ABŞ və İran arasında "Hörmüz" qarşıdurması: Ziddiyyətli bəyanatlar – ÖZƏL
16:50 Siyasət"ABŞ-nin hərbi komandanlığının açıqlaması ilə İranın SEPAH qüvvələrinin bəyanatı tamamilə fərqli məzmun daşıyır.
ABŞ tərəfinin açıqlamasında bildirilir ki, Hörmüz boğazı minalanmayıb və ərazidə xüsusi hərbi patrul gəmilərinin yerləşdirilməsi müşahidə olunmur.
SEPAH isə əksinə, bəyan edir ki, boğazdan keçəcək istənilən gəmi uzaq məsafədən - həm artilleriya vasitəsilə, həm də pilotsuz uçuş aparatları ilə vurula və məhv edilə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib. Ekspert bildirib ki, son günlər İran tərəfinin bu istiqamətdə atdığı addımlar göstərir ki, məsələ ilə bağlı səsləndirilən fikirlər sadəcə ritorika deyil.
Bu baxımdan ehtimal etmək olar ki, İran, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu istiqamətdə real addımlar ata bilər. Artıq yayılan məlumatlara görə, yalnız İran və Çin gəmilərinə Hörmüz boğazından sərbəst keçid imkanı verildiyi bildirilir.
"Boğazın bağlanması ilk növbədə dünya bazarında neft və qazın qiymətinin kəskin artmasına səbəb olacaq. Artıq bunun ilkin təsirləri müşahidə olunur və yaxın günlərdə neftin bir barelinin qiymətinin 100 dollar həddini keçə biləcəyi də proqnozlaşdırılır.
Digər tərəfdən, boğazın bağlanmasının münaqişənin ümumi gedişinə təsiri də ciddi ola bilər. Görünən odur ki, tərəflər artıq "qırmızı xətt"ləri keçmək mərhələsinə daxil olublar. Bu kontekstdə boğazın bağlanması ABŞ və İsrail tərəfindən hərbi əməliyyatların intensivliyinin artırılmasına gətirib çıxara bilər. Məqsəd isə boğazın yenidən açılması, Avropa ölkələrinə və dünya bazarına neft tədarükünün əvvəlki qaydada bərpası, həmçinin körfəz ölkələrinin enerji resurslarını maneəsiz şəkildə ixrac etməsinin təmin olunması olacaq", - deyə T. Əliyev vurğulayıb.
Ekspert əlavə edib ki, hazırkı mərhələdə tərəflərin ritorikası kifayət qədər sərtdir və hər iki tərəf əlçatan hesab etdiyi legitim hədəfləri vurmaqdan çəkinmir. Mövcud dinamika onu göstərir ki, tərəflərdən biri geri addım atmayana qədər prosesin gərgin xətt üzrə davam etməsi ehtimalı yüksək olaraq qalır.