Hindistan və Pakistan hərbi komandanları atəşkəs barədə danışıqlar aparır- ÖZƏL
16:49 DünyaHindistan və Pakistanın hərbi əməliyyatlara rəhbərlik edən komandanları atəşkəs məsələsi ilə bağlı telefon əlaqəsi vasitəsilə danışıqlar aparırlar. Olaylar.az xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, iki ölkə arasında atəşkəs razılaşmasına dair müzakirələr hərbi komandanlar arasında "qaynar xətt" vasitəsilə həyata keçirilir.
Hindistan və Pakistan arasında münasibətlər, 22 aprel tarixində Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Pahalgam bölgəsində baş vermiş terror aktından sonra daha da gərginləşib. 7 may gecəsi Hindistan Silahlı Qüvvələri "Sindur" əməliyyatına başlayaraq Pakistanın və onun nəzarətində olan Kəşmirin müxtəlif nöqtələrinə zərbələr endirib. Cavab olaraq, Pakistan da qarşı tərəfə zərbələr endirib.
10 mayda tərəflər atəşkəs rejimi barədə razılığa gəlsələr də, bir neçə saat sonra Cammu və Kəşmirin bəzi şəhərlərində, həmçinin Pəncab əyalətində pilotsuz uçuş aparatları müşahidə edilib, hava hücumundan müdafiə sistemləri işə düşüb.
12 may tarixində Hindustan Times qəzeti mənbələrə istinadla bildirib ki, Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq, siyasi kontaktlar isə nəzərdə tutulmur.