“Qərbi azərbaycanlıların yurdlarına qayıdışı regional sülhün əsas şərtidir” – Elçin Xalidbəyli – ÖZƏL
16:04 SiyasətAnkarada keçirilən beynəlxalq konfransa müraciətində Prezident İlham Əliyev bildirib ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı insan hüquqlarının təminatı və bölgədə sülh üçün əsas şərtdir.
Prezident Ermənistanın tarix boyu azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, onların mədəni irsini məhv etdiyini qeyd edərək, İcma ilə dialoqun vacibliyini vurğulayıb. O, qayıdışın ərazi iddiası olmadığını, beynəlxalq hüquqa əsaslandığını və bu məsələnin Azərbaycanın gündəliyində qalacağını bəyan edib.
"Bu mövzu həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün böyük əhəmiyyət kəsb edir. Çünki Ermənistan, Sovet hakimiyyətinin son illərində, bir milyona yaxın azərbaycanlını öz ərazisindən çıxararaq etnik təmizləmə siyasəti həyata keçirmiş və bu insanların hüquq və azadlıqları kobud şəkildə pozulmuşdur. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa belə, bu problem həll olunmadıqca iki ölkə arasında ciddi qarşıdurma mənbəyi olaraq qalacaq. Çünki bir milyona yaxın Qərbi azərbaycanlı öz dədə-baba yurduna qayıtmalıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. O qeyd edib ki, Azərbaycan Prezidentinin prinsipial mövqeyi nəticəsində Ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur və sülhün əldə olunması üçün əsas şərtlər irəli sürülür:
"Bu, son dərəcə vacib məsələdir. Çünki həmin insanlar mülkiyyət hüquqlarından məhrum edilmiş, həyatları təhlükə altında qalaraq zorla, zorakılıqla, təhqiramiz şəkildə doğma torpaqlarından qovulmuşlar. Buna görə də Azərbaycan Prezidenti bu məsələdə tamamilə haqlıdır. Azərbaycan Prezidenti bu reallığı beynəlxalq gündəmə çıxarmaqla Ermənistanın etnik təmizləmə siyasətini bütün dünyaya nümayiş etdirir və ermənipərəst qüvvələrin - yəni beynəlxalq ermənipərəst siyasi dairələrin - manipulyasiya imkanlarını faktiki olaraq sıradan çıxarır. Azərbaycan öz hədəflərinə doğru qətiyyətlə və prinsipial şəkildə irəliləyən bir dövlətdir. Böyük ehtimalla yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq. Ancaq bu sənədin imzalanmasından əvvəl Ermənistan iki mühüm şərti yerinə yetirməlidir. Birincisi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar ləğv olunmalıdır. İkincisi isə ATƏT-ə ortaq müraciət edilərək Minsk Qrupunun ləğvi məsələsi gündəmə gətirilməlidir. Ermənistan istəsə də, istəməsə də bu iki əsas şərti yerinə yetirəcək və yalnız bundan sonra sülh sazişi imzalanacaq. Ardınca isə Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunacaq - bu, qaçılmazdır".
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Ermənistan istənilən hakimiyyətlə Azərbaycanın haqlı şərtlərini qəbul etməyə məcbur olacaq.
"Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına - yəni Ermənistana - dinc şəkildə və beynəlxalq hüquq normaları çərçivəsində qayıdışı təmin olunmalıdır. Yalnız bu halda regionda mövcud olan bütün problemlər həll edilmiş olacaq. Bu prosesin qarşısını almaq mümkün deyil. Hətta Ermənistanda hakimiyyət dəyişsə və Paşinyanı əvəzləyəcək ən radikal, revanşist qüvvələr iqtidara gəlsə belə, heç nə dəyişməyəcək. Azərbaycan bu revanshist və radikal hakimiyyəti də öz şərtlərini yerinə yetirməyə məcbur edəcək. Ermənistanda elə bir siyasi qüvvə yoxdur ki, Azərbaycanın irəli sürdüyü haqlı şərtlərdən yayınmaq gücünə və iradəsinə malik olsun. Hansı hakimiyyətin iqtidarda olması Azərbaycan üçün ciddi əhəmiyyət daşımır. Ermənistan istənilən halda Azərbaycanın bütün şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq. Bu şərtlərdən yayınmaq üçün nə regional, nə də beynəlxalq hüquq müstəvisində hər hansı bir əsas yoxdur. Azərbaycanın mövqeyi haqlı və ədalətlidir. Bu mövqenin arxasında isə Azərbaycan dövlətinin gücü, xalqımızın siyasi iradəsi və Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi dayanır".
Səidə Ramazanova