“İnformasiya mətbuata rus kəşfiyyat orqanları tərəfindən sızdırılıb”

Akif Nağı: “Strateji, iqtisadi və bir çox məqamlara görə Azərbaycanın həmin layihələrdə iştirak etməsi Ermənistanla müqayisədə Rusiya üçün çox vacibdir”

Qərb mənbələrindən "musavat.com" saytına daxil olan məlumatda deyilir ki, Azərbaycan Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulacağı təqdirdə Rusiya Dağlıq Qarabağ ətrafında olan 5 rayon, üstəgəl Laçının 13 kəndini geri qaytaracaq. Kremlin Qarabağın açarını artıq diplomatik masa üzərinə qoyduğu bildirilir. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, məlumat qeyri-rəsmi mənbəyə əsaslanıb və Dağlıq Qarabağ probleminin Rusiya tərəfindən ortaya atıldığı, həmçinin nəzarətin də onun əlində olduğu hamıya bəllidir: "Həmin məlumatda arqumentlərlə göstərilir ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın nəzarətindən çıxa bilər. 1994-cü ilə qədər Rusiya atəşkəsin əldə olunmasına mane oldu, lakin sonradan məcbur olub özü bu qərara getdi. Atəşkəs rejimini öz nəzarəti altında saxlamağa çalışdı. Rusiya hər halda münaqişənin onun nəzarətindən çıxacağından ehtiyat edir, bununla bağlı müəyyən dəyişiklik edə bilər. Lakin Rusiyanın müəyyən gedişlərlə 5 rayon, həmçinin Laçının 13 kəndinin qaytarılması məsələsi inandırıcı deyil". Akif Nağı bildirdi ki, Dağlıq Qarabağla bağlı mövcud status-kvonun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəyişdirilməsi Ermənistanın milli maraqlarına uyğun deyil. Rusiya da Ermənistanın müttəfiqi olduğu üçün heç vaxt belə bir qərara getməz. QAT sədri hesab edir ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqında iştirakı da Rusiya üçün prioritet məsələrdən biridir. Strateji, iqtisadi və bir çox məqamlara görə Azərbaycanın həmin layihələrdə iştirak etməsi Ermənistanla müqayisədə Rusiya üçün çox vacibdir: "Rusiya bu istiqamətdə çox səylər göstərir. Məlumat daha çox Rusiya kəşfiyyat orqanlarının ortaya atdığı məsələyə oxşayır. Azərbaycanda ictimai rəyin sakitləşdirilməsinə, həmçinin münaqişənin Rusiyanın nəzarətində olması görüntüsünü yaratmağa xidmət edir. Bu şəkildə nəticələrin əldə olunması inandırıcı deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00