Qırmızı çarın nimdaş çəkməsi

Jurnalist Maşa Hessen 2013-cü ilin avqustunda Rusiya prezidenti "Vladimir Putinin iqtisadi inkişaf nəzəriyyəsi"nə istehza ilə yanaşdığı üçün işdən azad edildi. "International Herald Tribune" qəzetinə müsahibə verən Hessen dedi ki, fikirləri səsləndirdikdən sonra bir gün telefonuna tanımadığı, naməlum şəxsdən qəfil zəng gəlib: "Mənim telefonum zəng çaldı. İki dəqiqə susaraq dinlədim, çünki əks tərəfdəki adam danışmırdı. Nəhayət mən qışqırdım: "Bəlkə siz özünüzü təqdim edəsiniz". Dəstəyin o birisi tərəfindən həmin məşhur səsi eşitdim: "Vladimir Vladimiroviç Putin". O məni görüşə dəvət etdi. Sonrası isə məlumdur, məni işdən azad etdilər". 1934-cü ilin mayında isə şair Osip Mandelstam Stalinə həsr etdiyi rişxəndli şeirinə görə həbs olunub. Həmkarı Boris Pasternak ona kömək etməyə çalışsa da heç nəyə nail ola bilmədi. Pasternaka qəfil zəng gəldi. Əks tərəfdə Stalin aramla, pələng xırıltısı ilə danışırdı: "Siz Mandelstamdan narahat olmayın. Şairin işi nəzərdən keçirilir. Hər şey doğru üçün cərəyan edir". Pasternak nələrin baş verdiyini bilərək Stalinin fikirlərinə arqument gətirə bilmədi. Susub məcburi razılaşdı. Stalinin zəngindən 108 il əvvəl - 1826-cı ildə çar Nikolay Aleksandr Puşkini malikanəsinə dəvət etdi. Şair "Dekabristlər" üsyanına dəstək verməkdə ittiham olunurdu. Məlumdur ki, sonradan bir dəfə də olsun əlin silah götürməmiş Puşkin dueldə öldürüldü. Rus imperializminin narazı qüvvələrə qarşı həmişə fiziki, yöndəmsiz, qısa, lakin yarımöldürücü, bir az da zəhərli təzyiq metodu olub. Həmin tezislərin toplandığı kataloqlar əsrlərdir ki, Kremldə gizlədilir. Çarlıqdan başlayaraq bütün rus avtokratik liderlər çılpaq bədənli, pələng pıçıltılı, environmentalistik Tarzan görüntüsünə üstünlük verirlər. Əvvələ qayıdaq. Sözdə bütün yazarlar Stalin üçün "kosmik status"a malik idilər. Lakin Stalinə görə, Mandelstam poeziyası "pak beyinləri çirkləndirirdi". Ona görə şair kulak kimi öldürüldü. Stalin rəssamları da heç vaxt müxalifətçi kimi təsəvvür edə bilmirdi. Bu günün Rusiyası da həmin metodların cızdığı əyri xətlər üzərində təməl atıb: heç nə dəyişməyib - qələmlər, müxalifətçilər əvvəlki kimi siyasi təzyiqlərə məruz qalırlar, hətta musiqiçilər ("Pussy Riot") də həbsxana barmaqlıqları arasında əzilməyə məhkumdurlar. Xanım Hessen isə Putinin Stalin konsepsiyasına etiraz etdi. Əvəzində Kremldən iş təklifi aldı və rədd etdi. Moskva Hesseni həbs etmədi, işdən uzaqlaşdırdı. Stalindən başlayaraq rus avtokratiyasının zəng mifi "Kremlin imperiya kəraməti"dir. Əslində Moskvanın qəfil "qapıdöymə" və "zəng" əfsanəsi Rusiyanın yenidən imperiya olmaq üçün vaxt qənaətidir. Kiçik fərdləri əzmək "Pif paf" qoxusuna qırılan milçəklər qədər adidir. Sadə ruslara görə: "O daha yaxşı bilir" və tez razılaşırlar. Müxaliflərin, yazıçıların, jurnalistlərin, ələlxüsus da etniklərə edilən təzyiqlər, həbs olunması ona görə də irəli hədəflərə ithaf olunmuş ən gözəl komplimentlər hesab olunmalıdır. Bulqakov Moskvanın ənənəvi idarəçiliyi haqqında yazırdı ki: "Rus liderlər heç vaxt əlyazmaları yandırmırlar". Taxtları tez-tez dəyişən əlyazmalar özündən sonrakı avtokrat üçün fikir təşviqidir. Tarixçi Simon Sebaq Montefiore da deyirdi ki: "Rusiyada verilən qanunlar qırmızı çar məhkəməsi isə müəyyənləşir". Mövcud rəhbərliyin XX əsrin 30-cu illərə baş vurmasının bir sıra açıq və gizli məqamları var. Məsələn, Putin 2013-cü ilin mayın 1-də Rusiyada "Əmək Qəhrəmanı" ordenini yenidən bərpa etdi. Prezidentin döş nişanı Stalinin çəkic-oraqlı ordenindən az fərqlənir. Hərbi paradın Kremlin önündən keçməsi vaxtı hətta SSRİ-nin himni də səsləndirildi. Mayın 1-də Rusiya geriyə - "Dəmir yumuruqlu diktator"un hakimiyyəti dövrünə təcili dönüş etdi. Stalinizim isə fəlakətli hüquq pozuntuları və ölümlü əmək düşərgələrinin adı ilə bağlı olan siyasi cərəyanın adıdır. Putin həmin gün 27 illik hakimiyyəti dövründə milyonlarla insanı repressiyalarda qurban verən Stalindən pafoslu və birmənalı şəkildə danışdı. Həmin an yalnız Afrika cəngəlliklərindən yeni aşkar olunmuş qəbilə İosifi sevə bilərdi. 2012-ci ildə Rusiyada aparılmış sorğuya əsasən insanların yalnız 47%-i Stalini qüdrətli şəxsiyyət kimi tanıyır.

Qırmızı çarlığın "səhra kovboyları"

Vladimir Putinin üçüncü hakimiyyəti dönəmindən bir ildən çox keçməsinə baxmayaraq Rusiya hələ də köklü dəyişikliklər baş vermir. Sovet şinelindən çıxmış kommunistlər yenə də Kremldə qocalırlar. Prezident hakimiyyətə keçməmişdən qabaq yeni iqtisadi modeli sınaqdan keçirməsinə söz verdi. Lakin həmin istiqamətdə hələ də heç bir irəliləyişlər nəzərə çarpmır. Əvəzində isə Moskva Rusiyanın demoqrafik makiyajını dəyişməyə çalışır. Tarixən məlumdur ki, etniklərin zəngin olduğu Rusiya ağır siyasi dilemma qarşsında qalıb. Ona görə də ağır yumruqlu lider olmadan Rusiyanı idarə etmək çətindir. Putin də Rusiyanı Qərb kapitalizmindən mühafizə etmək üçün "qorxulu" İvan, Böyük Pyotr, II Aleksandr və "dəmir yumruq" İosif Vissarionoviç Stalin kimi liderlərin əlyazmaları üzərində dayanmağı seçib. Köhnə sistemi bərpa etmək üçün heç də misgər olmaq lazım deyil, Kremlin toz basmış əlyazmalar arxivinə istinad etmək kifayətdir. Rusiyada "kollektiv işi" qurmaq üçün "SADİQLİK" və "APEX" ("Qara dəlik") yaratmaq əsas işdir. Növbəti mərhələdə isə hakimiyyət və kütlə arasında güc balansı avtomatik olaraq tarazlaşacaq. SSRİ parçalanandan sonra Rusiyada xaos 10 il yaşadı. Boris Yeltsindən sonra 1999-cu ildə hakimiyyət başına keçən Putin Rusiyanı yenidən "Stalinin şəxsiyyətlər xarabalığı"na çevirdi. Həmin dövrdən başlayaraq etniklər və sahə mütəxəssisləri üzərində "qayçılama işi" başladı. Artıq 14 ildir ki, Moskva milli azlıqlar üçün "yoxa çıxaran maqnit qasırğası"nı əsdirir. Putinin hakimiyyətə gəlməsilə demokratik fraksiya Rusiyanın nominal üçüncü briqadası sırasına keçdi. Ən güclü dəstə - keçmiş DTK agentlərindən təşkil edilmiş "siloviki"lər Putinin ətrafında toplaşdılar. Anatoli Sobçak çətiri altında birləşən islahatçı liberllar isə Rusiya siyasi elitasında səssiz qəbilə sayılır. Lakin Putinin demokratlar və liberallar üzərindəki qələbəsi gözlənilən nəticəni vermədi, əksinə Rusiyanı tamamilə böhran quyusuna yıxdı. Yeni prezidentin "Sosial-iqtisadi inkişaf konsepsiyası heç bir nəticə vermədi. Hərbi kadrların maaşı yüksək olan Rusiyada siyasi haqq tələb etmək isə isbatsız teoremdir. "Səhra kovboyları" (ordu) büsbütün rəhbərliyin ixtiyarına tabedir. Kremlin etniklərlə davranış üsulu və siyasi ideologiyası da Stalin strukturuna arxalanır. Sovetin keçmiş qanunlar külliyatı hələ də təəbə millətləri hesab edilənlər üzərində sınaqdan keçirilir, bir müddəası belə redaktə olunmayıb. Rus politoloq Dmitri Oreşkin "Moskvanın səsi" radiosuna müsahibəsində demişdi: "Burada tarix təhrif olunur, Moskva hələ də nimdaş Sovet çəkməsi ilə yeriyir". Yazıq Zeynalov!...

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00