Rusiyalı politoloq: “Azərbaycan və Türkiyə Avrasiya İttifaqının üzvü olmağa uyğun gəlir”
“Rusiya həmişə “Şərq Tərəfdaşlığı” Proqramına yarımmüstəmləkə ittifaqı kimi yanaşıb”
1 Noyabr 2013 18:05 Siyasət"Rusiya həmişə "Şərq Tərəfdaşlığı" Proqramına yarımmüstəmləkə ittifaqı, Avropa Birliyinin öz şərq qonşuları üzərində nəzarət həyata keçirmək və "məhdud suverenitet" doktrinasını reallaşdırmaq cəhdi kimi yanaşıb". Bunu rusiyalı politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, AB "Şərq Tərəfdaşlığı" Proqramına üzv ölkələrlə assosiativ saziş imzalamaqla bu ölkələrin siyasətinə nüfuz edə bilər, amma bu ölkələr AB-nin siyasətinə təsir edə bilməz: "Tərəfdaşlıq yarımmüstəmləkə yox, bərabər əsaslarla olmalıdır". S.Markov qeyd edib ki, Rusiya Avrasiya İttifaqını "Şərq Tərəfdaşlığı" Proqramına alternativ kimi deyil, müttəfiq əməkdaşlığının yeni forması kimi yaratmaq istəyir: "Bizim AB üzvü olmaq üçün heç bir şansımız yoxdur. Biz ya onun yarımmüstəmləkəsi olub AB-ni öz resurslarımızla qidalandırmalıyıq, ya da özümüz ittifaq yaratmalıyıq".
Rusiyalı politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə Avrasiya İttifaqının üzvü olmağa uyğun gəlir: "Biz Türkiyəni də gələcəkdə bu ittifaqın üzvü kimi görürük. Sosioloji sorulara əsasən, son bir neçə ildə Türkiyənin AB üzvü olmasının tərəfdarlarının sayı 75%-dən 30%-ə enib. Çünki başa düşürlər ki, onları heç vaxt AB-yə buraxmayacaqlar. Azərbaycan, Türkiyə və Ukrayna qarşısında yalnız bir seçim var - yüksək texnologiyalı istehsalı inkişaf etdirmək istəyirsinizsə, hansısa bazara birləşməli olacaqsınız. Bu ölkələr bu və ya digər bazarı faydalılığına görə seçməli olacaqlar".apa.az