III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində qloballaşan informasiya məkanında medianın aktual məsələləri müzakirə edilib
1 Noyabr 2013 13:55 SiyasətBu gün III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda panel iclası keçirilib.
Seksiya çərçivəsində keçirilən "Yeni texnologiyalar və müasir media" mövzusunda paneldə açılış nitqi ilə çıxış edən "AzərTAc" Dövlət İnformasiya Agentliyinin direktoru Aslan Aslanov qeyd edib ki, bu paneldə yeni texnologiyaların tətbiq edilməsi üçün faydalı zəmin kimi müasir media məsələləri müzakirə olunur.
A.Aslanov qeyd edib ki, KİV beynəlxalq dialoqun inkişafında mühüm rol oynayır və müxtəlif xalqlar və dövlətlər arasında hərtərəfli əlaqələrin qurulmasına şərait yaradır. Tədbirdə çıxış edən britaniyalı şair və dramaturq Devid Perri qeyd edib ki, o, informasiya şəbəkələrini "ikibaşlı" məfhum kimi nəzərdən keçirir: "Bizim hamımızın ilkin məlumatlara ehtiyacımız var. Media, kommunikasiya və əyləncə heç zaman indiki kimi olmayıb. Son 10 ildə bu sahədə investisiya imkanları texniki inkişafa təkan verən məsələlərdən olmuşdur".
Devid Perri buna misal olaraq hər hansı bir ölkədə pendirin qiyməti, Hollivud ulduzunun şəklinin çəkilməsi kimi xəbərlərin nə dərəcədə lazımlı olub-olmadığını vurğulayıb. O qeyd edib ki, ənənəvi olaraq faktlar hər şeydən üstün tutulmalıdır.
Tədbirdə iştirak edən ABŞ Kolumbiya Universitetinin Yaxın Şərq İnstitunun dosenti Devid Kameron Kazel media informasiya axının çoxluğunu vurğulayıb.
O qeyd edib ki, qəzetlər çox faydalı, lakin çox konkret və məhdud bir vasitədir. Devid Kameron Kazel bildirib ki, amma sosial şəbəkələr vasitəsilə hər yerdə məlumat almaq çox asandır. Onun sözlərinə görə, sosial şəbəkə aparıcı qüvvədir. Buna misal kimi o, İstanbulda Taksim meydanında baş verən hadisələr barədə "Twitter" vasitəsilə xəbərlərin necə tez bir zamanda dünya ictimaiyyətinin diqqətinə çatdırılmasını göstərib. Tədbirdə iştirak edən Türkiyənin "Anadolu" xəbərlər agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Kamal Öztürk çıxışı zamanı bildirib ki, ənənəvi media vasitələri yeni sosial media qarşısında nə edə bilərlər? Onun fikrincə, çox məşhur olan qəzet və jurnallar sosial media qarşısında bağlanır. O, bundan sonra artıq qəzetlərin öz fəaliyyətlərini dayandıracaqalrını bildirib.
Kamal Öztürkə görə, gələcəkdə onlayn qəzetlər artacaq. "Biz rəqəmsal dövrün içərisindəyik. Bu bizim yaşantımıza təsir edən bir dövrdür". K.Öztürkün sözlərinə görə, televiziyaların qəzetlərə görə şansı daha böyükdür. Agentliyin rəhbəri qəzetlərin bundan sonra da böhran yaşayacaqlarını qeyd edib.
Tədbirdə Ruminiya "AGERPRES"in Baş direktoru Aleks Giboy və Qazaxıstanın "Kazinform" agentliyinin Baş direktoru Dauren Diyarov da müzakirələrə qoşularaq, öz fikirlərini bölüşüblər.