“Moskva Ruzinskinin dililə Azərbaycanı şantaj edir” - AÇIQLAMA

Ərəstun Oruclu: “Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamasının Rusiya və Ermənistana aidiyyatı yoxdur”

"Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər" - Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinski belə deyib. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu hesab edir ki, Dağlıq Qarabağda ikinci müharibənin başlanması ehtimalı azdır, münaqişə ətrafındakı mövcud vəziyyət də müharibə həddində deyil. Ə.Oruclu bildirdi ki, Andrey Ruzinskinin çıxışı əslində Azərbaycanı şantaj etməkdir. Rus mütəxəssislər məsələ barədə qeyri-korreksiyalı danışırlar. Çünki Azərbaycanın Dağlıq Qarabağda ikinci hərbi əməliyyatlara başlamasının Ermənistana heç bir aidiyyatı yoxdur: "Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və işğal altındadır. Həmin əraziləri istənilən yolla geri qaytarmaq Azərbaycanın daxili işidir. Rəsmi İrəvanın özü də təsdiq edir ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilməyib, orada sadəcə olaraq ermənilərin özünümüdafiə qüvvələri var. Belə halda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə ümumiyyətlə aidiyyatı yoxdur. Sadəcə olaraq Rusiya Ruzinski kimi adamlar vasitəsilə Azərbaycanı təhdid edir. Əslində Moskvanın bu gedişləri Gömrük Birliyi ətrafında Azərbaycanla bağlı aparılan diskussiyaların nəticəsidir. Çünki Kreml Azərbaycanı bu ittifaqda görmək istəyir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00