BRİKS qrupu yeni dünya nizamına alternativ olmaq istəyir – ÖZƏL

Olaylar.az xəbər verir ki,  "The Japan Times" qəzeti məlumat yayıb ki,  BRİKS ölkələri ABŞ prezidenti Donald Trampın  beynəlxalq arenada yaranan "yumşaq güc" boşluğunu doldurmağa çalışırlar. Qəzet yazır ki, Tramp administrasiyasının beynəlxalq təşkilatlardan çıxması və gömrük rüsumları tətbiq etməsi kimi siyasətlər nəticəsində ABŞ qlobal səviyyədə bir çox tərəfdaşını özündən uzaqlaşdırıb.
Məqalədə bildirilir ki, bu fonunda BRİKS birliyi formalaşmış beynəlxalq düzənə etibarlı alternativ kimi çıxış etməyə çalışır. Bu yanaşma, 6-7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammitində öz əksini tapıb. Sammitdə iştirak edən ölkələr çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və süni intellekt sahəsində beynəlxalq tənzimləmə standartlarının yaradılması kimi məsələlərdə qəti mövqe nümayiş etdiriblər.
Tokio Universitetinin dosenti Sebastyan Maslov qəzetə açıqlamasında bildirib ki, BRİKS "qlobal Cənubun səsi"nə çevrilməkdədir və yeni standartlar ilə qaydalar müəyyən etməyə qadirdir.
Ekspert əlavə edib ki, ABŞ-nin ikinci prezidentlik müddətində Trampın rəhbərliyi ilə ölkə Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Razılaşmasından çıxıb, Ümumdünya Ticarət Təşkilatının fəaliyyətinə zərbə vurub, İran əleyhinə birtərəfli hərbi əməliyyatlar həyata keçirib və beynəlxalq yardımları azaltmağa başlayıb. Bütün bunlar isə, onun fikrincə, qlobal idarəetmədə yaranan boşluğun əsas səbəbləridir və BRİKS bu boşluğu doldurmağa iddialıdır.
Maslov qeyd edib ki, ABŞ-nin "Əvvəlcə Amerika" prinsipinə əsaslanan ticarət siyasəti onu daha da "qeyri-proqnozlaşdırılan" edir. Əvəzində isə BRİKS ölkələri beynəlxalq ticarət qaydalarının və normativlərinin müdafiəçisi qismində çıxış edirlər.
Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılıb. 2011-ci ildə Braziliya, Rusiya, Hindistan və Çinə Cənubi Afrika Respublikası da qoşulub. 2024-cü il yanvarın 1-dən etibarən Misir, İran, BƏƏ və Efiopiya da birliyə tamhüquqlu üzv olaraq daxil olub. 2025-ci il yanvarın 6-da isə İndoneziya BRİKS-ə tam hüquqlu üzv kimi qatılıb. Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam birliklə tərəfdaş statusunda əməkdaşlıq edir.
BRİKS sammitində yalnız üzv və tərəfdaş ölkələr deyil, həm də Meksika, Türkiyə, Uruqvay və Çili kimi digər dövlətlər də iştirak ediblər. Görüşdə əsas müzakirə mövzuları səhiyyə, ticarət, investisiyalar, maliyyə, iqlim dəyişikliyi, süni intellektin idarə olunması, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31