Rəqəmsal dövr- diplom, yoxsa bacarıq?

Universitet - sadəcə dərs keçilən bina, imtahan verilən otaq, ya da diplom əldə edilən bir mərhələ deyil. Universitet bir dünyadır. Bura gəncliyin ən qaynar dövrünün yaşandığı, fikirlərin formalaşdığı, insanın özünü tanımağa başladığı yerdir. Universitet həm də fərqli düşüncələrin toqquşduğu bir mühitdir.

Əvvəllər universitet oxumaq hər ailənin xəyalı idi. Uşaq ibtidai sinifdən başlardı "ali məktəbə daxil olmalıyam" deyə düşünməyə. Diplom - uğurun, zəhmətin, ağıllı olmağın simvolu sayılırdı. "Universitet bitirib" demək, bir insanın cəmiyyətə hazır olması kimi qəbul olunurdu.

Bu gün isə vəziyyət dəyişib. Universitetlərin sayı artıb, amma onların verdiyi dəyər bəzən sual altına düşür. Görəsən, universitet hələ də əvvəlki qədər vacibdirmi?

Rəqəmsal dövrdə təhsil anlayışı köklü şəkildə dəyişib. Artıq təhsil almaq üçün nə auditoriyaya, nə də müəllim qarşısında oturmağa ehtiyac var. Onlayn platformalar dünya universitetlərinin və sahə mütəxəssislərinin biliklərini bir klik uzaqlığımıza gətirib.

Gənclər indi fərdi maraqlarına uyğun kurslar seçir, 2-3 ayda peşə dəyişə bilir, bacarıqlarını sertifikatlarla sənədləşdirir. Məsələn, bir gənc bu gün marketinq üzrə onlayn təlim alıb, sabah bir şirkətin rəqəmsal reklamlarını idarə edə bilir. İT, dizayn, proqramlaşdırma, tərcümə, video montaj, fotoqrafiya - bir çox sahədə diplomdan çox, bacarıq və təcrübə tələb olunur.

Bu kurslar həm çevik, həm də daha sərfəlidir. Universitetdə 4 il oxumaq əvəzinə, insanlar 3-6 ay ərzində öz sahəsində praktik biliklər qazanır. Xüsusilə iş dünyasının sürətlə dəyişdiyi bu dövrdə belə qısa, məqsədyönlü kurslar cəlbedici alternativə çevrilib.

Ancaq bu yanaşmanın da zəif tərəfi var: Onlayn kurslarda hər şey şəxsin öz öhdəliyinə buraxılır. Maraq, davamlılıq və intizam olmazsa, nə qədər kurs bitirsən də, nəticə əldə etmək çətin olur. Digər tərəfdən, bu kurslar hələ də bir çox rəsmi qurumlar və işəgötürənlər tərəfindən universitet diplomu qədər ciddi qəbul edilmir.

Yəni bəzən kurslar praktik bacarıqları inkişaf etdirsə də, cəmiyyətin və sistemin "rəsmi təhsil" gözləntilərinə cavab verməyə bilər.

Bəzi sahələr var ki, hələ də universitetsiz mümkün deyil. Məsələn, bir həkimin cərrahiyə əməliyyatına yalnız YouTube videolarına baxaraq hazırlaşdığını düşünə bilərsinizmi? Və ya bir mühəndisin bina layihəsini sadəcə onlayn kurslara əsaslanaraq çəkməsini?

Tibb, hüquq, mühəndislik, müəllimlik və digər bəzi sahələrdə akademik baza, elmi metod və ciddi praktika zəruridir. Bu sahələrdə həm nəzəri bilik, həm də real təcrübə tələb olunur. Universitet isə bu mühitin bəlkə də yeganə etibarlı mənbəyidir.

Bundan əlavə, universitet yalnız bilik deyil, həm də şəxsiyyət formalaşdırma mühitidir. Fikir mübadiləsi, debatlar, layihələr, tələbə həyatı - bütün bunlar bir gəncin həm intellektual, həm də sosial inkişafı üçün əhəmiyyətlidir. O mühitdə insan tənqidə açıq olmağı, fərqli baxışlara hörmət etməyi və öz mövqeyini əsaslandırmağı öyrənir. Bunu isə heç bir onlayn platforma tam şəkildə əvəz edə bilmir.

Bəzən iş dünyası diplomu o qədər də vacib saymasa da, bəzi dövlət qurumlarında, akademik sahələrdə və beynəlxalq təşkilatlarda hələ də rəsmi ali təhsil sənədi tələb olunur. Yəni diplomun çəkisi hər yerdə eyni olmaya da bilər, amma bəzi qapıları hələ də yalnız o sənəd açır.

Azərbaycan cəmiyyətində universitet oxumaq hələ də bir prestij məsələsidir. Əksər valideynlər övladlarının ali məktəbə daxil olduğunu eşidəndə özlərini uğurlu hesab edir. Hətta bəzən "oğlum diplomludur", "qızım universitet bitirib" demək bir növ status ifadəsinə çevrilir. Bu düşüncə tərzi illərlə formalaşıb və bu gün də bir çox ailədə hökm sürür.

Əslində, burada pis heç nə yoxdur - valideynlər övladlarının yaxşı gələcək qurmasını istəyir, savadlı olmalarını arzulayırlar. Amma problem odur ki, bəzən bu gözlənti gənclərin maraqları, potensialı və real bacarıqları ilə üst-üstə düşmür. Bir gənc rəqəmsal marketinqdə, qrafik dizaynda və ya proqramlaşdırmada çox bacarıqlı ola bilər, amma valideynin "diplom almalısan" təzyiqi ilə universitetə yönəlir və öz marağından uzaqlaşır.

Yeni nəsil isə bu stereotiplərə qarşı çıxmağa başlayıb. Onlar üçün əsas məsələ pul qazanmaq, yaradıcılıqla məşğul olmaq, sevdikləri işi görmək və azad yaşamaqdır. Onlar diplomun arxasınca yox, bacarıqlarının arxasınca qaçırlar. Amma bu zaman cəmiyyətin və ailənin təzyiqi ilə mübarizə aparmaq da asan olmur.

Mövzu ilə bağlı təhsil tədqiqatçısı Elmin Nurizadə Olaylar.az-a açıqlama verib:

"Ümumiyyətlə, istər 21-ci əsrdə - rəqəmsal dövrdə, istərsə də bundan əvvəlki mərhələlərdə diplom zaman və məkandan asılı olmayaraq heç zaman bilik və bacarıqdan üstün ola bilməz. Diplom sadəcə hüquqi dövlət sənədidir. Diplom, bir ixtisasla bağlı şəxsin kadr kimi formalaşmasını təsdiq edən rəsmi prosedurdur. Onun funksiyası budur.

Biz "diplom universitetdən önəmlidir", "universitet təhsili ancaq diplom üçündür" kimi ifadələrdən çəkinməliyik. Niyə? Çünki hər əsrin öz missiyası var. Bu, artıq başqa bir məsələdir: insanlar daha çox nəyə can atır - bir ixtisasın daha dərindən mənimsənilməsinə, yoxsa onunla bağlı hüquqi göstəricini təsdiqləyən sənədin əldə olunmasına?

Bu, tamam fərqli bir mövzudur. Diplom və sertifikat hər hansı bir təhsil prosesindən keçmək üçün tələb olunan sənədlərdir. Bu belə olub və belə də olacaq. "Diplom ümumiyyətlə heç nəyə yaramır" kimi ifadələrdən uzaq durmaq lazımdır.

Amma təəssüf ki, təhsil prosesi ilə bu hüquqi sənəd arasında  bəzən absurd bir rəqabət yaranır. Bu isə artıq bizim - cəmiyyət olaraq - yanlışlığımızdır. Diplomun öz yeri var, bilik və bacarığın da öz yeri.

Bu gün şirkətlər və işəgötürənlər diplomdan çox bacarığa üstünlük verirlərmi? Bəli, işəgötürənlər istədikləri işçi ilə bağlı həm onun bilik və bacarığını yoxlaya bilərlər - çünki axı bu adam onların müəssisəsində mühüm işləri icra edəcək. Eyni zamanda, həmin şəxsin ixtisas üzrə formalaşmasını göstərən sənədin olub-olmadığını da soruşa bilərlər.

Biz bu prosedurlar arasında olan yanlış yanaşmaları aradan qaldırmalıyıq. Bəli, ola bilər ki, bir şirkətin rəhbəri yalnız şəxsin bilik və bacarığını əsas götürər, diplom tələb etməz. Bu, onun şəxsi seçimidir. Amma başqa bir işəgötürən diplom tələb etsə, biz onu qınaya bilmərik.

İstənilən halda əsas diqqətimizi nəzəri biliklərin və praktiki bacarıqların inkişafına yönəltməliyik. Amma həmin nəzəri bilik və praktiki bacarığı bizə verən, onları cəmiyyət daxilində hüquqi müstəvidə tətbiq etməyə imkan verən diplom da olmalıdır. Dünyada bəli, elə nümunələr var - bəzi milyonçular universiteti yarımçıq qoyublar, diplomları yoxdur.

Ancaq gəlin baxaq, bu insanlar dünya əhalisinin neçə faizini təşkil edir? Universitet oxuyursansa, diplomun olmalıdır. Əgər diplom olmayacaqsa, həmin ixtisası sən başqa yolla, müstəqil şəkildə öyrənəcəksən. Universitet isə verdiyi təhsillə bağlı sənə hüquqi sənəd təqdim etməlidir. O da diplom adlanır. Ona görə bu müqayisəni bir kənara qoymalıyıq. Bu gün onlayn kurslar və sertifikatlar niyə diplomun yerini tutmalıdır ki? Axı diplomla onlar eyni təyinatlı şeylər deyil. Biz yanaşmaları bir qədər düzəltməliyik. Bu məsələdəki absurdluğu aradan qaldırmaq lazımdır".

Universitet diplomunun əhəmiyyəti özündən yox, insanın hədəflərindən, sahəsindən, bacarıqlarından və inkişaf arzularından asılıdır.

Dərs təkcə rəsmi auditoriyalarda deyil, həyatın hər anında, hər yerdə baş verir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31