Avropa Parlamenti Gürcüstandakı demokratik geriləmədən narahatdır – ÖZƏL
15:12 DünyaOlaylar.az xəbər verir ki, bu gün Avropa Parlamentində Gürcüstanla bağlı debatlar keçiriləcək və 2023-2024-cü illər üzrə Avropa Komissiyasının hesabatları əsasında Gürcüstanla bağlı qətnaməyə səsvermə olacaq.
Qətnamə layihəsində Avropa Parlamenti Gürcü xalqının Avropa və Avroatlantik inteqrasiyaya can atmasını və ölkədə davam edən dinc etiraz aksiyalarını dəstəklədiyini bildirir. Deputatlar hakimiyyətin zorakı müdaxilələrini, siyasi motivli həbsləri, müxaliflərə və media nümayəndələrinə qarşı zorakılığı qətiyyətlə pisləyir, repressiv "xarici agent" qanununun ləğvini tələb edirlər.
Sənəddə bildirilir ki, Gürcüstanda demokratik geriləmə və 2024-cü ilin oktyabrında keçirilmiş saxtalaşdırılmış parlament seçkiləri Avropa inteqrasiyası prosesini faktiki olaraq dayandırıb. Avropa Parlamenti "Gürcü Arzusu" partiyasının yaratdığı hakimiyyəti qeyri-legitim hesab edir və Gürcüstanı "ələ keçirilmiş dövlət" adlandırır.
Deputatlar Bidzina İvanişviliyə, ailəsinə və şirkətlərinə qarşı sanksiyaların tətbiqini və maliyyə aktivlərinin dondurulmasını təklif edir. Çıxış yolu olaraq isə yaxın aylarda beynəlxalq müşahidəçilərin iştirakı ilə ədalətli parlament seçkilərinin keçirilməsi göstərilir.