Misir mətbuatı Azərbaycandan yazdı
1 Noyabr 2013 12:48 SiyasətCari ilin 31 oktyabr - 01 noyabr tarixlərində Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən Məhəmməd Ramahın Misirin nüfuzlu "Dostorasly" internet səhifəsində sözügedən Forumla bağlı məqaləsi dərc edilmişdir. M. Ramah 31 oktyabr - 01 noyabr tarixlərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumla bağlı məlumat vermiş, iqtisadiyyat, siyasət və mətbuat sahələrində nobel mükafatı laureatlarının, elm xadimlərinin və digər dövlət nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırmışdır.
Məqalənin müəllifi III Bakı Beynəlxalq Humanitar Forumun siyasi, iqtisadi, humanitar, mətbuat və texnologiya sahələrində mövcud problemlərin müzakirəsi və həlli üçün böyük əhəmiyyət daşıdığını qeyd etmiş, eyni zamanda sözügedən Forumun XXI əsrin qlobal problemlərini, cəmiyyətin inkişafında texnologiyanın rolunu və sosial-iqtisadi durumun yaxşılaşdırılmasını, elm və təhsilin daim diqqət mərkəzində olmasının vacibliyini, biologiya və digər sahələrdə əldə edilən nailiyyətləri, qlobalizasiya dövründə mətbuatın aparıcı rol oynamasını əhatə etdiyini, dünya xalqlarının siyasi, iqtisadi və ictimai sahələrdə üzləşdiyi problemləri və onların həlli məsələlərinə toxunduğunu vurğulamışdır.
Forumun "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" və digər mövzuları əhatə etdiyini vurğulayan müəllif, həmçinin sözügedən Forumun 2010-cu ildən başlayaraq ildə bir dəfə keçirildiyini bildirmişdir.OLAYLAR