“Azərbaycan vasitəçilik missiyasını dəyişdirə bilər” - AÇIQLAMA

Akif Nağı: “Minsk Qrupu məsələ barədə obyektiv mövqe nümayiş etdirmədikcə, Ermənistan Qarabağdan çəkilmədikcə görüşlər heç bir səmərə verməyəcək”

"Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ATƏT-in Minsk Qrupu həmsədrlərinin region səfərini dəyərləndirib. A.Nağı bildirib ki, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətində yenilik gözlənilmir. Həmsədrlər sadəcə olaraq tez-tez Azərbaycan və Ermənistan prezident, həmçinin xarici işlər nazirlərinin görüşünü təşkil etməyə çalışırlar. QAT sədri hesab edir ki, ikitərəfli görüşlərin keçirilməsinə edilən cəhdlər, Minsk Qrupunun fəaliyyətsizliyinin ört-basdır edilməsinə hesablanıb. Nəticə əldə edə bilmədiklərinə görə, həmsədrlər bu cür addımlar ataraq fəaliyyət göstərmələri haqqında görüntü yaradırlar. Akif Nağı qeyd edib ki, indiyədək Azərbaycan və Ermənistan prezidentlərinin 46 görüşü baş tutub, heç bir nəticəsi də olmayıb: "Mətbuatda piar xarakterli yazılar dərc olunur, guya ki, Rusiya Dağlıq Qarabağ münaqişəsilə bağlı öz mövqeyini müəyyənləşdirib və Dağlıq Qarabağ ətrafında olan 5 rayon Azərbaycana qaytarılacaq. Bütün bu məlumatlar məsələni Rusiyanın nəzarətində olmasını gündəmdə saxlayan faktordur. Rusiya belə yollarla çalışır ki, Azərbaycan münaqişənin həlli üçün hər hansı bir varianta əl atmasın. Azərbaycan vasitəçilik missiyasının dəyişdirilməsini tələb edə bilər. Həmçinin Azərbaycanın mümkün variantlar nəticə verməyəcəyi təqdirdə hərbi yola əl atması da mümkündür. Bu isə Rusiyanın maraqlarına uyğun gəlmir. Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasının komandanı absurd bəyanatla çıxış etdi ki, Azərbaycan Dağlıq Qarabağa hücum edəcəyi təqdirdə rus qoşunları Ermənistana kömək edəcək. Bu tamamilə qeyri-hüquqi məsələdir. Minsk Qrupu məsələ barədə obyektiv mövqü nümayiş etdirmədikcə, Ermənistan Qarabağdan çəkilmədikcə görüşlər heç bir səmərə verməyəcək". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00