İsrail və Türkiyə razılaşması Bakıda təsdiqlənə bilər- ÖZƏL

İsrailin 11-ci TV-nin məlumatına görə, mayın 8-də Bakıda Türkiyə və İsrail nümayəndələri arasında birbaşa danışıqlar keçirilməlidir. Heç şübhəsiz ki, Bakının Azərbaycana yaxın olan bu iki dövlətin münasibətlərinin normallaşması üçün əməli addım atacağı gözlənilirdi. Sözsüz ki, danışıqlarda regional təhlükəsizlik və xüsusən də hər iki dövlətin Suriyada maraqları  ilə bağlı vəziyyət əsas mövzudur. Siyasi şərhçi Vüqar Dadaşov "Olaylar"a bildirib ki, bütün regionun taleyi İsrail və Türkiyə arasında razılaşmadan asılıdır. Odur ki, İsrail -Türkiyə  danışıqlarını yalnız bu iki dövlətin münasibətlərinə aid hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqin siyasi mənzərəsi bu iki dövlətin maraqlarına uyğunlaşdırılır:

"ABŞ, İsrail və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik danışıqları, təbii ki, Azərbaycanın rəsmi müttəfiqi Türkiyəsiz mümkün deyil. Əgər üçtərəfli belə bir danışıqlar gedirsə demək, Türkiyə də prosesin içindədir. Yəni, İsrail- Türkiyə toqquşmasından söhbət gedə bilməz. İsrail -Türkiyə münasibətlərində aydınlaşma prosesi İsrail baş naziri Benyamin Netanyahunun ABŞ səfəri və Donald Trampla görüşündən sonra konkretləşib. Benyamin Netanyahunun bu günlərə planlaşdırılan Bakı səfərinin, Türkiyə prezidenti Ərdoğanla mümkün görüşünün təxirə salınmasının əsl səbəbi də məhz İsrail və Türkiyə arasında razılaşdırılmamış bəzi məqamların tam həllinə, yaxud ortaq məxrəcə gəlinməsindən sonra görüşün təşkil olunmasıdır. Çox güman ki, İsrail və Türkiyə liderləri Bakı danışıqlarından sonra görüşüb və əldə edilən razılaşmanı rəsmiləşdirmək üçün Bakı seçilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31