Milli Şura daxilində ziddiyyətlər artır - SİYASİ ANALİZ

Müsavat qurumu dağıtmaqda israrlıdır

Milli Şura daxilində narazılıq genişlənir. Aşkar görünən odur ki, Müsavat Partiyası qurumu dağıtmağa çalışır. "Yeni Müsavat" qəzeti qovğaya Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlini də qatmağa çalışsa da, sabiq aday bu fitnəyə getməyib. O, bildirib ki, Müsavat Partiyası və Liberal Partiyası arasındakı qalmaqalda üçüncü tərəf olmaq istəmir.  Cəmil Həsənli mətbuata açıqlamasında bildirib ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Liberal Partiyanın sədri Əvəz Temirxanın söylədiklərinin hamısı xırda məsələlərdir, üçüncü bir söz demək niyyətində deyil. Qeyd edək ki, Əvəz Temirxan APA-ya açıqlamasında Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri olmuş Arif Hacılının Liberal Partiyanın təmsilçilərinin prezidentliyə namizədin vəkili kimi sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə mane olduğunu bildirib. Əvəz Temirxan Cəmil Həsənlinin bununla bağlı iki dəfə Arif Hacılıya zəng açsa da, Arif Hacılının onun xahişlərini də yerinə yetirmədiyini söyləyib. Göründüyü kimi, təkcə Rauf Arifoğlu deyil, Müsavat Partiyasının digər funksionerləri də seçki dönəmində, seçkidən sonra Milli Şuraya zərbə vurublar, partiyaların qurumdan ayrılmasına rəvac veriblər.  Bu siyasət indi də davam edir. Rauf Arifoğlunun qəfildən "AXCP ilə Müsavat birləşsin, Cəmil Həsənli sədr olsun" təklifi də təsadüfən ortaya atılmayıb. Müsavatçı baş yazar bütün gücü ilə çalışır ki, Milli Şura dağılsın, onun və Pənah Hüseynin söz sahibi olduğu  İctimai Palata bərpa edilsin. Əslində İP buraxılmayıb, sadəcə, Müsavatın Palatanın işini bərpa etməyə gücü yoxdur. "AXCP ilə Müsavat birləşsin, Cəmil Həsənli sədr olsun" əslində bu cür oxunmalıdır: "Rüstəm İbrahimbəyov, Eldar Namazov, El hərəkatı çıxıb getsin, ortada yenə Müsavatla AXCP qalsın". Müsavat ALP-ni küsdürüb uzaqlaşdırmağı bacardı, Rəsul Quliyev Lalə Şövkət kimi emosional siyasətçi olmadığı üçün onu uzaqlaşdırmaq mümkün olmur. Milli Şuranın Rauf Arifoğlu, Arif Hacılnın (yeri gəlmişkən, indi məlum olur ki, İsa Qəmbər də bu işin içindədir, başqan köhnə sistemin dağılmasında maraqlı deyil, Milli Şuranın dağılmasını istəyir) təpkilərinə rəğmən dağılmaması həm Ziyalılar Forumu, həm də AXCP-nin bunu istəməməsi ilə bağlıdır. AXCP Milli Şuranı qoruyub saxlamaq istəyir. Güman ki, belə də olacaq. Şura sırf Müsavata inad qalacaq.

Arif Hacılının Milli Şuraya qarşı hərəkətinin də motivi maraqlıdır. MİP rəhbəri başqan postunun bir addımlığındadır. Rauf Arifoğlu AXCP-nin nəzarətində olan Cəmil Həsənliyə təsir göstərib, ALP əleyhinə danışdıra bilməsə də, Hacılıya təsir edə bilib. Görünür, tərəflər arasında anlaşma olub ki, Hacılı Milli Şura əleyhinə piara dəstək verir, qurumun dağıdılmasında aktivlik edir, əvəzində başqan seçimlərində Rauf Arifoğlundan dəstək alır.

Bəs Arif Hacılı və Rauf Arifoğlu İsa Qəmbərin də marağında olan Milli Şuranın dağıdılması planını həyata keçirə biləcəklərmi? Müşahidələr göstərir ki, ənənəvi müxalifət öncəki mövqelərini əhəmiyyətli dərəcədə itirib. Müsavat proseslərə təsir etmir, əksinə arxasınca düşür. Yayda Qərbin, para aldıqları digər dairələrin aşkar təzyiqinə rəğmən İsa Qəmbər Rauf Arifoğlunun "rus projesi" adlandırdığı Milli Şuradan imtina edə bilmədi. Arif Hacılı müxalifətdən dışlanmaq qorxusu altında Şuraya girməyə məcbur oldu. Seçki dönəmində Rauf Arifoğlu təkrar-təkrar "Milli Şura rus layihəsidir" desə də, bu günə qədər Müsavat Şuranın üzvüdür. Normal demokratik partiya olsaydı, Rauf Arifoğlu Müsavatdan istefa verməli idi. Əgər partiyan sənin düşmən saydığın bir ölkənin layihəsinə qoşulursa və sən də bunu durdura bilmirsənsə, atacağın tək addım istefa ola bilər. Baş yazar bunu da etmədi. O zaman demək ki, bir gözləntisi var. Bu gözlənti Müsavatın MŞ-dan istefası ola bilər. Proseslər ona doğru aparır. Milli Şura dağılmasa, böyük ehtimalla, Müsavat qurumdan çıxacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00