ATXƏM moldovalı Ombudsmanla görüş təşkil etdi
İlham İsmayılov: “Aureliya Qriqoriunun çıxışı Ombudsman İnstitutunun əsas prinsiplərini siyasi maraqlardan üstün tutduğunu təsdiqləmiş oldu”
4 Noyabr 2013 13:43 SiyasətAureliya Qriqoriu: "Haqq-ədalət Azərbaycanın tərəfindədir"
Moldova Ombudsmanı, xanım Aureliya Qriqoriu ATXƏM-in təklifini qəbul edərək, təşkilatla hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirmişdir. Əməkdaşlıqla bağlı razılığa əsasən Azərbaycana səfəri çərçivəsində Moldovanın Ombudsmanı xanım Aureliya Qriqoriu ilə QHT-lərin, mətbuat nümayəndələrinin və ziyalıların görüşü keçirilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumu tərəfindən dəstəklənən tədbiri giriş sözü ilə açan ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsi barədə Moldova Ombudsmanının çıxışı xanım Aureliya Qriqoriunun insan hüquqlarına nə qədər hörmətlə yanaşdığını və Ombudsman İnstitutunun əsas prinsiplərini siyasi maraqlardan üstün tutduğunu təsdiqləmiş oldu: "Təəssüflər olsun ki, ermənilərin Xocalıda törətdikləri soyqırım aktından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu qətliamlara dünyanın insan hüquqları ilə məşğul olan təşkilatları, həmin hadisələrə fəaliyyət göstərdikləri ölkələrin siyasi maraqları çərçivəsində və ya erməni lobbisinin təsirləri altında münasibət bildiriblər. Bu yanaşma isə öz-özlüyündə insan hüquqları təşkilatlarına inamsızlıq mühiti yaratmaqla, İnsan hüquqları üzrə müvəkkillərin iş prinsipinə də təsir göstərib". İlham İsmayılov qeyd edib ki, Moldova Ombudsmanının Azərbaycanın işğal altında olan torpaqları və Xocalı soyqırımı ilə bağlı səsləndirdyi açıq fikirləri dünyada xristian amilindən yararlanmağa cəhd edən Ermənistan və erməni lobbisinə qarşı olan loyal münasibəti və "toxunulmazlıq" statusunu da zəiflədib: " Dağlıq Qarabağ problemini keçmiş postsovet məkanı ölkələri daha yaxşı qavraya bilir və nəticələrinin region üçün nə qədər ağır nəticələr verdiyini dəqiqliklə hesablaya bilirlər. Biz keçmiş postsovet məkanında olan münaqişə bölgələrinə nəzər salsaq görərik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Gürcüstanın Abxaziya və Osetiya bölgəsi, eləcə də Moldovanın Dnestryanı bölgəsi eyni münaqişə mərkəzlərindən yaradılan və idarə olunan konflikt bölgələridir. Bütün bu bölgələrin bizə verdiyi "töhvə" yalnız xalqlarımızın əziyyət çəkməsi və ölkələrimizin azad bir şəkildə inkişafına mane olan əsas məsələdir. Hesab edirəm ki, biz ölkələrimizin ərazi bütövlüyünün təmin olunmasına və insan haqlarının tam şəkildə bərqərar olunması, demokratik mühütün yaradılması üçün sağlam bir şəkildə əməkdaşlığımızı genişləndirməliyik. Bu əməkdaşlıq yalnız Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının insan hüquqlarının qorunmasına xidmət etməlidir".
Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanın ən ağrılı problemi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. O, qeyd edib ki, Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə riayət etməməsinə görə, bu münaqişə hələ də həllini tapmayıb. Lakin Elmira Süleymanova bu məsələdə Azərbaycanı dəstəkləyənlərin sayının artdığını deyib: "Get-gedə dünyada bizi başa düşənlərin, dəstəkləyənlərin sayı artmaqdadır. Bizi dəstəkləyənlər sırasında ombudsmanlar olub. Onlardan biri də məhz Aureliya xanım oldu ki, Ermənistan parlamentində bu məsələni tam çılpaqlığı ilə həqiqətə uyğun, faktlara əsaslanaraq qaldırdı. Lakin ermənilər heç bir cavab tapmayaraq yenə də öz məkrli siyasətlərini dünyaya nümayiş etdirdilər və xarici ölkənin nümayəndəsinə qarşı qəddarlıqla reaksiya verdilər". Ombudsman bildirib ki, Aureliya həm boyük cəsarət göstərdi, həm də ombudsmana məxsus bir hərəkət etdi: "Bu gün biz Aureliya xanımı yüksək dəyərləndirməkdə haqlıyıq və ona öz təşəkkürümü bildiririk".
Tədbirdə çıxış edən Moldovanın ombudsmanı Aureliya Qriqoriu qeyd edib ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur bu problemin həlli istiqamətində işlər daha da aktivləşdirilməlidir: "Biz bu problemin həlli istiqamətində fəaliyyətimizi artırmalıyıq. Çünki haqq-ədalət Azərbaycanın tərəfindədir". Aureliya Qriqoriu həmçinin, BMT Təhlükəsizilik Şurasının da bir sıra hallarda ədalətli mövqe tutmadığını söyləyib. O deyib ki, Azərbaycan BMT strukturunda, mexanizmində köklü dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etməlidir: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirməkdən imtina edir və məhz bu səbəbdən də mən Azərbaycanın BMT mexanizmində dəyişiklik etməyə təşəbbüs göstərməyə çağırıram". Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Aureliya Qriqoriuya insan hüquqlarını, xüsusən də Azərbaycan xalqının haqlı mövqeyini müdafiə etdiyinə görə təşəkkür edib. Bildirib ki, QHT Forumu bu ildən başlayaraq, öz fəaliyyətləri ilə tarixə imza atan insanlar üçün "Tarixi imza" mükafatını təsis edib və Rauf Zeyni ilk "Tarixi İmza" mükafatını Moldova Ombudsmanı Aureliya Qriqoriuya təqdim edib.
Tədbirdə çıxış edən Üzeyir Hacıbəyli adına Milli Konservatoriyanın rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Qaramanlı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü Cavid Əliyev, Azərbaycanın Milli Qəhramanı Arif Məhərrəmov, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Brliyinin sədri İradə Rzazadə və digər qonaqlar Azərbaycan xalqının müdafiəsində tutduğu ədalətli mövqeyə görə Moldovalı Ombudsmana öz təşəkkürlərini bildiriblər. Tədbirin sonunda Moldovalı Ombudsmana ATXƏM tərəfindən plaket və QHT-lər tərəfindən bır sıra mükafatlar təqdim edilib. Sonra Aureliya Qriqoriu və ATXƏM sədri İlham İsmayılov mətbuat üçün brifinq keçiriblər.
Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Moldova Ombudsmanı Aureliya Qriqoriuya məktubla müraciət edərək, Ombudsmanın Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkür etmiş və xanım Aureliya Qriqoriuya əməkdaşlıq təklif etmişdir. Moldovalı ombudsman da öz növbəsində bu əməkdaşlığa razılıq verərək qısa bir zamanda Azərbaycana səfər edəcəyini bildirmişdi.
Süleyman İsmayılbəyli