Hindistan və Pakistan yeni müharibənin astanasında– ÖZƏL
14:30 Siyasət"İndiyə qədər son 80 ildə Hindistanla Pakistan arasında dörd dəfə, müxtəlif səviyyələrdə müharibə baş verib və hazırda iki ölkə beşinci müharibənin başvermə təhlükəsi ilə üz-üzədir. Lakin hadisələrin təhlili və yanaşmalar göstərir ki, bu gərginliyin daha da artmasında və müharibə həddinə çatmasında Hindistan tərəfi daha maraqlı görünür. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, Hindistan bu prosesdə təkbaşına hərəkət etmir".
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Onu buna təşviq edən, yaxından və uzaqdan təzyiq göstərən müəyyən dövlətlər mövcuddur ki, Hindistanın Pakistanla münasibətlərini daha da gərginləşdirməsində maraqlıdırlar. Hətta istisna deyil ki, Hindistanın daxilində və indiki hakimiyyətin strukturunda da Pakistanla münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələr var. Çünki adi bir terror aktının araşdırılması üçün zəruri olan bütün addımlar atılmamış, Pakistanın bu terror aktının arxasında dayanmaqda ittiham olunması təkcə tələsik qərar deyil, həm də məqsədli yanaşmadan xəbər verir.
Aydındır ki, Hindistan-Pakistan münasibətlərinin beşinci dəfə müharibəyə çevrilməsi bu region üçün ən təhlükəli və qorxulu ssenari ola bilər. Təbii ki, bunun baş verməməsi üçün bütün sağlam qüvvələrin səy göstərdiyinə şübhə yoxdur. Lakin qeyd etdiyim kimi, Hindistanı Pakistanla müharibəyə sürükləmək istəyən qüvvələr var.
Bu bölgədə bu müharibədə maraqlı olan beynəlxalq qüvvələr də mövcuddur. Aydındır ki, əgər - Allah eləməsin - bu müharibə baş versə, ilk növbədə regionun özündə, daha sonra isə dünya miqyasında çox ciddi nəticələrə səbəb ola bilər. Region ölkələrinin böyük bir hissəsi həm dini baxımdan Pakistana yaxın olan dövlətlərdir, həm siyasi əməkdaşlıq baxımından Pakistanın tərəfdaşlarıdır, həm də tarixi baxımdan Pakistanla əlaqələri olan ölkələrdir. Eyni zamanda Hindistanın da təsiri altında olan ölkələr var.
Belə bir şəraitdə bu iki nüvə dövləti arasında müharibənin baş verməsi sözsüz ki, regiondakı bir çox dövlətlərin müxtəlif formalarda bu münaqişəyə müdaxilə etməsinə səbəb ola bilər. Bu isə ilk növbədə Cənub-Şərqi Asiyanın digər ölkələrinə, Mərkəzi Asiyada yerləşən türk dövlətlərinin taleyinə, hətta Cənubi Qafqaz regionundakı ölkələrə və ümumilikdə İslam dünyasına təsir göstərəcək. Əksər hallarda isə bu təsirlər müsbət deyil, mənfi xarakter daşıyacaq.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər iki ölkə nüvə dövlətidir. İndiyə qədər aralarında baş verən müharibələrin heç birində nüvə silahından istifadə olunmasa da, növbəti bir müharibənin baş verməsi bu dəfə də həmin silahın işlədilməyəcəyinə zəmanət vermir. Əgər iki ölkə arasında baş verəcək müharibədə nüvə silahından istifadə edilərsə, bu, digər nüvə dövlətlərinin də analoji addımlar atmasına səbəb ola bilər ki, bu da dünya üçün fəlakət deməkdir.
Bu səbəbdən, Hindistan bu gərginlikdə nə qədər məsuliyyət daşıyırsa da, münasibətlərin müharibə həddinə çatmasının qarşısı bütün mümkün vasitələrlə alınmalıdır. Burada isə əsas söz və əsas məsuliyyət Hindistanın üzərinə düşür".
Zeynəb Rzayeva