III Beynəlxalq Humanitar Forum çərçivəsində

“İqtisadi inkişafın humanitar aspektləri” müzakirə edilib

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində dünən "Hilton" otelində "İqtisadi inkişafın humanitar aspektləri" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə açan Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Bakı Beynəlxalq Forumunun əhəmiyyətindən danışıb.  Artıq 3 ildir ki, keçirilən Beynəlxalq Humanitar Foruma ildən-ilə marağın artdığını deyən Şəmsəddin Hacıyev  bildirib ki, forum ötən 3 ildə həm özünü təsdiq edib, həm də beynəlxalq əməkdaşlıq amilinə çevrilib. Onun sözlərinə görə, bu baxımdan III Beynəlxalq Humanitar Forumu öz möhtəşəmliyi ilə seçilir. Belə ki, bu dəfəki Foruma dünyanın 70-dən artıq ölkəsindən nümayəndə qatılıb. "Forumda dünyanı maraqlandıran ən aktual məsələlər müzakirə edilir. Diqqətinizə çatdırım ki, III Beynəlxalq Humanitar Forumunun iştirakçıları arasında 13 Nobel mükafatçısı var. Ümumiyyətlə, forumda dünyanın elmi, siyasi elitası təmsil olunur". Müzakirə edilən mövzu ilə bağlı fikirlərini də diqqətə çatdıran Şəmsəddin Hacıyev deyib ki, iqtisadi inkişaf olmadan humanitar sferada irəliləyiş, və ya əməkdaşlıq çətindir: "Eyni zamanda elmi sahədə nailiyyətlər olmadan iqtisadi sahədə uğur qazanmaq mümkün deyil. Ona görə də həm iqtisadi, həm də elmi sahədə inkişaf baş verməlidir. Bu inkişaf öz-özlüyündə humanitar sahənin inkişafı, qarşılıqlı əməkdaşlığı zəruri edir". Komitə sədri Azərbaycanda da məhz sözügedən sahələrin paralel şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan iqtisadiyyatı inkişaf etdirilməklə yanaşı elm sahəsinə də diqqət artırılır.

Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Böyük Bitaniyanın Uorvik Universitetinin fəxri professoru Lord Robert Skidelski çıxışında dana çox Azərbaycanda həyata keçirilən iqtisadi inkişafa diqqət ayırıb.. Azərbaycanın ildən-ilə iqtisadi sahədə böyük nailiyyətlərə imza atdığını deyən professor deyib ki, paralel olaraq zəngin memarlıq tədbirləri də həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanın Nef6t Fondunun gəlirlərinin 20 faizi ildə memarlıq işlərinə sərf edilir ki, bu da çox təqdirəlayiq bir haldır: "III Beynəlxalq Humanitar Forumun keçirildiyi Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Xalça Muzeyi kimi memarlıq incilərini bu sıraya aid etmək olar. Hesab edirəm ki, adlarını qeyd etdiyim məkanlar XXI əsrin möhtəşəm memarlıq inciləridir".

Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Ukraynadan olan Anatoliy Varfolomeyeviç Raxanskiy çıxşında qeyd edib ki, elm sahəsi bu gün hər bir ölkənin həyatının tərkib hissəsidir. Elm inkişaf etmədən inqtisadi və humanitar sahədə inkişafın qeyri-mümkün olduğunu deyən AŞPA-nın fəxri üzvü  əmin olduğunu bildirib ki, III Beynəlxalq Humanitar Forum elm və humanitar, eləcə də iqtisadi sahədə əmıkdaşlığın daha da genişləndirilməsi üçün gözəl zəmin, imkanlar yaradacaq. Çıxışında oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinə də toxunan ukraynalı qonaq deyib ki, sözügedən tarixdə Azərbaycanda azad, demokratik və şəffaf seçki keçirilib: "Müşahidə missiyasının üzvü kimi mən bu fikirlərimi hesabatımızda da qeyd etmişəm. İndiyə qədər Avropanın 17 ölkəsində seçki müşahidəsi aparmışam. Tam səmimi şəkildə deyirəm ki, heç bir ölkədə Azərbaycanda olduğu kimi möhtəşəm seçki müşahidə etməmişəm. Seçkilərin nəticələri olaraq İlham Əliyevin 84 faiz səs toplayaraq yenidən prezident seçilməsi onu deməyə əsas verir ki, xalq onu sevir, ona etibar edir". Anatoliy Raxaskiy onu da qeyd edib ki, bu eyni zamanda İlham Əliyevin daim xalqla bir yerdə olduğunun göstəricisidir: "İlham Əliyev çox sadə bir insandır. Digər ölkələrdə prezidentlər əlçatmaz olur. Ancaq Azərbaycan prezidenti İlham Əliyev özünü çox sadə aparır. III Beynəlxalq Humanitar Forumunun açılış mərasimi zamanı prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində bizimlə çox səmimi söhbət etdi".

Sonra dəyirmi masa öz işini Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun sədrliyi altında "İqtisadi inkişafın dayanıqlılığı problemi: humanitar aspektin prioritetliyi" bölməsi üzrə davam etdirib. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı professor Finn Kidland " Avropa və Amerika Birləşmiş Ştatları nə düşündürür" təqdimatı ilı çıxış edib. Bildirib ki, 2008-2008-cu illərdə böhran dövrü yaşayan Amerika iqtisadiyyatı indi tədricən özünü dirçəldir. Ekspert Çinin apardığı siyasətin yaxşı heç bir nəticə verməyəcəyini də söyləyib. Təbii ehtiyatlarla zəngin olan Azərbaycan və Qazaxıstanın bu ehtiyatlardan səmərəli istifadə etdiyini deyən Finn Kidland məhz bu səbəbdən hər iki ölkə iqtisadiyyatının inkişaf etdiyini vurğulayıb.

Almaniya Bundestaqının üzvü Helqa Daub  "İqtisadi inkişafın humanitar aspektləri" mövzusunda çıxış edib. Xanım Daub deyib ki, iqtisadiyyatın davamlı olması iqtisadi, humanitar aspektlərdən asılıdır.  Ölkəsində əsasən təhsil və iqtisadi sahələrdəki layihələrə daha çox maliyyə ayrıldığını deyən Bundestaq üzvü iqtisadiyyatın inkişaf etdirilməsi üçün sahibkarlar üçün əlverişli şəraitin yaradılmasını vacib sayıb.

Daha sonra  Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin rektoru İqor Anatolyeviç Maksimtsev "İntelektual resurslar Rusiyanın dayanıqlı inkişafının hərəkətverici amili kimi", Ukrayna prezidentinin müşaviri Yuriy Petroviç Boqutskiy "İqtisadi inkişafın humanitar aspektləri", Belçika Senatının fəxri  spikeri Anna-Mariya Lizin "İki əlaqəli göstərici: iqtisadi inkişaf və ölkədə qadın və kişilər üçün bərabər potensialın formalaşdırılması", Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov "Qlobal iqtisadi inkişafın müasir paradiqması: humanitar aspektlər", litvalı professor Saule Auqaytite "İqtisadi inkişafın dayanıqlılığı aspekti", Neopol şəhərinin meri Luidci de Mağgistris "İqtisadi inkişafın dayanıqlılıq probleminin humanitar aspektləri: Neopol modeli" mövzularında çıxış ediblər. Günün ikinci yarısında dəyirmi masa öz işini "Qlobal iqtisadi sistemin humanitar problemləri" bölməsi üzrə davam etdirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər var. İki gün ərzində Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil edilir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00