Müasir dünyada multikulturalizmə alternativ yoxdur

Bu yeganə modeldir ki, bir çox etnik qruplar üçün təhlükəsizliyi təmin edir

Noyabrın 1-də 3-cü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri açan Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla bildirib ki, bir sıra ölkələrin sabiq prezidentlərinin, o cümlədən 45 dövlətdən alimlərin, elm və mədəniyyət işçilərinin iştirakı dəyirmi masaya diqqətin yüksək olduğunu göstərir. Multikulturalizmin artıq həyat tərzimizə və dövlətin siyasətinə çevrildiyini vurğulayan natiq bu sahədə olan problemlər, çıxış yolları və onun müasir dünyada əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu gün dünyada müxtəlif xalqlar və etniklərin mədəniyyətinin inteqrasiyası alınarsa bu proses cəmiyyətlərin xeyrinə olar.
Serbiyanın sabiq prezidenti Boris Tadeç bildirib ki, hazırda dünyada multikulturalizmin alternativi olmadığından bu model saxlanılmalıdır:
"Biz çoxqütblü bir cəmiyyətdə yaşayırıq və getdikcə bir-birimizə daha çox yaxınlaşırıq. Multikulturalizm yeganə modeldir ki, bir çox etnik qruplar üçün təhlükəsizliyi təmin edir. Həmçinin bu model demokratiya ilə də bağlıdır. Bu baxımdan məni çox narahat edir ki, müxtəlif ölkələrdən bəyanatlar gəlir ki, multikulturalizm modeli daha işləmir. Ancaq nəzərə alınmalıdır ki, bu modelə bizim alternativimiz yoxdur. Ona görə də bu modelin üzərində israrlıyam. Hesab edirəm ki, yeganə funksional model mədəniyyətə əsaslanan modeldir. Multikulturalizmin alternativi yoxdur, multikulturalizm dəyər sisteminin formalaşmasında bir təməldir. Biz bu modeli saxlamalıyıq".
 İSESCO-nun baş katibi Əbdüləziz Osman əl Tüveyceri qeyd edib ki, bu günkü dünyada çoxlu sayda etnik qruplar, irqlər olduğundan multikulturalizmdən imtina olunmur. Çünki bizə zorakılığa əsaslanan, qan tökülən yox, humanist dünya lazımdır: "Xalqlar və mədəniyyətlərarası dialoqa nail olmaq üçün işğala, qan tökülməsinə son qoyulmalıdır. Dünyada zorakılıq, güc yox, haqq, ədalət qalib gəlməlidir. Gücün diktəsinə imkan verilməməlidir. Biz bütün lazım olan addımları atacağıq ki, dünyada sülh təmin olunsun". Baş katib əlavə edib ki, bu gün BMT öz öhdəliklərini tam olaraq yerinə yetirmir. Dünyada çox insanlar qaçqın həyatı yaşayır, onların evləri dağıdılıb. Bu gün insanlara humanist dünya lazımdır:
" BMT Təhlükəsizlik Şurasının öz öhdəliklərini yerinə yetirməməsi dünyanı uçuruma aparacaq. Biz əgər maksimum səylər göstərməsək, zorakılıq, nifrət fikirlərini dayandırmasaq, multikulturalizm də olmayacaq, dünya cəngəlliyə çevriləcək. İşğaldan, aqressiyadan azad olmalıyıq. Bu zaman dünya daha təhlükəsiz olacaq". O, əlavə edib ki, multikulturalizmin müasir dünyanın reallığına çevrilib.
 "Dini tolerantlıq soaial kapital kimi: Azərbaycanda sosial həmrəyliyin unikal modeli" mövzusunda məruzə edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın tolerantlıq modelinin uzun əsrlik tarixi var. Komitə sədri qeyd edib ki, tolerantlıq münasibətlərin qurulmasında konsepsiya kimi götürülməməlidir: "Tolerantlıq sırf aşağı səviyyədə olan bir məhfumdur, biz bundan daha artığını etməliyik. Əksəriyyətin burda dominantlığı vacib deyil və Azərbaycanda da tolerantlıq sahəsində vəziyyət belə deyil. Bizi maraqlandıran məqam münaqişələrdən yan keçmək olmalıdır. Fərdlər, qruplar arasında müəyyən çətinliklər ola bilər, lakin Azərbaycanın modeli yüksək qiymətləndirilir və ondan istifadə etmək olar. İcmalar daxilində dünyagörüşü ilə bağlı olan fikirlər təbii ki, müxtəlif sistemlər yaradır. Elmi dairələrin işi oxşar məqamları tapıb bunları birləşdirməkdir". E.İskəndərov əlavə edib ki, Azərbaycanda vətəndaş həmrəyliyi həyata keçirilən müxtəlif layihələr vasitəsilə təşviq olunur: "Bu modelimizin uzun əsrlik tarixi var və o bundan sonra da müzakirə olunacaq, dünyanın müxtəlif yerlərində tətbiq ediləcək. İslamın yaratdığı əsərlərin düzgün oxunması, qavranılması da vacibdir və çoxluq bunu təmin etməlidir. İslamın tarixinin təmin edilməsi, Quranda olan kəlamların düzgün oxunması vacibdir". E.İskəndərov Heydər Əliyev Fondunun həyata keçirdiyi bir sıra layihələrin sosial birliyin gücləndirilməsinə yönəldiyini deyib: "Məscidlərin bərpası buna bir nümunədir. Bu yaxınlarda Cənubi Qafqazda ən qədim olan Şamaxı məscidi bərpa olunub. Bakıda da dövlət tərəfindən müqəddəs yerlərin tikintisi, bərpasına böyük diqqət göstərilir". Komitə rəhbəri deyib ki, bu yaxınlarda məşhur sufi ideologiyası ilə məşğul olanlar Bakıya gələcək və "Azərbaycan tolerantlıq məkanı kimi" mövzusunda konfrans olacaq: "Biz hətta multikulturalizm və digər mövzuların araşdırılması üzrə təqaüdlər də ayırmaq istəyirik. Araşdırma aparmaq istəyənlər üçün təqaüd, şərait, qalmaq üçün yer təmin edə bilərik. İcmalar, dinlər arasındakı tolerantlıq münasibətlərinə də toxunan komitə sədri deyib ki, Azərbaycan bu istiqamətdə bir nümunə rolunu oynaya bilər. Bu nəinki bəşəriyyətə, ümumilikdə birgə səylərimizə töhfə verir. Bu səylərin əsas məqsədi toqquşmaların aradan qaldırılması, dünyamızı daha təhlükəsiz gələcək nəsillərə çatdılmasıdır. Belə olan halda svilzasiyalararasında dialoq tam baş tuta bilər".

Rumuniyanın keçmiş prezidenti Emil Konstantinesku qeyd edib ki, mədəniyyətlərarası dialoqda dini məsələlər meydana çıxır ki, bunu inkiçaf etdirmək lazımdır. Dinlərarası dialoq ona görə davam etdirilməlidir ki, müxtəlif dini və soaial statusa malik insanlar bir araya gələ bilsin. Onun sözlərinə görə, Avropa sivlizasiyasının intibah dövründə belə İslam və Xristian dinləri arasında mübadilə olub, indi də müxtəlif fikir ayrılıqlarının olmasına baxmayaraq bu mübadilə davam edir: "Biz dinlərarası dialoq ideyasını yaymalıyıq. Yalnız dinlərarası dialoq nəticəsində bir-birimizi qəbul edə bilərik. Nəzərə almalıyıq ki, İslam, Xristian və Yəhudi dinlərinin hər üçü dünyaya çox böyük töhvə verib".
Avstriya təmsilçisi, şəhzadə, rəssam, sənaye dizayneri Letisiya Françüsko Reus bildirib ki, Bakı şəhərini multikulturalizm paytaxtı kimi qəbul etmək olar. Çünki Azərbaycan bu məsələdə çoxli işlər görüb, təşəbbüslər irəli sürüb: "ABŞ mütəxəssisləri multukulturalizmi incəsənətin tərkib hissəsi kimi qəbul edirlər. Ancaq bunlar nə qədər oxşar olsalar da belə, müasir dünyada multikulturalizm vacib məsələdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00