“Azərbaycan- Ermənistan arasında vasitəçi lazım deyil”— ÖZƏL

"Əslində, mən düşünürəm ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri məsələsi daha çox diqqətə alınmalıdır. Niyə? Çünki Azərbaycan bir neçə dəfə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında məsələlərin müzakirəsi və ya sülhün imzalanması prosesində əlavə dəstəyə ehtiyac yoxdur". Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.

"Mən hesab edirəm ki, sülh prosesinin və ya sülh sahəsinin maddələrinin razılaşdırılması mərhələsinə çatdığımızı nəzərə alsaq, bu mərhələdə Azərbaycana və Ermənistan tərəfinə vasitəçi lazım deyil. Əgər kimlərsə vasitəçi olmaq və ya prosesə töhfə vermək istəyirsə, o halda Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələlərdə, məsələn, ATƏT-in Minsk Qrupu institutunun ləğvi ilə bağlı və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının  çıxarılması məsələsində Ermənistana çağırış edilməlidir və yaxud da bu istiqamətdə Ermənistana təsir göstərilməlidir.Yəni, vasitəçilik etmək istəyən tərəflər varsa, onlar bu addımları atmalıdırlar. Əks təqdirdə  Azərbaycanla Ermənistan arasında müzakirəsi mümkün olmayan və ya gizli qalan başqa heç bir məsələ yoxdur.Açıq-aşkar   Azərbaycan bəyan edir ki, Ermənistan öz Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ləğv etsin, həmin maddələri qanunvericilikdən çıxarsın. Eyni zamanda, Ermənistan, Azərbaycan kimi, ATƏT-in  Minsk Qrupunun artıq keçmiş Qarabağ münaqişəsi ilə bağlı lazım olmadığını etiraf etsin. Azərbaycanla Avropa İttifaqı arasında bir sıra məsələlərdə fikir ayrılıqları mövcuddur. Baxmayaraq ki, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində rolu gündən-günə artır və bu proses hər iki tərəfin razılığı ilə imzalanmış sənədlərlə inkişaf etdirilir, bəzi Avropa İttifaqı üzv dövlətlər və qurumlar Azərbaycana qarşı anti-Azərbaycan mövqeyindən əl çəkmək istəmirlər. Həmçinin, Azərbaycana qarşı dezinformasiya yaymaq və əsassız iddialar səsləndirmək niyyətlərindən də çəkilmirlər.Bax, bu məsələlər Azərbaycanla Avropa İttifaqı arasında müzakirə olunmalıdır və mən hesab edirəm ki, bu mövzular Azərbaycan-Ermənistan məsələsindən daha çox gündəmə gələcək." 

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31