“Hindistanın Ermənistana dəstəyi onu neytral mövqedən uzaqlaşdırır” – Bəhruz Quliyev – ÖZƏL
29 May 2025 14:58 Siyasət"Əvvəlcə qeyd edək ki, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıqlar artıq təkcə bölgə dövlətlərinin deyil, uzaq coğrafiyalarda yerləşən güc mərkəzlərinin də diqqət mərkəzinə çevrilib. Mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü bir sıra ölkələrdə geniş təhlil olunur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert əlavə edib ki, bu görüş Hindistanda da ciddi rezonans doğurub:
"Hindistan mediasında yayımlanan və region üzrə analitiklərin fikirlərinə istinad edən məqalədə Hindistanın İran və Ermənistanla yaxınlaşması və Zəngəzur dəhlizinə qarşı mövqe tutmasının mümkün nəticələri xüsusi vurğulanır. Məqalədə bildirilir ki, Hindistan Ermənistanı qətiyyətlə dəstəkləməklə Azərbaycanın Avropa bazarlarına quru yolunu əngəlləyə və beləliklə, Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə strateji zərbə vura bilər. Bu yanaşma Cənubi Qafqazda yeni güc balansının formalaşmaqda olduğunu göstərir. Azərbaycan isə bu balansın tam mərkəzindədir - həm coğrafi, həm də geosiyasi baxımdan. Zəngəzur dəhlizi ideyası sadəcə nəqliyyat layihəsi deyil. Bu, Asiyanı Avropaya birləşdirən strateji magistral, logistik və iqtisadi inteqrasiyanın simvoludur".
Ekspertin sözlərinə görə, Hindistanın Ermənistana yönəlik dəstəyini artırması və İranı da bu prosesə cəlb etməsi onu regionda neytral mövqedən uzaqlaşdıraraq yeni qütbləşməni sürətləndirə və "Qlobal Cənub"dakı balanslı oyunçu imicinə zərbə vura bilər.
"Hindistanın bu məsələdə Ermənistana yönəlik dəstəyini artırması, eyni zamanda İranı da cəlb edəcəyini iddia etməsi regiondakı tarazlı mövqeyindən uzaqlaşdıra bilər. Onu da qeyd etməliyəm ki, İranın iddia olunan formatda əks "cəbhədə" yer tutması məsələsi hələ sual altındadır. Hindistanın Ermənistanla daha dərin ittifaq qurması istəyi yeni qütbləşməni qaçılmaz edir. Bu isə bölgədə rəqib blokların - bir tərəfdə Azərbaycan, Türkiyə, Pakistan və potensial olaraq Orta Asiya ölkələri, digər tərəfdə Ermənistan, Hindistan və ehtimal edilən İran. Lakin burada diqqətə alınmalı vacib məqam var: Azərbaycanın diplomatik uğurları və çoxşaxəli tərəfdaşlıq siyasəti təkcə region daxilində deyil, beynəlxalq müstəvidə də güclü dəstək qazanır. Avropa İttifaqı ilə enerji əməkdaşlığı, Çinə qədər uzanan Orta Dəhliz layihəsi və BMT platformalarında yüksələn nüfuz Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar yaratmaq niyyətini legitim və qarşısıalınmaz edir. Əgər Hindistan bu məsələdə Ermənistanı birbaşa dəstəkləməklə bölgədə qarşıdurmanın aktiv tərəfinə çevrilərsə, bu, Hindistanın "Qlobal Cənub" çərçivəsində balanslı oyunçusu imicinə zərbə vura bilər. Eyni zamanda Pakistanla münasibətlərin gərginləşməsi də Hindistanın Cənubi Asiyadakı mövqelərinə mənfi təsir edə bilər".
Ekspert sonda vurğulayıb ki, Zəngəzur dəhlizi ətrafında yaranan bu yeni siyasi mənzərə artıq təkcə Cənubi Qafqazın deyil, Asiya və Avropanın gələcək geosiyasi arxitekturasını formalaşdırır. Azərbaycanın bu arxitekturada əsas rol oynaması isə öz suveren hüquqlarına, diplomatiyasına və strateji müttəfiqlərinə əsaslanır. Ona görə də, regiona hər hansı müdaxilədə Azərbaycan faktoru və reallığı nəzərə alınmalıdır.
Səidə Ramazanova