Nə zaman ki Pakistan dövlət müstəqilliyini qazandı… - ÖZƏL

Milli Məclisə Azərbaycan və Pakistan hökumətləri arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişin təsdiqi ilə bağlı qanun layihəsi təqdim olunub. 
Maraqlıdır, bu kimi sahələrdə əməkdaşlıq ikitərəfli münasibətlərə necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az- a açıqlamasında bildirib ki, Azərbaycan-Pakistan münasibətləri digər ikitərəfli münasibətlərdən fərqli olaraq, ümumiyyətlə, dünyada dövlətlər arasındakı ikitərəfli münasibətlərin qurulmasının təməllərindən fərqli olaraq siyasi əsaslar üzərindən yox, mənəvi bağlar və bir növdə minnətdarlıq duyğusu üzərindən qurulub:

"Yəni, nə zaman ki Pakistan dövlət müstəqilliyini qazandı, o zaman artıq milli araşdırmalar başlandı, ölkənin tarixinə bir nəzər salındı və bəlli oldu ki, elə bir zaman olub ki, Pakistanda ciddi bir xəstəlik gəlib və bu xəstəliyin mübarizəsi üçün Azərbaycandan Pakistanda hələ tanınmayan, adı bilinməyən bir ziyalı, bir milyoner, bir missioner onlara dəstək verib və beləcə onlarda, yəni Pakistan tərəfində Azərbaycana qarşı bir təşəkkür duyğularından doğan və bütün müstəqilləri əhatə edən xoş bir münasibət formalaşdı. Yəni Azərbaycan-Pakistan münasibətləri o qədər ciddi təməllər üzərində formalaşıb ki, burada dini dəyərlər var, burada milli dəyərlər var, burada tarixi yanaşmalar var. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, elə bir dəyərlər üzərində qurulub ki, bu münasibətlər siyasi arenada nəyin, necə baş verməsindən asılı olmayaraq bu münasibətlər asan-asan pozulmayacaq müstəvidədir. Yəni Qarabağ münaqişəsi zamanı Pakistanın tutduğu mövqe olsun, eyni zamanda Azərbaycanın beynəlxalq arenada hər zaman təkləndiyi o çətin günlərdə yenə də Pakistandan gələn dəstəklər olsun və ya eyni şəkildə Pakistanın da köməyə ehtiyac duyduğu müxtəlif məsələlərdə Azərbaycanın tərəddüd etmədən Pakistanla həmrəy olması və s. kimi məsələlər onu deməyə əsas verir ki, Azərbaycan-Pakistan münasibətləri kifayət qədər sağlam tellər, sağlam bağlar üzərində qurulub və bu münasibətlərin asan bir əngəllərlə, hər hansı bir maneələrlə pozulacağı qeyri-mümkündür".

Politoloq qeyd edib ki, Azərbaycan və Pakistan münasibətləri siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sürətlə inkişaf edir və bu tərəfdaşlıq gələcəkdə daha da dərinləşəcək.

"Biz bu gün də görürük ki, bizim münasibətlərimiz təkcə siyasi müstəvi ilə də yekunlaşmır, məsələn, sizin də qeyd edə bildiyiniz kimi artıq aqrar sahələrdə anlaşmalar var, mədəni sahələrdə iş birlikləri var, siyasi həmrəylik var. Yəni demək olar ki, bütün sahələrdə, hətta biz hərbi texniki baxımdan da Pakistanın müasir silahlarına müraciət etməkdəyik. Ümumi götürdükdə, Azərbaycan-Pakistan münasibətləri bu gün hərtərəfli inkişaf tempinə malikdir və bu temp artan xətlə davam edib. Gələcəkdə də bunun bu şəkildə olacağı heç kəsə sirr deyil, çünki hər iki dövlət yeni dünya düzənində təmsil olunmaq və öz layiqli, bağımsız yerini tutmaq üçün tərəfdaşlıqlara ehtiyac duyur. Ümumiyyətlə, bütün dövlətlərin - ən güclüdən tutmuş ən zəifə qədər - tərəfdaşlara ehtiyacı var. Tərəfdaşlıq və bu tərəfdaşlıqların sayının artması, tərəflərin artması siyasi güc deməkdir, iqtisadi güc deməkdir, yeniliklərə qapı açmaq deməkdir. O cümlədən də Azərbaycan və Pakistan münasibətlərində yeni yanaşmalar lazımdır, inkişaf qədəri lazımdır, nə qədər çox inkişafa aparacaq layihələr, əlaqələr, münasibətlərin yenisi bəndirilməsi bir o qədər çox fayda deməkdir. Atılan bu və bundan sonrakı addımlar da, eyni zamanda keçmişdə atılmış addımlar da onu deməyə əsas verir ki, Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə davam edəcək və biz bu münasibətlərdən doğan yeni-yeni faydalar, qazançlarla qarşılaşa biləcəyik".

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31