Erməni diasporunun Britaniya “tələsi”: Sülh prosesini baltalamaq cəhdi – ÖZƏL

Zeynal Əmrəliyev: "Rəsmi London parlamentdəki qərəzli müzakirələrə nəzarəti gücləndirməlidir".

Böyük Britaniya parlamentində separatçı Artak Beqlaryanın iştirakı və "Dağlıq Qarabağ" termininin istifadəsi ilə keçirilən dinləmələr Azərbaycan tərəfində kəskin etiraz doğurub. Rəsmi Bakı və QHT-lər bu addımı suverenliyə hörmətsizlik və erməni lobbisinin manipulyasiyası kimi pisləyiblər.
Britaniya səfirliyi isə cavabında parlamentin hökumətdən müstəqil olduğunu və bu müzakirələrin Kral hökumətinin rəsmi xarici siyasətini əks etdirmədiyini bildirib. Səfirlik rəsmi Londonun Azərbaycanın ərazi bütövlüyünü tanıyan mövqeyinin dəyişməz qaldığını vurğulayıb.

"Erməni diasporunun Avropada kifayət qədər tərəfdarı var. Böyük Britaniya parlamentində keçirilən həmin tədbirin də məhz bu diasporla əlaqəli parlamentarilərin səyləri nəticəsində baş tutduğunu düşünürəm. Avropadakı erməni diasporu bu məsələnin artıq başa çatdığını və bir daha gündəmə gəlməyəcəyini qəbul etmək istəmir. Halbuki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, məsələ həm de-fakto, həm də de-yure, yəni faktiki və hüquqi baxımdan yekunlaşıb. Hazırda Azərbaycan və Ermənistan hökumətləri sülh danışıqları prosesində irəliləyirlər və ümumilikdə sülhün əldə olunması üçün müəyyən səylər göstərilir. Bu səyləri baltalamaq və prosesi fərqli istiqamətə yönəltmək məqsədilə diaspor bəzi ölkələrdə maliyyələşdirdiyi və təsir imkanlarına malik olduğu siyasətçilər və diplomatlar vasitəsilə bu cür qondarma tədbirlər təşkil edir.

Ekspert qeyd edib ki, bu cür addımlar məsələnin mahiyyətini dəyişə bilməz və beynəlxalq ictimaiyyətdə Azərbaycanın əleyhinə hər hansı ciddi rəy formalaşdıra bilməz. Sadəcə olaraq, diaspor maraqlarına xidmət edən bəzi siyasətçilər özlərini bu şəkildə gündəmdə saxlamağa çalışırlar. Böyük Britaniyanın verdiyi açıqlama isə, məncə, məsələnin mahiyyətini tam əks etdirmir. Rəsmi London hər halda öz parlamentində keçirilən müzakirələrə daha diqqətlə yanaşmalı və nəzarəti gücləndirməlidir. Ən azı ona görə ki, bu kimi məsələlər əlavə problemlər yaratmasın. Digər dövlətlərin suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə biləcək addımlar parlament müstəvisində səsləndirilərsə, bu, birbaşa olaraq dövlət maraqlarına zərər verə bilər.

"Nəzərə almaq lazımdır ki, Böyük Britaniya ilə Azərbaycanın geniş iqtisadi və siyasi əlaqələri mövcuddur. Çox güman ki, rəsmi London bu əlaqələrin zədələnməsində maraqlı deyil. Bu baxımdan parlamentdə müzakirə olunan məsələlərə daha həssas yanaşılması məqsədəuyğun olardı", - deyə Z. Əmrəliyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31