Elçin Xalidbəyli: Ermənistanın sülhə dair iddiaları manipulyativ və qeyri-səmimidir – ÖZƏL

"Ermənistan hər fürsətdə sülh sazişini imzalamağa hazır olduğunu bəyan edir. Bu bəyanatlar ənənəvi olaraq xarici ölkə təmsilçiləri ilə keçirilən görüşlər zamanı səsləndirilir. Təbii ki, bu, genişmiqyaslı siyasi manipulyasiya xarakteri daşıyır. Əslində isə Ermənistan sülhə qətiyyən hazır deyil. Hətta Paşinyan hakimiyyəti sülh istəsə belə, ona bu sazişi imzalamağa icazə verilmir. Buna həm Ermənistanın xarici himayədarları, həm də ölkə daxilindəki radikal, revanşist dairələr mane olur. Onlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına hər vasitə ilə əngəl törətməyə çalışırlar. Bu kontekstdə rəsmi İrəvanın davranışları da heç də təəccüblü deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli söyləyib. O qeyd edib ki, Ermənistanın sülhə dair iddiaları gerçək deyil, çünki o, həm Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına mane olur, həm də Azərbaycana qarşı yönəlmiş separatçı-terrorçu fəaliyyətləri dəstəkləməyə davam edir:

"Ermənistan Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına qayıtması məsələsindən ciddi şəkildə qorxu və narahatlıq keçirir. Bu mövzunun gündəmə gətirilməsi onlarda ciddi təlaş yaradır. Çünki beynəlxalq hüquq normaları Ermənistanın əleyhinədir və Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması ilə bağlı hüquqları tam şəkildə dəstəkləyir. Buna baxmayaraq, Ermənistan bu məsələdən israrla yayınmağa çalışır. Eyni zamanda,  Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən separatçı qurumların fəaliyyətinə də son qoymur. Əksinə, bu qurumların - terrorçu istiqamət daşıyan erməni separatçılarının - Ermənistanda təşkilatlanmasına şərait yaradır və buna göz yumur. Bu fakt bir daha sübut edir ki, Ermənistanın sülhə yanaşması yanlış və manipulyativdir. Bu, əslində beynəlxalq ictimaiyyətin aldadılmasına və Ermənistana əlavə vaxt qazandırılmasına yönəlmiş siyasi xətdir. Lakin Ermənistanda unutmamalıdırlar ki, separatçı-terrorçu qrupların ləğvi və Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma torpaqlarına qayıtması Cənubi Qafqazda davamlı sülhün əsas şərtlərindəndir. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, sadəcə bəyanatlar verməklə kifayətlənməməlidir. O, həm Qərbi azərbaycanlıların yurdlarına qayıtmasına şərait yaratmalı, həm də separatçı-terrorçu qrupların fəaliyyətinə son qoymalıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31