Egemen Baxış: “Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir”
5 Noyabr 2013 14:10 SiyasətTürkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Baxış Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) regional əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən aşağıdakıları deyib:
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, biz həqiqətəndə "bir millət, iki dövlətik". Hazırda Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir. Ölkələrimizin enerji sektorundakı sıx əməkdaşlığı (söhbət Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrindən gedir) növbəti bir neçə onilliklər ərzində Avropanın enerji problemlərinin həllində əhəmiyyətli rol oynayacaq.
Bizim rəhbərlərimiz - baş nazir Tayyıb Rəcəb Ərdoğan və prezident İlham Əliyev arasında nümunəvi qardaş münasibətləri var. Liderlərimiz bütün məsələləri səmimi və şəffaf şəkildə müzakirə edirlər. Bu da məndə inam yaradır ki, bizim gələcək münasibətlərimiz bugünkü gündən də parlaq olacaq.
Türkiyənin qonşu dövlətlərlə münasibətlərin gündən-günə gücləndiyi digər bir ölkə isə əlbəttə ki, Gürcüstandır. Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli müttəfiqlik əlaqələri var. Bu münasibətlərin xaricində qalan ölkə isə Ermənistandır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi regional əməkadaşlığa mənfi təsir göstərir.
Əgər biz ötən iyirmi ilə nəzər salsaq, Azərbaycan və Gürcüstanın necə inkişaf etdiyini, Ermənistanın isə inkişafdan kənarda qaldığını görərik. Odur ki, hansı ölkənin nələri itirdiyinin aydın şəkildə görmək olar.
Baki-Tbilisi-Ceyhan kəməri üçtərəfli əməkdaşlığın inkişafı üçün sadəcə bir başlanğıc idi. Sözügedən layihə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsində və qarşılıqlı etibarın yaranmasında çox köməklik etdi.
Mən 10 il bundan əvvəl Gürcüstana etdiyim səfərimi xatırlayıram. O zaman Gürcüstanın dövlət başçısı Eduard Şevardnadze idi. Gürcüstanın iqtisadi durumu o qədər də ürəkaçan deyildi. Yolları bərbad, insanların həyat səviyyəsi təsəvvürə gəlməz dərəcədə aşağı, mən deyərdim fəlakət həddində idi. Lakin regional investisiya layihələrinin həyata keçirilməsi sayəsində bu gün Gürcüstanda vəziyyət çox yaxşılaşıb.
Son 10 ildə Azərbaycan da hədsiz dərəcədə inkişaf edib. Bu gün Azərbaycan və Bakı öz inkişaf tempinə görə dünyanın əsas beynəlxalq ölkələri və şəhərləri ilə rəqabət aparmaq iqtidarındadır. Lakin son onillikdə Ermənistanın əhalisi 4 milyondan 2 milyona enib. Çünki insanlar yoxsulluq və iqtisadi çətinliklərin ucbatından ölkədən baş götürüb gedirlər və kütləvi miqrasiyanın əsas səbəbi Ermənistan hökümətinin öz qonşuları ilə olan problemlərini həll etmək istəməməsindən irəli gəlir. İqtisadi cəhətdən onlar böyük itkidədirlər Təəssüf ki, Azərbaycanın 20 faizə qədər ərazisi hələ də Ermənistanın işğalı altındadır və bir milyona yaxın azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistan özünün işğalçılıq siyasətinə son qoymalıdır. Bizim Azərbaycandakı bacı və qardaşlarımız erməni təcavüzündən hələ də əziyyət çəkdikləri üçün Türkiyə Ermənistanla heç bir münasibət qurmayacaq. Rəsmi İrəvan öz vətəndaşlarının maraqlarına cavab verən düzgün qərarlar qəbul etməlidir. Düzgün olan da Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanla yaxşı münasibətlər yaratmaq və bununla da Türkiyə və Gürcüstanla da yaxşı münasibətlər qurmaqdır ki, ermənilər də həmçinin onların xeyrinə olacaq regional investisiya layihələrinin bir hissəsindən yararlana bilsinlər. Lakin bunun üçün onlar düzgün qərarlar verməlidirlər" .