Azərbaycan-Macarıstan əlaqələri möhkəm təməllər üzərində qurulub
15:46 Siyasət"Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında strateji dialoqun gücləndirilməsi baxımından əlamətdar hadisıdir. Görüşdə bir çox aktual regional və qlobal məsələlər müzakirə olunub, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Bu mötəbər toptantı TDT-nin beynəlxalq nüfuzunun artdığını və yeni geosiyasi reallıqlar fonunda türk dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Eyvaz Qurbanov deyib: "Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunaraq ciddi mesajlar verib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur: "Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm". Məlumdur ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinii tanıyan ilk dövlətlərdən olub və dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib. Hazırda da analoji dəstək davam etdirilir. Belə ki, Macarıstan şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir.
Azərbaycanla Macarıstan arasında əlaqələr təkcə siyasi, iqtisadi və enerji sahələri ilə kifayətlənməyərək beynəlxalq səviyyəyə yüksəlib. İnkişaf etmiş diplomatik əməkdaşlığın nəticəsi olaraq Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü statusunu qəbul edib. Bu isə təkcə Azərbaycanla deyil, eləcə də türk dövlətləri ilə əlaqələrin inkişafına təkan verən amildir.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə müşahidıçi statusu olan dövlətin ev sahibliyi etməsi əməkdaşlığın ən yüksək səviyyədə olduğunun təzahürüdür. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycanın dövlət başçısı Zirvə toplantısında çıxışında qeyd edib: "Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir. Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur".
Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasında əməkdaşlıq həm də qurumda müşahidəçi statusunda təmsil olunan Macarıstan üçün də sərfəlidir: "Ona görə ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxalq nəqliyyat layihələrinin nəticəsi olaraq türk dövlətləri arasında liqistik sahədə əməkdaşlıq xeyli dərəcədə güclənib. Xüsusən, Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Ölkəmiz hazırda Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir. İndi isə Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Məlumat üçün qeyd edək ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir. Sadalanan faktlar deməyə əsas verir ki, Türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün kifayət qədər potensial mövcuddur ki, həmin imkanlar məhz Azərbaycanın səyi nəticəsində əldə edilib. Başqa sözlə, Türk Dövlətləri Təşkilatı üzvlərinin sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və sair sahələrdə əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu isə türk dövlətlərinin əlaqələrinin getdikcə genişlənməsini, iqtisadi sahədə yüksək nəticələrin əldə edilməsini şərtləndirir.
Zirvə görüşündə qəbul edilmiş Bəyannamə də türk dövlətlərinin birliyini göstərən mühüm sənəddir. Bəyannamədə TDT-nin beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi təşviq edilir. Sənəddə üzv ölkələrin bir-birinin namizədliklərini və təşəbbüslərini beynəlxalq platformalarda qarşılıqlı şəkildə dəstəkləməsi vurğulanır. Xüsusilə, Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və 2028-2030-cu illər üçün ECOSOC-un üzvlüyünə namizədliyinin dəstəklənməsi Türk Dövlətləri Təşkilatının qlobal miqyasda koordinasiyalı fəaliyyətə verdiyi önəmi nümayiş etdirir. Ümumilikdə Budapeştdə keçirilən Zirvə görüşü türk dövlətlərinin siyasi həmrəyliyinin, iqtisadi əməkdaşlığının daha da möhkəmlənəcəyinə əminlik yaradır".