“Hazırda Rusiya ilə Türkiyəni sadəcə maraqları uzlaşan, üst-üstə düşən mövqelər birləşdirir.”— ÖZƏL
15 May 16:27 SiyasətTürkiyə, həm NATO üzvü olaraq Qərblə strateji əlaqələri, həm də Rusiya ilə qoruduğu nisbi diplomatik tarazlığa görə, Ukrayna münaqişəsində vasitəçi kimi mühüm rol oynayır. Xüsusilə İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqları, həmçinin Qara dəniz taxıl sazişindəki rolu göstərdi ki, Ankara həm geosiyasi mövqeyinə, həm də balanslı siyasətinə görə münaqişə tərəfləri üçün danışıqlar məkanı kimi qəbul edilir. Bu da onu neytral, amma təsirli vasitəçi kimi önə çıxarır.
Maraqlıdır, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə münasibəti qoruyub saxlaması onun neytral vasitəçi kimi imicini gücləndirirmi, yoxsa riskli vəziyyətə salır?
Mövzu ilə bağlı politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib ki, Türkiyə hazırkı geosiyasi konfiqurasiyanı nəzərə alaraq neytral mövqe sərgiləməyə davam edir və düşünürəm ki, bu, Türkiyənin milli maraqlarına xidmət edən praqmatik bir addımdır: "Çünki adətən, dünyada qütbləşmənin və fraqmentasiyanın baş verdiyi bir dövr konfrantasiyalar və eskalasiyalarla yadda qalır. Belə bir dönəmdə ölkələr öz mövqelərini, öz bloklarını müəyyənləşdirməyə çalışırlar. Bir də var o ölkələr ki, fərqli bloklarla, fərqli dövlətlərlə bərabər səviyyədə münasibətlər qururlar, daha neytral mövqe sərgiləyirlər. Düşünürəm ki, belə dövrlərdə bu cür dövlətlər üçün bu, müsbət faydalar verir.Çünki birincisi, onlar heç bir ölkə ilə əlaqələrini kəsmirlər. O cümlədən Türkiyə də belə edir. Biz görürük ki, Rusiya ilə ticarət və iqtisadi əlaqələrini davam etdirir. Bu, həm Türkiyə, həm də Rusiya iqtisadiyyatları üçün vacibdir. Digər tərəfdən, lazım olarsa, tərəflər arasında neytral mövqedən çıxış edərək vasitəçilik missiyasını yerinə yetirə bilirlər.Eynilə də, Türkiyənin Rusiya və Ukrayna arasında 2022-ci ildə Qara dənizdəki taxıl sazişinin imzalanmasındakı vasitəçiliyini və 2022-ci ilin mart-aprel aylarında keçirilmiş İstanbul danışıqlarını misal çəkə bilərik. Və nəhayət, bu günlərdə İstanbulda baş tutacaq danışıqlarda da Türkiyəni yenidən vasitəçi rolunda görürük. Bu isə, sözsüz ki, ölkənin beynəlxalq imicinin və statusunun artmasına, dövlətlərin Türkiyəyə etibar etməsinə gətirib çıxarır.
Türkiyənin xarici siyasətində bu cür neytral mövqe yeni deyil. İkinci Dünya müharibəsi zamanı da, xatırlayırsınızsa, Türkiyə neytral mövqe sərgiləmişdi və strateji mövqedə yerləşməsinə, müharibə teatrına yaxın olmasına baxmayaraq, müharibədən ən az dağıntılarla çıxan ölkə olmuşdur. Bu baxımdan Türkiyənin hazırkı mövqeyi anlaşılandır.
Amma mən yenə də düşünürəm ki, geosiyasi və hərbi aspektdən baxdıqda, Türkiyəyə tam şəkildə neytral ölkə kimi yanaşmaq doğru deyil. Türkiyə hər şeydən əvvəl NATO üzvüdür. NATO çərçivəsində əməkdaşlıq edir və NATO üzvləri ilə də sıx əlaqələri var. Rusiya özü də başa düşür ki, Türkiyə potensial olaraq təhdid ola bilər. Ona görə də hazırda Rusiya ilə Türkiyəni sadəcə maraqları uzlaşan, üst-üstə düşən mövqelər birləşdirir. Yəni onları heç bir halda tam mənada "yaxın" saya bilmərik.
Bu baxımdan, Türkiyənin əslində sözün bütün mənalarında neytral olması da, düşünürəm ki, tam olaraq doğru deyil. Amma müəyyən mənada - Rusiyaya qarşı sanksiyalara qoşulmayaraq, onunla əməkdaşlığı davam etdirərək - Türkiyə digər ölkələrlə müqayisədə daha tərəfsiz statusunu nümayiş etdirir."
Gülxanım Əliyeva