“Ermənistan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsində maraqlı deyil…”— ÖZƏL
23 May 20:15 SiyasətRegionda sülhün bərqərar olması üçün aparılan diplomatik səylərə baxmayaraq, Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan imtinası, eləcə də ərazisində Azərbaycanın suverenliyi əleyhinə fəaliyyət göstərən separatçı qruplara göz yumması ciddi suallar doğurur. Bu addımlar Ermənistanın "sülh tərəfdarıyıq" bəyanatları ilə nə qədər uzlaşır? Bu ziddiyyətli yanaşma regionun sabitliyini necə təhlükəyə atır?
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycan sülh danışıqlarını ümumiyyətlə dayandırmalıdır. Ermənistana konkret və sərt şərtlər irəli sürülməlidir.
Ermənistan öz ərazisindəki bölücü ünsürləri susdurmalıdır. Çünki onlar açıq şəkildə Azərbaycan torpaqlarına iddia edirlər. Hətta özünü buraxmış, "Dağlıq Qarabağ Respublikası" adlandırılan qurumun qondarma "prezidenti" bu günlərdə həmin strukturun ləğvi ilə bağlı bir bəyanat verdi. Amma hələ də özünü "Dağlıq Qarabağ Respublikasının prezidenti" kimi təqdim edir. Faktiki olaraq, Ermənistan dövlətinin ərazisində Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə hazırlaşan bir qrup fəaliyyət göstərir. Ermənistan dövləti bu qrupun fəaliyyətini dayandırmalıdır.Ona görə də düşünürəm ki, artıq sülh danışıqları dayandırılmalı və Ermənistana konkret olaraq ultimatum verilməlidir. Yəni o ünsürlərlə bağlı bir qərar verilmədikcə, Azərbaycan bu danışıqları bərpa etməyəcək.Ermənistan çox təəssüflər olsun ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesdə də o qədər aktiv görünmür. Belə başa düşmək mümkündür ki, Ermənistan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsində maraqlı deyil. Əgər maraqlı deyilsə, bizi narahat edən heç nə yoxdur. Azərbaycan bu sərhəd məsələsini istədiyi kimi, özü həll etmək məcburiyyətində qalacaq. Qərbi Azərbaycan İcması açıq şəkildə bəyan edir, Azərbaycan dövlətinin rəhbəri, Prezident İlham Əliyev də bütün çıxışlarında bildirir ki, Azərbaycanın Ermənistana qarşı heç bir torpaq iddiası yoxdur.Yəni bunu deyən tərəfə əl uzatmamaq necə anlaşılmalıdır? Azərbaycan sadəcə olaraq Qərbi Azərbaycan İcmasının üzvlərinin gedib öz ata-baba torpaqlarında yaşamasını, yaxud da o torpaqları ziyarət etməsini istəyir. Biz Ermənistan Respublikası adlı dövlətin ərazisini ələ keçirmək, onu əlindən almaq fikrində deyilik. Azərbaycan bunu dəfələrlə açıq bəyanatlarla bildirib. Prezident İlham Əliyev sonuncu dəfə Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə də eyni fikirləri səsləndirdi.Yəni Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququ olmalıdır. Amma bu, Ermənistana qarşı ərazi iddiası deyil. Bunu başqa necə ifadə etmək olar ki, Ermənistanda da anlasınlar?Ona görə də ən yaxşısı budur ki, Ermənistan indiki şəraitdə öz ərazisindəki anti-Azərbaycan qüvvələrini zərərsizləşdirsin, neytrallaşdırsın. Digər tərəfdən də Qərbi Azərbaycan İcması ilə dialoqa açıq olmalıdır. Yəni açıq şəkildə görüşməlidirlər, danışmalıdırlar.
Onlara bir misal da çəkə bilərik. Məsələn, Qarabağda qalan ermənilərlə Azərbaycan dövləti danışmaq üçün nə qədər cəhd etdi. Halbuki onlar bu danışıqları rədd etdilər. Faktiki olaraq, öz ərazimizdə yaşayan ermənilərlə dövlətimiz danışmaq istədi, amma onlar danışmaq istəmədi. Bu, onların seçimiydi. Hətta sonda Azərbaycan torpaqlarını büsbütün tərk etdilər və çıxıb getdilər. Öz işləridir, qarışmırıq.
Amma Azərbaycan Respublikasında yaşayan Qərbi Azərbaycan kökənli insanlarımız özlərinin yurdu olan Qərbi Azərbaycanda gedib yaşamaq, oranı ziyarət etmək istəyirlər. Bunun üçün də Ermənistan dövləti dialoqdan qaçır. Onların bu qaçışı anlaşılan deyil.Ona görə də düşünürəm ki, Azərbaycan artıq bundan sonrakı mərhələdə daha sərt şəkildə öz mövqeyini ifadə etmək məcburiyyətində qalacaq."
Gülxanım Əliyeva