Bakı ilə sülhə kölgə salmaq cəhdi: Tatoyanın iddialarının pərdəarxası – ÖZƏL

Ermənistan müxalifətinin lideri Arman Tatoyan Azərbaycanın Ermənistan ərazisində yeni hərbi postlar qurduğunu iddia edib. Lakin beynəlxalq və rəsmi mənbələr bu iddianı təsdiqləmir. Ekspertlər bu "hay-küyü" yaxın günlərdə keçiriləcək delimitasiya komissiyasının iclası ilə əlaqələndirirlər. 
Qeyd edək ki, baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi komissiyanın budəfəki görüşünün Ermənistanda keçirilməsi gözlənilir.

Maraqlıdır, Ermənistan müxalifəti bu iddialarla nə etmək istəyir? Bu Paşinyana qarşı təzyiq rıçaqıdır, yoxsa?

"Ölkədə kifayət qədər ciddi gərginlik mövcuddur. Hazırda İran-ABŞ arasında qarşıdurma var. İran həm Azərbaycan, həm də Ermənistanla qonşu dövlətdir. Belə bir şəraitdə sərhədlərin gücləndirilməsi, daha ciddi və etibarlı qorunmasının təmin edilməsi tamamilə normal addımdır. Ancaq Azərbaycan-Ermənistan münasibətləri kontekstində mən bunun üçün xüsusi zərurət görmürəm".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Ekspert bildirib ki, böyük ehtimalla bu, sadəcə dedi-qodu və siyasi demoqogiyadır. Ola bilsin ki, məsələ Ermənistanın daxili siyasəti ilə bağlıdır. Görünür, bu cür mövzuları gündəmə gətirməklə müəyyən qüvvələr diqqəti başqa istiqamətə yönəltməyə və hakimiyyəti nüfuzdan salmağa çalışırlar. Yəni mesaj vermək istəyirlər ki, Azərbaycanla sülh danışıqları aparıldığı halda guya hansısa risklər və təhlükələr mövcuddur. Həmçinin mümkündür ki, bu iddialar delimitasiya prosesinə kölgə salmaq məqsədi daşıyır.

"Ümumilikdə hesab edirəm ki, bu daha çox Ermənistanın daxili siyasi oyunlarının tərkib hissəsi kimi ortaya atılmış bir ideyadır. Hər halda, bunun bölgədəki vəziyyətə və Azərbaycan-Ermənistan münasibətlərinə ciddi mənfi təsir göstərəcəyini düşünmürəm. Daha çox müxalifətin növbəti PR aksiyası təsiri bağışlayır", - deyə ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31