Rəsmi Budapeştin Türk dünyası ilə inteqrasiyaya çalışması təsadüfi deyil- ÖZƏL
22 May 2025 15:48 Siyasət"Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırda da qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Macarıstan isə 2018-ci ildən etibarən TDT-da müşahidəçi statusuna malikdir və son illərdə təşkilatla əlaqələrini daha da gücləndirərək qumun tamhüquqlu üzvü olmağı hədəfləyib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Rəsmi Budapeştin Türk dünyası ilə sıx inteqrasiyaya çalışması təsadüfi deyil. Bu, bilavasitə tarixlə bağlıdır. Mayın 21-də Macarıstanın TDT-nin qeyri-rəsmi ev sahibliyi etməsi də bu baxımdan xüsusi vurğulanmalıdır. Qeyd olunan reallıqlar fonunda iki ölkə arasında dinamik səciyyə daşıyan siyasi dialoq formalaşıb. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelində qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Çoxtərəfli formatlarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ və digər beynəlxalq platformalar çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirib.