Elxan Şahinoğlunda Müsavatla bağlı məxfi məlumat var

Politoloq: “Onun başqan seçilməsi Müsavatın sonu ola bilər”

"İsa Qəmbər birmənalı şəkildə partiyadan getməlidir. Əgər müxalifət hakimiyyəti dəyişməməkdə ittiham edirsə, birinci növbədə özü dəyişməlidir. 20 ildir ki, müxalifət liderləri dəyişməz olaraq qalır. Həmin illər ərzində subyektiv və obyektiv səbəblərə görə, hakimiyyətə gəlmək imkanları da olmayıb. İsa Qəmbər də bunları nəzərə alıb Müsavat Partiyasını tərk etməlidir" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Müsavat Partiyasının başqanı İsa Qəmbərin qurumda tutduğu postdan istefa verəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib. E.Şahinoğlu hesab edir ki, başqan başqalarına da yol açmalıdır. Bəzi müxaliflər iddia edirlər ki, İsa Qəmbər partiyadan istefa versə, Müsavat dağılacaq. Politoloq bildirdi ki, müxaliflərin bu yanaşması heç də düzgün deyil, tənqid olunası yanaşmadır: "Ortaya sual çıxır ki, bu necə qurumdur ki, başqanın getməsilə partiya dağılır? Partiyanın başqa xarizmatik fiqurlara ehtiyacı var. Müsavatda başqan dəyişikliyi üçün keçirilən seçkilərdə İsa Qəmbər hər hansı bir namizədə dəstək verməməlidir. Başqanın dəstəklədiyi namizədin seçilmə şansı daha yüksək olacaq, bu isə seçkinin demokratik məcrada keçirilməsini şübhə altına alacaq". E.Şahinoğlu qeyd etdi ki, Müsavatda kimin başqan olmasından asılı olmayaraq siyasi rəqabətə dözməyi bacarmalıdır. Əgər Müsavat İsa Qəmbərdən sonra ciddi fiquru başqan kimi seçə bilməsə partiya üçün ciddi problemlər yaranacaq: "Çünki, məndə olan məlumata görə, Müsavat daxilində elə bir fiqur var ki, onun da qurumda iştirak etməsi partiya üçün ciddi təhlükədir. Onun başqan seçilməsi Müsavatın sonu ola bilər. Başqan postuna namizədlik üçün əsas iki nəfərin - Arif Hacılı və Arzu Səmədbəylinin adları hallanır. Belə hesab edirəm ki, əsas rəqabət də hər iki namizədin arasında olacaq. Bu o demək deyil ki, Arzu Səmədbəyli qalib gələcəyi təqdirdə Arif Hacılı və adamları partiyadan çıxacaqlar, yaxud da əksinə. Kimin qalib gəlməsindən asılı olmayaraq əks tərəf bunu təbii qəbul etməlidir. Bu olmayacaqsa, Müsavat partiyası dağılmadan yaxa qurtara bilməyəcək. Azərbaycan tarixində bu cür hallar baş verib. Hafiz Hacıyevin partiyasını çıxmaq şərtilə, Azərbaycan müxalifətini Müsavatsız təsəvvür etmək mümkün deyil". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00