Fikrət Məmmədov və Ramiz Rzayev Sinqapura səfər ediblər
5 Noyabr 2013 12:46 SiyasətDünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə sistemində İKT-lərin istifadəsində böyük nailiyyətlər əldə etmiş Sinqapurda səfərdə olublar. Səfər zamanı Sinqapurun Ədliyyə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanda məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, yeni innovasiyaların və qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işlər qeyd edilib, hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimi barədə məlumat verilib. Sinqapurun ədliyyə üzrə dövlət naziri xanım İndranee Rajah hüquqi sahədə əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb, ölkəmizdə qısa müddətdə əhatəli və kompleks şəkildə aparılmış məhkəmə-hüquq islahatları nəticəsində əldə olunmuş nailiyyətləri təqdir edərək bu münasibətlə Azərbaycan tərəfini təbrik edib. O, hakimlərin seçimi ilə bağlı qazanılmış müsbət təcrübəmizin yüksək təəssüratlar yaratdığını vurğulayıb. Səfər çərçivəsində həmçinin, Sinqapur Ali Məhkəməsinin sədri Sundareş Menon ilə görüş keçirilib.