Tbilisi: “Gürcüstan heç kimin maraqları naminə istifadə olunmamalıdır"- ÖZƏL
30 May 16:30 DünyaTbilisi rəsmiləri Gürcüstanın başqa dövlətlərin maraqları naminə alətə çevrilməməsi üçün ciddi mövqe sərgiləyir. Olaylar.az xəbər verir ki, bu barədə "Gürcü Arzusu - Demokratik Gürcüstan" hakim partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
"Böyük ölkələr bir-biri ilə razılaşacaq. Biz isə - kiçik dövlətlər - imkan verməməliyik ki, ölkələrimiz həmin böyük güclərin maraqlarını həyata keçirmək üçün istifadə olunsun", - deyə Kaladze vurğulayıb.
Siyasətçi Gürcüstanla Qərb arasında son dövrlərdə yaranan gərgin münasibətlərə də toxunub. O qeyd edib ki, Tbilisi milli maraqlarını müdafiə etdiyi üçün təzyiqlərlə üzləşib: "Çoxlu təhqirlər, böhtanlar, yalan bəyanatlar və şantajlarla qarşılaşdıq. Bütün bunlar ölkəmizi və maraqlarımızı müdafiə etdiyimizə görə baş verdi".
Qeyd edək ki, 2023-cü ilin sonunda Gürcüstan Avropa İttifaqına namizəd statusu almışdı. Lakin 2024-cü ildə hakim partiyanın "xarici agentlər haqqında" qanun layihəsini qəbul etməsi ölkədə genişmiqyaslı etirazlara və Qərbin təzyiqlərinə səbəb oldu. Nəticədə Gürcüstanla Aİ arasında münasibətlər xeyli gərginləşdi.
2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə Aİ-yə üzvlüklə bağlı danışıqların başlanması prosesini dondurur. Bununla belə, Gürcüstan tərəfi Avropa inteqrasiyası istiqamətində dialoqu davam etdirməyə açıq olduğunu və Aİ-dən uyğun addımlar gözlədiyini bildirib.