“Qəlb cəbhəsi” kitabı Bakı şəhərində təqdim olunub

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" layihəsi çərçivəsində nəşr edilən "Qəlb cəbhəsi" kitabının Bakı şəhərində təqdimatı olub.  Azərbaycan Universitetinin, "Ulduz" jurnalının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələr, yazarlar, ictimaiyyət nümayəndələri iştirak edib.  
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutan tədbiri salamlama nitqi və layihə haqqında geniş məlumat verməklə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar açıb. O Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" layihəsinin mahiyyəti haqqında geniş məlumat verib, layihə çərçivəsində çap olunmuş "Qəlb cəbhəsi" adlı kitabda 44 günlük Vətən müharibəsi iştirakçısı yazarların yaradıcılıq örnəklərinin yer aldığını bildirib. 
"Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair-publisist Qulu Ağsəs çıxış edərək, layihənin önəmindən bəhs edib, istər kitabda yer alan müəlliflərin yaradıcılıq nümunələrini oxumaq, istərsə də müharibə iştirakçısı olan yazarlarla canlı ünsiyyətin gənclər üçün böyük əhəmiyyət daşıdığını bildirib. 
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva bu cür tədbirlərin tələbələr üçün böyük əhəmiyyət daşıdığını, onların bu cür görüşlərdən yüksək təəssüratlarla ayrıldıqlarını bildirib.  
44 günlük Vətən müharibəsinin iştirakçısı, layihə çərçivəsində çap olunmuş kitabın həmmüəlliflərindən olan şair Kərəm Aydın çıxış edərək müharibə haqqında xatirələrini bölüşüb, şeirlər səsləndirib, gənclərin suallarını cavablandırıb.  
Daha sonra Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının dosenti Cəfərova Xəyalə, Ulduz jurnalının şöbə redaktoru, şair Taleh Mansur layihə haqqında fikirlərini bölüşüblər. 
"Qəlb cəbhəsi" kitabında yer almış şeir nümunələri Azərbaycan Universitetinin tələbləri tərəfindən səsləndirilib. 
Sonda "Qəlb cəbhəsi" kitabı gənclərə hədiyyə olunub, tədbirə təltiflər və kollektiv foto ilə yekun vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31