BAAU-da “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbir keçirilib
23 May 21:23 SosialBakı Avrasiya Universitetinin (BAAU) tərəfdaşlığı, "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək" adlı tədbir Universitetin konfrans zalında keçirilib. Tədbirdə millət vəkilləri, elm və ictimai xadimlər, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbir açılış nitqi ilə BAAU-nun Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeçin çıxışı ilə başlayıb. O, konfransın mahiyyəti, təmsil etdiyi Universitetdə Türk Dünyasıyla bağlı keçirilən dərslərdən, müəllim-tələbə heyətinin bu məsələdəki mövqeyindən və s. danışıb.
Daha sonra çıxış edən "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, AMEA-nın şöbə müdiri, BDU-nun müəllimi, siyasi şərhçi Mübariz Göyüşlü təmsil etdiyi təşkilatın 20 ilinin tamam olduğunu, indiyə qədər Türk Dünyasının birliyi ilə bağlı çoxsaylı çalışmalar həyata keçiridiklərini vurğulayıb. O, icra etdikləri layihənin mahiyyəti, görüləcək işlər barədə də danışaraq, gələcəkdə də bu istiqamətdə çalışmaları gücləndirəcəklərini söyləyib.
Millət Vəkili Ceyhun Məmmədov tədbirin və layihənin əhəmiyyətindən bəhs edərək, Azərbaycanın, Prezident İlham Əliyevin son illərdə Türk Dünyasının birliyi üçün göstərdiyi çalışmalardan söz açıb. Deputat 44 günlük müharibədən sonra Türk xalqlarının inteqrasiyasında yeni mərhələnin açıldığını xüsusi vurğulayıb. Onun sözlərinə görə Zəngəzur dəhlizinin açılma perspektivi bu prosesi daha da gücləndirəcək. C.Məmmədov tədbir iştirakçıları olan tələbə gənclərə Türk Dünyasının birliyi istiqamətində çalışmağı tövsiyyə edib.
BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Seyfəddin Altaylı universitetdə türk xalqlarıyla bağlı tədris prosesindən danışıb. O, türk birliyi ilə bağlı tarixi faktlar səsləndirərək, alimlərimizin bu istiqamətdə daha çox çalışmasının vacib olduğunu qeyd edib.
AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızı bir alim kimi gənclərə ünvanlanan bir sıra tövsiyyələr verib. O, təmsil etdiyi İnstitutun Türk dünyasıyla bağlı apardığı çalışmalar, araşdırmalar haqqında iştirakçılara maraqlı məlumatlar verib.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Elman Cəfərli Türk dünyasının birliyilə bağlı görülən işlərdən maraqlı məqamlar sadalayıb. O, bu çalışmaları genişləndirmək üçün gənclərin çoxsaylı çalışmalarına ciddi ehtiyac olduğunu söyləyib.
BDU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov Türk Dünyasının birliyi, Azərbaycanın bu istiqamətdəki çalışmalarıyla bağlı maraqlı faktlar səsləndirib. O, gəncləri bu mövzuda Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə daha çox diqqət ayırmağa səsləyib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.