Azərbaycan TDT üzvləri ilə bütün sahələrdə əməkdaşlığı diqqət yetirir- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakı və verdiyi bəyanatlar olduqca diqqətəlayiqdir. Cənab İlham Əliyev üçün TDT-nin əlaqələr dinamikasındakı sabitlik, sülh konfiqurasiyası önəm daşıyır. Bu məqsədlə Azərbaycan dövlət olaraq TDT üzvlərinin bütün sahələr üzrə institutisional əməkdaşlığına diqqət yetirir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Akşin Kərimov deyib: " Bu, Azərbaycanın TDT çərçivəsindəki iqtisadi, siyasi, mədəni, strateji təhlükəsizlik əməkdaşlığının əhəmiyyətli bir inkişafı təmsil etdiyini göstərir.  Azərbaycan əməkdaşlığa yeni təkan verilməsinin əsasını özünün regional və beynəlxalq maraqları ilə kontekstləşdirir. Eyni zamanda TDT-nin gələcək strateji yerləşdirilməsində mühüm strateji siyasət yürüdür. Azərbaycanın həm Avropa İttifaqı, həm də Çinlə əlaqələrindəki yeni tendensiyalar Orta Dəhlizin əhəmiyyətində daha böyük mənalar yaradır. 
Bu mənada, İlham Əliyev daha geniş rakursdan Avrasiya geosiyasətində təhlükəsizlik nizamının möhkəmlənməsinə xidmət edir. Bunun üçün başqa bir addım kimi TDT-nin strateji vizyonunu qorumaq üçün onun çəkindiriciliyinin formalaşmasına nəzər yetirilir. Ona görə də, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi hərbi əsaslı təhlükəsizliyin TDT daxilindəki funksionallığına böyük önəm verirlər. 
TDT çərçivəsindəki təhlükəsizlik və müdafiə tərəfdaşlıqları regional dizaynda yaranan təhdidlərə çevik reaksiyanı əks etdirən mövqeyə əsaslanır. Bu baxımdan, TDT iqtisadi-ticari potensialı ilə yanaşı, təhlükəsizlik sektorlarındakı əhəmiyyətinə görə də regional və beynəlxalq güclərin diqqətini cəlb edir. 
Nəticə olaraq, İlham Əliyevin Macarıstana səfəri TDT daxilindəki daha dərin əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirir. Bu, TDT-nin özünü qlobal aktor kimi tanıtmasına hesablanmış strategiyanın bir hissəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31