Demokratiya maskası altında təzyiq: Paşinyan bu dəfə kilsəni susdurmaq istəyir- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan Eçmiadzin Kilsəsi ilə bağlı sərt açıqlama verib.
O sosial şəbəkə hesabında yayımladığı paylaşımda bildirib ki, kilsə hazırda antixristian, əxlaqsız, milli maraqlara və dövlətçiliyə qarşı çıxan bir qrupun nəzarətindədir.
Paşinyan qeyd edib ki, Erməni Apostol Kilsəsinin bu qruplardan azad olunmasına şəxsən rəhbərlik etməyi planlaşdırır.

Baş nazir Paşinyanın Eçmiadzin Kilsəsini "antixristian və dövlət əleyhinə qrupların nəzarətində" adlandırması Ermənistan cəmiyyətində kilsə-dövlət münasibətlərinə necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib. Siyasi şərhçinin fikrincə, Paşinyan hazırda onun hakimiyyətinə zərər verə biləcək, dayaqlarını sarsıda biləcək bütün strukturlara qarşı kompleks və planlı tədbirlər həyata keçirir: 

"Paşinyanın hakimiyyətində siyasi müxalifət məsələsi var idi. Demək olar ki, onları seçkilərlə və digər üsullarla məğlub etdi. Hərbi müxalifətə qarşı da bir davranış nümayiş etdirdi. Orada da bir növ qalib gəldi.
Daha sonra sosial sferada və xaricdəki erməni diaspor təşkilatları ilə qarşıdurma müşahidə olundu. Həmin təşkilatların bəziləri Paşinyanın siyasətini tənqid etdi, ona qarşı çıxış etdilər. Lakin nəticədə onlar da məğlub oldular.
İndi isə görürük ki, son mərhələ kilsədir və Paşinyan kilsəyə qarşı sərt addımlar atır. Kilsənin hazırkı rəhbərini hədəfə alıb və bu şəkildə kilsəni zərərsizləşdirmək istəyir.
Bundan sonra hakimiyyətini daha da möhkəmləndirib bu xətt üzrə davam etmək niyyətindədir.
Bu prosesləri demokratik prinsiplərlə əlaqələndirmək nə qədər doğrudur, bu sual altındadır.  Çünki Ermənistan cəmiyyətində gerçək demokratiya heç zaman mövcud olmayıb. Demokratiya adı altında yalnız imitasiya olub - görünən tərəfdə demokratik institutlar olsa da, daxildə vəziyyət fərqli olub. Ermənistanda illər boyunca parlamentdə qanlar tökülüb, siyasi rəqiblərə qarşı zorakılıqlar tətbiq olunub, demokratik mübarizə mədəniyyəti formalaşmayıb. Ermənistanın "demokratiyası" budur.
Bu mənzərədə Paşinyanın özünü demokrat kimi təqdim etməsi də uğursuz alındı. Hər nə qədər bu cür imic yaratmağa çalışsa da, reallıq göstərdi ki, o da tipik bir hakimiyyət hərisidir və əsas məqsədi öz gücünü qorumaq, hətta artırmaqdır.
Burada demokratiyanın heç bir bağlantısı yoxdur. Paşinyan bu yolda qalib gələcəkmi, gəlməyəcəkmi - bu sual açıq qalır. Amma bu günkü gedişat göstərir ki, üstünlük hələlik onun tərəfindədir. Gələcəkdə baş verəcəklər isə atacağı növbəti addımlardan asılı olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31