Qarşılıqlı gözdağı, yoxsa yeni müharibə? Hindistan-Pakistan müharibəsinə baxış– ÖZƏL

"Pakistan və Hindistan arasında hazırda müşahidə olunan qarşıdurma, əslində bu iki ölkənin yaranmasından sonra davam edən tarixi ziddiyyətlərin növbəti təzahürüdür. Burada söhbət dünya miqyasında hansısa hegemonluq savaşından deyil, konkret mübahisəli ərazilərin həll olunmamasından gedir. Məhz bu səbəbdən Hindistan və Pakistan zaman-zaman bir-birlərinə qarşı sərt addımlar atmaqdan çəkinmirlər".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Hazırkı qarşıdurmanın genişmiqyaslı müharibəyə çevriləcəyi ehtimalı azdır. Çünki bu, nə Rusiya-Ukrayna münaqişəsi kimi qlobal sarsıntı yaradacaq potensiala malikdir, nə də tərəflər belə bir savaşa iqtisadi və siyasi baxımdan hazırdır. Cənubi Asiya regionu çox mürəkkəb coğrafiyaya sahibdir: Hindistan, Pakistan və Çin kimi böyük güclərin hamısı bir-birilə ya rəqabət, ya da açıq düşmənlik münasibətindədir. Bu vəziyyət onlara strateji cəhətdən daha ehtiyatlı davranmağı diktə edir".

Əgər Hindistan və Pakistan arasında münaqişə genişmiqyaslı müharibəyə çevrilsə, istər qalib, istərsə də məğlub tərəf olsun, hər iki dövlətin dünya siyasətində təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq. Bu nöqtədə nüvə silahı faktoruna da toxunmaq vacibdir. Çünki nüvə silahının tətbiqi artıq bir dövlətin digər bütün hərbi imkanlarının tükəndiyi anlamına gəlir. Belə bir addım beynəlxalq müttəfiqlərin belə həmin dövlətdən üz döndərməsinə səbəb ola bilər.

Nüvə silahı sadəcə strateji çəkindirmə vasitəsidir və onun istifadəsi dünyada sabitliyi, ekologiyanı və qlobal sistemi ciddi şəkildə təhdid edər. Bu səbəbdən tərəflər hələ ki, yalnız lokal toqquşmalarla kifayətlənir: Hindistan Pakistandakı müəyyən hədəfləri vurur, Pakistan isə buna cavab olaraq Hindistana zərbələr endirir. Lakin bu qarşılıqlı zərbələr tərəflərin hərbi gücü ilə müqayisədə kiçik miqyaslı sayılır.

Əslində tərəflərin əsas məqsədi bir-birinə gözdağı verməkdir. Hindistan, "güclü ordum və ballistik raketlərim var", deyə mesaj verir. Pakistan isə cavabında bildirir ki, "sən güclü ola bilərsən, amma mən də hazırlıqlıyam və lazım gəlsə, ölümcül zərbələr endirə bilərəm".

Bu hərbi güc göstərmə gələcəkdə müharibəyə çevrilə bilərmi? Bu yalnız o zaman baş verə bilər ki, digər regional və qlobal güclər fərqli münaqişələrə cəlb olunsun və Hindistanla Pakistan özlərini daha rahat hiss edərək birinci zərbəni endirmək üçün fürsət əldə etsinlər.

Ancaq bu ehtimal hələ ki, reallıqdan uzaqdır. Hər iki tərəf yaxşı anlayır ki, müharibəyə başlamaq onların milli maraqlarını təmin etməyəcək, əksinə, ciddi geosiyasi və iqtisadi zərərlərlə nəticələnəcək. Məhz bu səbəbdən də genişmiqyaslı müharibənin başlaması real görünmür".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31