Pakistan mətbuatı Bakı Beynəlxalq Humanitar Forumu haqqında yazıb
31 Oktyabr 2013 16:16 Siyasətİngilis dilli nüfuzlu "Pakistan Observer" qəzetində "Pakistan nümayəndə heyəti Bakı Forumunda iştirak edir" adlı məqalə dərc edilib Pakistanın ingilis dilli nüfuzlu "Pakistan Observer" qəzetində nəşrin baş redaktorunun müavini Fəysal Zahid Malikin "Pakistan nümayəndə heyəti Bakı Forumunda iştirak edir" adlı məqaləsi dərc edilib.
Yazıda Pakistanın Bəlucistan əyalətinin baş naziri Abdul Malik Bəlucun başçılığı ilə nümayəndə heyətinin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyi bildirilib.
Qeyd olunub ki, nümayəndə heyətinə Pakistan parlamentinin sabiq sədr müavini, Milli Assambleyanın və Senatın üzvləri, nüfuzlu universitetlərin rektorları, tanınmış ictimai-siyasi xadimlər daxildir.
Məqalədə Bakı Forumunda bir çox ölkədən tanınmış siyasi xadimlərin, Nobel mükafatı laureatlarının, alimlərin iştirak etdiyi, forum çərçivəsində bir sıra bölmə iclaslarında iqtisadi inkişafın humanitar aspektləri və digər məsələlər müzakirə olunacağı qeyd olunub, tədbirin əsas məqsədinin bir sıra qlobal məsələlərdə dialoqun təmin edilməsi olduğu vurğulanıb.
F.Z. Malik məqaləsində, Azərbaycanın tolerantlıq nümunəsi olduğunu, ölkədəki bütün dini və etnik qruplar arasında bərabərliyin tam təmin edildiyini bildirilib.
Müəllif, Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislam Allahşükür Paşazadənin Məhərrəm ayı ərəfəsində müsəlman icmalarına müraciət edərək dini mərasimlərində birgə iştiraka çağırdığını qeyd edib. Şeyxülislam müraciətində Azərbaycanda bütün din və təriqətlər arasında tam anlaşmanın hökm sürdüyünü qeyd edərək, eyni zamanda, Azərbaycanda stabilliyi pozmaq arzusunda olan bəzi qüvvələrin bu münasibətlərə zərbə vurmaq istəklərini də açıqlanıb.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://pakobserver.net/detailnews.asp?id=222270.