Azərbaycan Xalq Cumhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı
28 May 18:04 Siyasət1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il keçir. Məhəmməd Əmin Rəsulzadənin öz fədakar silahdaşları ilə birlikdə əsasını qoyduğu Azərbaycan Xalq Cümhuriyyəti çox gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay ömür sürə bilməsinə baxmayaraq,öz şərəfli missiysı ilə ölkəmizin tarixində çox böyük iz qoya bildi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın bəşəri,milli və dini dəyərlərə ehtiramının, milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Çox qısa bir zaman kəsiyində xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilərək millətimizə üz ağlığı gətirən və qürur verən mühüm işlər görüldü.Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik Rusiyasınınnın işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Ona görə də 28 May -Azərbaycanın dövlətçilik tarixində azadlığın, müstəqilliyin qazanıldığı, hər bir azərbaycanlının milli qürur hissi keçirdiyi bir gün kimi xüsusi önəm daşıyır.
70 illik fasilədən sonra, 1991-ci ildə biz yenidən müstəqilliyimizə nail olduq.1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilıb.
Azərbaycanın Müstəqillik Günündə Türkiyə və Pakistan rəhbərlərinin ölkəmizə səfəri builki müstəqillik günümüzə əlavə önəm verdi və yeni məzmun qatdı. 28 may 2025-ci il - Azərbaycanın müstəqillik günü - tarixə işğaldan azad olmuş Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi günü və həm də Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji müttəfiqliyin, hərbi, diplomatik əməkdaşığının yeni mərhələsinin möhtəşəm günü kimi düşəcək.Laçındakı tədbirlərdə üç qardaş ölkənin liderlərinin iştirakı bu müttəfiqliyin rəmzinə çevrilir və mühüm geosiyasi mesaj daşıyır.
Bu müqəddəs gündə Azərbaycan dövlətini quran, onun üçrəngli bayrağını yüksəldən,onun dövlət atributlarını, gerbini, himnini ərsiyəyə gətirtdirən qurucu babalarımızın və Azərbaycanımızın müstəqilliyi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi,ərazi bütövlüyümüz və süverenliyimiz uğrunda canından keçib uca şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir daha dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xaqını səmimi qəlbdən təbrik edir, ölkəmizə davamlı tərəqqi, xalqımıza əmin-amanlıq və rifah arzulayırıq! Ən böyük milli sərvətimiz olan müstəqilliyimiz əbədi və dönməz,dövlətimiz, xalıqmız və hər birimiz üçün hər cəhətdən uğurlu olsun!
Tanrı Azərbaycanımızı qorusun!
Dövlətçilik tarixinimizin möhtəşəm hadisəsi olan Azərbaycan Xalq Gümhuriyyətinin yaranması gününüz mübarək!
Əli Məsimli
Milli Məclisin deputatı