməsi və dünyagörüşünün artması başlıca məqsəd, istək və hədəf olub. Mətbuatın səhifələrində hadisələri təsdiqedici və analitik yazılar böyük əhəmiyyət kəsb edib.
Məlumadur ki, maariflənmə məlumat əldə etməkdən ibarət olan bir prosesdir. Məlumat əldə etdikcə obyektin mahiyyəti gerçəkləşir. Təyinat müəyyən olunur. Mətbuat və televiziya, eləcə də radio, həmçinin internet saytları, internet portalları maariflənmədə böyük rol oynayan vasitələrdir. Məlumatdaşıyıcı və məlumat ötürən elementlərdir.
XX əsrin 20-40-cı illərinin Ermənistan SSR mətbuatında bu kimi ideoloji xətlərin təbliğ olunması hiss olunur, görünür:
-Ermənistanda Sovet quruculuğunun əsasları bu yöndə,
-mərkəzi və yerli hakimiyyətin qərarlarının təbliği;
-Kommunist -bolşevik partiyasının fəaliyyəti;
-cəmiyyətin bolşevizm ideyaları ilə siyasiləşməsi;
-qolçomaqlara və mülkədarlara qarşı mübarizə;
-çadraların atılması uğrunda mübarizə;
-rasional və sivil həyat
-maariflənmə və savadlılığın artması;
-qadınların cəmiyyətdə iştirakının təbliğ olunması;
-kollektiv təsərrüfatların təbliğatı, kolxozların qurulması;
-kənd təsərrüfat artellərinin təşkili;
-birgə təsərrüfatların təbliğatı;
-komsomolun fəaliyyəti;
-pioner təşkilatlarının fəaliyyəti;
-kənd kooperativlərinin fəaliyyəti haqqında;
-əyriliklərlə mübarizə haqqında;
-kolxoz şuralarının işinin gücləndirilməsi;
-kolxoz və sovxoz sədrlərinun fəaliyyəti;
-kolxoz qurultayında iştirak;
-savadsızlığın aradan qaldırılması, bu yöndə məktəblərin və kursların təşkili, əyani vəsaitlərin təmini;
-digər ideoloji təbliğat işləri
İrəvanda nəşr olunan türkdilli mətbuat olan "Zəngi qəzetəsi"nin 21 avqust 1928-ci il tarixli, N54(154) sayında, "Ermənistan yeni rayonlara təksim edilir" başlıqlı məqalədə qeyd olunurdu ki, İrəvan rayonu xüsusilə texniki nəbatlar və meyvələr istehsal edən rayon olacaqdır. Leninakan rayonu taxıl və otluq rayonu kimi fəaliyyət göstərəcək. Lori-Pəmbək isə payız əkini və maldarlıq təsərrüfatına malik olacaqdır. Qeyd: burada nəbat -bitki; təksim sözü isə "bölgü" deməkdir. Təbii ki, bu yazı dövlətin, respublikanın siyasətindən məlumat verirdi.
1920-1940-cı illər Ermənsitanın ictimai həyatında savadsızlığın aradan qaldırılması siyasətinin geniş şəkildə tətbiq olunması müşayiət olunur. Qeyd: İrəvanda nəşr olunan "Qızıl Şəfəq" qəzeti özünün 04 dekabr 1929-cu il tarixli sayında yazırdı ki, Loru pəmbək qəzasında on iki min nəfər savad kurslarına cəlb olunmuşdur. Siyasi maarif şöbəsi xətti ilə üç min nəfərin, "yox olsun savadsızlıq dostlar" xətti ilə altı min beş yüz nəfərin və qalanlarının isə həmkarlar xətti ilə savadsızlıqları ləğv olunacaqdır. Xırda millətlər üçün, xüsusilə türk dilində olanlar üçün kitablar və tədris proqramı indiyə qədər alınmamışdır. "Qızıl Şəfəq" qəzetinin 1929-cu il, 9 may tarixli, N 34 (217) nömrəsində Husəyin Bayramof adında şəxs "Kəraətxana lazımdır" başlıqlı məqalədə yazırdı ki, Lori Pəmbək qəzası Karaqilsə nahiyəsində Arçut kəndi 150 evdən ibarətdir. Bu kənddə bir zəhmət məktəbi kursu olub 100 nəfərə kimi savadlı vətəndaş oxuyur. Həmin qəzetin 27 dekabr 1934-cü il tarixli, (N 288 (1185)) sayında, "Savadsızlığı ləğv cəmiyyətinin 10 illiyi" başlıqlı məqalədə (müəllif: Q. Stepanyan) yazılırdı: "Ermənistanda savadsızlığın ləğvi işlərinə Xalq Maarif Komissarlığı və onun orqanları tərəfindən 1921-22-ci tədris ilində başlanmışdır. Lakin mədəni iniqilabın bünövrəsini təşkil edən savadsızlığın ləğvi işinə geniş kütlələri iştirak etdirmək məqsədi ilə 1924-25-ci tədris ilində "Savadsızlığın ləğvi cəmiyyəti" təsis edilmişdir. Bu cəmiyyət 1924-cü ildən 1934-cü ilə kimi, yəni 10 il ərzində 241741 savadsız və ya yarım savadlını savadlandırmışdır. "Savadsızlığı ləğv cəmiyyəti" azı 10 illik fəaliyyətində dövlətdən heç pul almamışdır. Onun açdığı bütün kurslar ictimai maliyyə vəsaiti ilə saxlanmışdır. Hər bir savadsız və ya yarım savadlının orta hesab ilə savadlanmasına 12 manat 8,0 qəpik sərf olunduğunu nəzərə alaraq, 241,741 nəfəri savadlandırmaq üçün dövlət 7.021 000 min manat qazanc etmiş olur...1926-cı ildə türk yeni əlifba cəmiyyəti dəxi savadsızlığı ləğv cəmiyyəti ilə birləşmiş və erməni, türk, rus dillərində cəmiyyətin üzvlük kitabçaları nəşr edilərək, həmin iş özəklər vasitəsilə daha da genişləndirilmişdir...Əvvəlcə tam savadsız olub, indi isə kolxoz heyəti sədrlik vəzifəsində və ya fabrik direktoru, kənd şura sədri vəzifələrində çalışıb ölkəmizdə sosializm quruluşunda iştirak edənlər çoxdurlar. Qadınlar arasında savadsızlığın ləğvinə daha artıq diqqət verilmişdir. 1925-26-cı tədris ilində 2285 qadın savad kursuna cəlb olunduğu halda, 1933-34-cü tədris ilində cəlb olunanların sayı 19514 nəfərə çatdırılmışdır. Əmək haqqı almayıb savadsızlığın ləğv etdirilməsi uğrunda mübarizə edən mədəni inqilabçılardan 22-si mükafatlandırılmışdır. Bunlardan 2-i kürd, 3-ü isə türk qızıdır.."
Arçut kəndi: 1929-1932-ci illərin nəşrlərində
İnformasiya özü bir hadisədir. Eləcə də hadisələrin tərkibini özündə daşıyan örtükdür, tamdır. Məkanı və zamanı, şəraiti təsdiqləyir. Tarixi özündə daşıyır. Xronologiyanı və mahiyyəti özündə ehtiva edir. Passiv və aktivləşən, fazalarda, transferlərdə mütləq olur. Mütləqlərin dəyişmələri ilə xassələnir. Bu yöndə tarixi əks etdirir. İnformasiya axını və yükü passiv mənbələrdə qalır. Lakin mənbələrin üzərə çıxarılması canlandırır.
İnformasiya tarixin mahiyyətini özündə ifadə etməklə zamanları bir-birinə bağlayır. Məlumatların qəzet və televiziyada, jurnallarda, radioda verilməsi, efirə təqdim olunması özülüyündə tarixin təqdim olunmasıdır. Hadisələr haqqında məlumatlar hadisələrin tərkibini əks etdirən məqamları özündə daşıyır. Məlumatların əks olunması, arxivləşməsi tarixi yaddaşın meydana gəlməsini özündə daşıyır, səciyyələndirir. Məlumatların saxlanılması özlüyündə tarixin saxlanılmasıdır. Məlumatlar özündə ideyaları daşıyır, hadisələrin ruhunu əks etdirir. Cəmiyyətdəki ideologiya, siyasətin axarı və ruhu, mahiyyəti məhz mətbuatda işıqlanan yazılarda öz əksini tapır. Dövlətin inizabti və siyasi quruluşları rəsmi olaraq mətbuatda həkk olunur. İnzibati orqanların səlahiyyətləri və vəzifələri onların qərarlarında ifadə olunur. Bu yolla dövlət qurumunun vəzifə və səlahiyyətlərinin mahiyyəti aydınlaşır. Tarixi əks olunur. Məsələn, İrəvanda türk-azərbaycan (azərbaycan türkcəsi) dilində nəşr olunmuş "Qızıl Şəfəq" qəzetinin 29 avqust 1929-cu il tarixli, 61(244) sayında rəsmi məlumat dərc olunub. Həmin məlumatla Ermənistan Sovet Şura Cümhuriyyətinin (E.S.Ş.C.) Mərkəzi İcraiyyə Komitəsinin Sədarət Heyətinin 12 iyul 1929-cu il tarixli qərarının mətni verilib. Qərara əsasən Ermənistan Sovet Şura Cümhuriyyətinin ərazisi rayonlaşdırılır. Qərarın üçüncü hissəsinə görə Lori-pəmbək və Dilican qəzası birləşərək Lori qəzası adlanır. Bütün Ermənistan ərazisində beş qəza təşkil olunur. Hər qəzanın da öz rayonları təşkil edilir. Lori qəzasının mərkəzi Karakilis olur. Qəzaya beş rayon daxil edilir: İçəvan rayonu-mərkəzi İçəvan; Karaqilsə rayonu-mərkəzi Karakilsa; Allahverdi rayonu-mərkəzi -Allahverdi; Stepanavan rayonu-mərkəzi Stepanavan; Şəmşəddin rayonu-mərkəzi Bərt.
"Qızıl Şəfəq" qəzetinin 27 sentyabr 1929-cu il tarixli sayında (N75 (257)) tərtib olunmuş xəritədə də Qarakilsə kimi verilir. Bu kimi məlumatların qəzet səhifələrində əksini tapması bir tərəfdən qurumların səlahiyyətini və vəzifələrini əks etdirmək idisə, digər tərəfdən də qərarları, dövlət siyasətinin mahiyyətini sakinlərə, xalqa, camaata çatdırmaqdan ibarət olmuşdur Dövlət siyasətinin strateji və taktiki əsasları gündəlik, həftəlik, aylıq, rüblük nəşrlərdə insanların diqqət-nəzərinə çatdırılırdı. Ümumiyyətlə, mətbuatda əksini tapan məlumatlar və televiziya efirində gedən verilişlər özlüyündə insanların, xalqların öz tarixlərini bilməkləri üçün əsasları təqdim etmiş olur. Tarixi məlumatlarla tanışlıq xalqların, sakinlərin özünü dərk etmələri üçün əsasları verir. Şəxsiyyət amili zamandan-zamana keçidlər edir. Tarixdə şəxsiyyətin ictimai bütövlüyü yaranır.
XX əsrin qəzetlərində cəmiyyətdə olan nöqsanlar da ifşa olunub və əhalinin diqqət-nəzərinə çatdırılıb. Belə ki, "Qızıl Şəfəq" qəzetinin 9 may 1929-cu il tarixli N34 (217) sayında yazılırdı: "Pəmbək Lori qəzasının Karaqilis nahiyyəsində Arçut, Qursalı və Saral kəndliləri birlikdə ehtiyaclarını təmin etmək üçün komissiya seçib 200 manat pul yığıb kooperativ açmaq istəmişlər. Komissiya üzvlərindən Süleyman Cəlil oğlu fürsətdən istifadə edərək Hamamlı kəndindən iki inək alıb Qarakilsədə satmaq əlavə, xüsusi mülkiyyətini çoxaltmaq üçün Azərbaycandan parça alıb öz evində satdığı üçün hələ bu zamana kimi kooperativ açılmamışdır. Lazımi idarələr bu kimilərinin qarşısını almalıdır".
O dövrdəki yazılardan biri də diqqəti çəkir. ("Qızıl Şəfəq" qəzeti, N19 (202) sayında). Belə ki, "Malades böylə firkəçi və komsomola" başlıqlı məqalədə yazılırdı: " Bu il yanvar ayının birindən başlamış Ermənistanda şuraların hesabat kampaniyası gedirdi. Firqəmizin qərarı ilə həmin kampaniyada firqəçi komsomollar öz həyat yoldaşlarını, ana və bacılarını cəlb edib başqa zəhmətkeş qadınlarının da 100 faiz iştirakını təmin etdirməli idilər. Ancaq bəzi firqəçi komsomol bunun əksinə təbliğat aparırlar. Misal üçün Karaqilis qəzasının Saral kəndinin bəylərindən firqə üzvü cənab Əbdil Əzim Əbdil Əzimof qadınların iclasda iştirak etməsinə maneçilik edərək camaat arasında təbliğat aparır ki, "düz qadın ora getməz, orada ancaq fahişə qadınlar iştirak edir...Kursalı kəndindən komsomol üzvü Kiyas Alı oğlu kənd məktəbinə öz bacısı və həyat yoldaşını cəlb etməkdənsə, əksinə təbliğat aparır. "Məktəb nədir, qız nədir, ora şeytan yığıncağıdır, ora bic yığıncaqdır, mən bacımı buraxmaram...." Eyni adlı qəzetin 26 sentyabr 1931-ci il tarixli sayında (N108 (535)), "Hamamlı kolxozu "26"lar adına. 57 təsərrüfat kolxoza daxil oldu" başlıqlı məqalədə yazılırdı: "Karaqilsə, 21 sentyabr-26-ların xatirəsini əbədiləşdirmək üçün onların güllələnməsinin 13-cü ildönüm günündə 500 təsərrüfat Hamamlı kolxozunun təntənəli iclasında kolxozu "26"-lar naminə adlandırmaq qərara alındı. Eyni iclasda 57 yoxsul və ortabab təsərrrüfat kolxoza daxil olundu".
"Qızıl Şəfəq" qəzetinin 23 fevral 1932-ci il tarixli (N23 (593) sayında belə bir başlıqlı tənqidi yazı qeyd edilir: "Komsomol komitəsi fiqir vermir". Həmin məqalə mətnində yazılırdı: "Qarakilsə dairəsi türk kəndlərində firqə və komsomol siyasi kursları indiyə kimi açılmamışdır. Bundan başqa bu dairənin Xancığaz, Saral, Arçut kəndlərində komsomol özəklərinin iş planı olmadığından iclasları vaxtlı-vaxtında olmur. Pioner işləri isə ölgün bir haldadır. Maarif şöbəsi kəraətxana açılması işinə fikir vermədiyindən hal-hazırda iki kəraətxana vardır. Bunlar isə kitab və başqa şeylərdən təmin edilmir. Bundan başqa savad kurslarının açılmasına lazımi fikir verilmədiyi kimi, dərs ləvazimatı da vaxtlı-vaxtında verilmir. Müəllimə olmadığından qadınlar kursu dairə kəndlərində açılmamışdır". Həmin qəzetin 13 fevral (şənbə) 1932-ci il tarixli sayında "Qarşısı alınmalıdır" başlıqlı məqaləsində isə yazılırdı: "Qarakilsə dairəsi Arçut kənd müəllimlərinin normaları vaxtlı-vaxtında verilmir. Belə ki, kooperativ sədri Əhməd Bayramov müəllim normalarını başqalarına verdiyi kimi kooperativ işçisi Məlik də dəxi müəllimləri kifayətləndirmir. Bu kimiləri ilə hesablaşmalıdır".
Sözügedən qəzetin 26 aprel 1932-ci il tarixli, (N50(620)) sayında Mutlu imzası ilə yazılan, "Fikir verilməlidir" başlıqlı məqaləsində yazılırdı: "Karaqilsə dairəsi Saral kəndinə verilmiş kartofil toxumu kolxoz sədrinin səhlənkarlığından 20 putu üzvlər arasında bölünərək yeyilmişdir. Kənddə toplanılmış toxum fondu xaraba bir anbara töküldüyündən siçanlar beş putunu xarab etmişdir. Saral, Xancığaz, Arçut camaatının torpaqları düzgün bölünmədiyindən kəndlilər əkəcəkləri yerləri tanımırlar və bunun üzündən də əkin işləri gecikir. Firqə və komsomol özəyi yaz əkini işlərinə qoşulmayaraq, əkinin müvəffəqiyyətlə keçirilməsi haqqında bir nömrə də olsun divar qəzeti nəş edilməmişdir. Əlaqədar idarələr fikir verməlidir".
Ardı var...
Elşən Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. "ARDIC" Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü
5 iyul 2025