Zirvə görüşü bütün türk dövlətləri ilə əlaqələrinin inkişafına müsbət təsir göstərəcək- ÖZƏL

"Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Ölkə liderləri arasında olan dostluq münasibətləri də əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Viktor Orbanın birgə mətbuat konfransında münasibətlərin yüksələn xətlə inkişaf etdiyindən bəhs olunub. Bildirilib ki, Azərbaycan ilə Macarıstan strateji tərəfdaşdır. İki ölkə iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində uğurlu əməkdaşlıq modeli nümayiş etdirir. Azərbaycana sərmayə yatıran macar şirkətlərinin sayı artmaqdadır. Birbaşa aviareyslər isə turizm əlaqələrinin genişlənməsinə və işgüzar səfərlərin təşviqinə töhfə verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib: "Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Macarıstanın yalnız Azərbaycanla deyil, bütün türk dövlətləri ilə əlaqələrinin inkişafına müsbət təsir göstərəcək: "Macarıstan Avropa ilə Türk dünyası arasında körpü qurmağa çalışır. Tarixi köklərimiz və ortaq irsimiz Macarıstanla təbii tərəfdaşlığımızı şərtləndirir. Bu ölkə xarici siyasətində cəsarətli addım ataraq "Şərqə Açılış" doktrinasını həyata keçirməyə başladı və ilk növbədə türkdilli dövlətlərlə münasibətlərini gücləndirdi".
Azərbaycan ilə Macarıstan arasında iqtisadi-ticari əlaqələrin genişləndiyini vurğulayan deputat qeyd edib ki, bu əməkdaşlığın əsasını enerji sektoru təşkil edir: "Macarıstan Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını dəstəkləyən ölkələrdəndir. 2023-cü ildə Azərbaycan qazının Macarıstana ixracına dair razılaşmalar imzalanıb ki, bu da enerji təhlükəsizliyi sahəsində mühüm addım olub. Macarıstan şirkətləri Azərbaycanın "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları da daxil olmaqla əsas neft-qaz layihələrində pay sahibidir. Növbəti il Azərbaycanın quru yataqlarında da Macarıstan şirkətlərinin fəaliyyəti planlaşdırılır. Bu əməkdaşlığın nəticəsi olaraq ötən ildən Macarıstana təbii qazın ixracına başlanılıb". Azərbaycan Prezidenti də qeyd edib ki, ölkəmiz Macarıstanın tələbatı səviyyəsində qaz təchizatını təmin edə bilər. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqına daxildir. Avropa Komissiyasının Azərbaycanı Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş kimi qiymətləndirməsi təsadüfi deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31