İlham Əliyev: “Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib”
Bakıda III Beynəlxalq Humanitar Forumu keçirilir
31 Oktyabr 2013 17:16 SiyasətBu gün Bakıda üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Heydər Əliyev Mərkəzində keçirilən Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da forumun rəsmi açılış mərasimində iştirak edib. Forumun açılış mərasimində çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir və Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib. Prezident bildirib ki, humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən məsələlərdir: "Forumun işinə çox böyük maraq var. 70 ölkədən 800-ə yaxın qonaq iştirak edir və demək olar ki, dünya birliyinin böyük bir hissəsinin intellektual elitası bu gün bizim qonağımızdır". Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərildiyini deyən dövlət başçısı qeyd edib ki, bu, daim diqqət mərkəzində olan bir məsələdir: "Hesab edirəm ki, bizim ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıb və bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir". Prezident bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısının, iki dəfə mədəniyyətlərarası dialoq forumu keçirildiyini diqqətə çatdırıb və deyib ki, Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri var: "Əminəm ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcək. Belə tədbirlərin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Çünki bütün dövrlərdə Azərbaycanda yaşayan bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayıblar". İlham Əliyev bildirib ki, Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan tolerantlıq məkanı olub və bu möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycan öz siyasətini qurur: "Azərbaycanda bu gün çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin abidələri, tarixi abidələr qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük Məbədi bərpa edilib. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilib. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir olunub. Bu məscidin 1270 yaşı var. Yəni bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir və vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir. Bir daha qeyd etmək istəyirəm ki, təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir". Prezident İlham Əliyev çıxışında əminliklə bildirib ki, forumun gözəl gələcəyi olacaq və bu beynəlxalq əməkdaşlıq platforması dünyada gedən proseslərə öz müsbət təsirini göstərəcək: "Hesab edirəm ki, bizim hamımızın işi ondan ibarət olmalıdır ki, multikulturalizmin müsbət tərəflərini qeyd edək, onları təbliğ edək və dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyi aradan götürək. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, tarixi keçmişimiz də bunu diqtə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk və bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir". Dövlət başçısı bildirib ki, XXI əsrdə multikulturalizmə alternativ yoxdur, alternativ ayrı-seçkilik, ksenofobiya, islamofobiyadır: "Əlbəttə ki, XXI əsrdə bu xoşagəlməz meyillərə biz biganə yanaşa bilmərik. Ona görə mülti-mədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yəni bəşəriyyət bu istiqamətdə inkişaf edib və bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda multikulturalizmlə bağlı olan problemlər, əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir". Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın təcavüzkarlıq siyasətinə də toxunub. Bildirib ki, uzun illərdir Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları işğal altındadır: "Azərbaycanın əzəli torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgə erməni işğalçı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə salınıb. Torpaqlarımızın 20 faizi işğal altındadır və işğal edilmiş ərazilərdə bizim bütün mədəni sərvətimiz, bizim tarixi, dini abidələrimiz dağıdılıb. İki dəfə beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqelərini sənədlərdə əks etdirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxardılmasını tələb edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarlar, qətnamələr icra edilmir və burada biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq. Onların qəbul etdiyi qərarlar kağızda qalıb, icra edilmir və əlbəttə, bu, dözülməz bir faktdır". İlham Əliyev vurğulayıb ki, bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir: "Azərbaycana gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır. Məsələ ilə bağlı danışıqlar aparılır və əlbəttə ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir, bir milyondan artıq qaçqın, kökçün öz doğma torpaqlarına qayıtmalıdır. Bu, onların fundamental hüquqlarıdır. Bu münaqişə, eyni zamanda insan haqlarının kobudcasına pozulması deməkdir". Dövlət başçısı bildirib ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağına qayıda bilmir: "Bu çox böyük humanitar fəlakət əlbəttə ki, ölkəmizin ümumi inkişafına çox böyük zərbə vurmuşdur".
Sonra Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciəti oxunub. Müraciəti forum iştirakçılarının diqqətinə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko çatdırıb. Kreml rəhbərinin müraciətində Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ildən-ilə artdığı qeyd edilir. Putin müraciətdə əmin olduğunu bildirir ki, forumda məzmunlu və faydalı diskussiyalar, yeni ideya və təşəbbüslər praktikada öz əksini tapacaq.
BMT-nin baş katibi Pan Gi Munun da forum iştirakçılarına müraciəti diqqətə çatdırılıb. BMT-nin Azərbaycan Respublikasındakı resident əlaqələndiricisi səlahiyyətlərini icra edən Dag Siqurdson səsləndirdiyi müraciətdə forumun keçirilməsinə görə Azərbaycan hökümətinə minnətdarlıq ifadə edilir. Baş katib qeyd edib ki, qloballaşan dünyada problemlərin həlli sərhədlərdən kənarda və mədəniyyətlər arasında bu cür geniş əməkdaşlığın olmasını tələb edir.
UNESCO-nun baş direktoru xanım İrina Bokovanın da Forumun iştirakçılarına video müraciəti təqdim olunub. O, qeyd edib ki, III Bakı Beynəlxalq Humanitar Forumu mövcud məsələlərin öyrənilməsi və qlobal humanitar gündəlik çərçivəsində fəaliyyətlərin səfərbər edilməsi üçün yaxşı məkana çevrilib.
İrina Bokova da Forumun keçirilməsi təşəbbüsünə görə Azərbaycan hökumətinə təşəkkür edib. Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edib. Baş direktor da forumun əhəmiyyəti və ona olan maraqdan danışıb. O, ildən-ilə foruma olan marağın artmasını təqdirəlayiq hal hesab edib.
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl çıxışında əsas diqqəti Dağlıq Qarabağ probleminəı yönəldib. Bildirib ki, Ermənistan Qarabağ münaqişəsinin regionun inkişafına mane olduğunu dərk etməlidir: "Problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli və təcili həll olunmalıdır. Hazırda mövcud olan Dağlıq Qarabağ münaqişəsi regionun öz iqtisadi potensialına sahib olmasını əngəlləyir".
Forumun rəsmi açılış mərasimindən sonra tədbir panel iclasla davam edib. Forumun iştirakçısı olan sabiq dövlət başçıları ölkələrində multikulturtalizm sahəsində vəziyyətə dair məruzələr ediblər. Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku müasir cəmiyyətdə humanitar elmlərin rolu haqda məruzə ilə çıxış edib. Panelə Bolqarıstanın keçmiş prezidentləri Jelyu Jelev, Georgi Pırvanov, Latviyanın sabiq prezidenti Valdis Zatlers Azərbaycanın hər il belə bir foruma ev sahibliyi etməsini yüksək dəyərləndirib. Hər üç sabiq dövlət rəsmisi çıxışında Azərbaycandakı iqtisadi inkişafa da toxunaraq ölkəmizin bu inkişaf nəticəsində ildən-ilə müsbət mənada dəyişdiyini söyləyib. Azərbaycanın iqtisadi potensialının artmasından məmnunluq ifadə edən qonaqlar ölkəmizdə iş adamlarına yaradılan şərait, normal sərmayə mühitindən də söz açıblar. Serbiyanın keçmiş prezidenti Boris Tadiç çıxışında deyib ki, dünya ictimaiyyətini təhdid edən münaqişələr tezliklə həllini tapmalıdır: "Belə forumlar vasitəsi ilə dünyanı təhdid edən münaqişələrin həlli yolları tapılmalıdır. Belə forumların keçirilməsi bizlərə münaqişələrin həll edilməsi istiqamətində yeni ideyalar bəxş edir".
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı çıxışında oktyabrın 9-da ölkəmizdə keçirilən president seçkilərinə bir daha qiymət verməklə başlayıb. Rəhbərlik etdiyi qurumun müşahidə missiyasının bir çox seçki məntəqələrində olduğunu və seçki prosesini müşahidə etdiyini deyən Halil Akınçı oktyabrın 9-da Azərbaycanda azad və ədalətli şəkildə seçkilər keçirildiyini diqqətə çatdırıb. O, yenidən dövlət başçısı seçilmiş İlham Əliyevi bir daha təbrik edib. Çıxışında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətinə toxunan natiq təmsil etdiyi qurumun humanitar sahələrdə bir sıra addımlar atdığını, layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Deyib ki, ən mühüm addımlardan biri diaspor sahəsində əlaqələrin inkişaf etdirilməsidir: "Bundan başqa ali təhsil ocaqları arasında əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səfərlər təşkil edirik. Gələcəkdə bu cür səfərlər davamlı olacaq". Halil Akınçı da forumun əhəmiyyətindən danışıb və onu təqdir edib. Günün ikinci yarısında forum fizika, kimya, iqtisadiyyat sahələri üzrə Nobel laureatlarının çıxışları ilə davam edib.
Qeyd edək ki, iki gün davam edəcək Forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcək.
Süleyman İsmayılbəyli