"Azərbaycanın Orta Dəhlizdə rolu getdikcə artır" – Elşad Həsənov- ÖZƏL
16:11 Siyasət"Mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçirildi. Görüşdə bəyannamə qəbul olundu və bəyannamədə bir çox önəmli məsələlər əksini tapdı. O cümlədən Azərbaycanın Orta Dəhlizdə mühüm rol oynaması və bu mövqeyinin getdikcə daha da artması qeyd olundu".
Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycan Prezidenti bildirdi ki, keçən il Xəzər dənizi üzərindən daşımalar 11 milyon ton təşkil edib. Artıq Ələt limanının yükdaşıma gücünün 25 milyon tona çatdırılması qarşıya məqsəd qoyulub və biz bunu hədəfləmişik. Bu da Orta Asiya və Azərbaycan üzərindən daşımaların miqyasının nə qədər böyük olduğunu və əhəmiyyətinin getdikcə artdığını göstərir.
Eyni zamanda, bu daşımaların rəqəmsallaşdırılması çox müsbət təsir göstərəcək. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə əsas məsələlərdən biri də Kipr məsələsinin danışıqlar və sülh yolu ilə həllinə dəstək verilməsi idi. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə səylərini artıracaq.
Həmçinin, Türk Dövlətləri Təşkilatının üzvlərinin beynəlxalq təşkilatlarda təmsil olunması və irəliləməsi üçün digər dövlətlər onlara dəstək göstərəcək. Bu, olduqca mühüm məsələdir.
Diqqət çəkən məqamlardan biri də Türk Dövlətlərinin birlikdə terrorçuluğa və kibercinayətkarlığa qarşı mübarizə təşkil etməsidir. Eyni zamanda təşkilatın büdcəsinin artırılması da burada böyük rol oynayır.
Orta Asiya ölkələrinin Yunanıstanda səfirlik açması məsələsi də gündəmə gətirildi. Bu addım Türk Dövlətləri Təşkilatının birliyinə müəyyən mənada zərər vurdu. Çünki Avropa İttifaqı 12 milyard dollar həcmində Orta Asiyaya yardım edəcəyini və bunun müqabilində Yunanıstanda səfirlik açılması və bu ölkə ilə münasibətlərin normallaşdırılması kimi tələblər irəli sürmüşdü. Bu da, təbii ki, təşkilatın birliyinə zərbə vurdu.
Ona görə də zirvə görüşündə məsələ qaldırıldı ki, təşkilatın büdcəsi artırılmalı, üzv ölkələr kənar təsirlərə uymamalıdır. 2025-ci ildə Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü Azərbaycanda keçiriləcək və Azərbaycan ev sahibliyi edəcək.
Bu baxımdan Azərbaycanda baş verən bu hadisələr, ölkənin iqtisadi inkişafı, Orta Dəhlizin gücünün artırılması, Bakı-Tbilisi-Qars xətti üzrə nəqliyyat imkanlarından istifadə olunması böyük perspektivlər vəd edi".
Zeynəb Mustafazadə