"Partiyanın adı “Demokratik Müsavat”, sədri isə Rauf Arifoğlu olsun”
Cümşüd Nuriyev: “Bütün hallarda AXCP sədri Əli Kərimli bu planı pozacaq”
31 Oktyabr 2013 12:47 Siyasət"Müsavat və AXCP-in birləşməsi mümkün deyil. Əli Kərimli heç vaxt öz sözünü özü demir. Başqalarının əlilə iş görür. Əli Kərimli ilanı Seyid Əhməd əlilə tutur. Partiyaların birləşməsi müxalifət üçün yaxşı hal olardı. Yeni yaradılacaq partiyanın sədri nə Əli Kərimli, nə də ki, İsa Qəmbər olmamalıdır, yeni başçı təyin edilməlidir" - politoloq Cümşüd Nuriyev AXCP və Müsavat Partiyasının birləşməsi məsələsinə münasibət bildirərkən belə deyib. C.Nuriyev hesab edir ki, yeni yaradılacaq partiyanın adı "Demokratik Müsavat Partiyası", sədri isə Rauf Arifoğlu olsun. Politoloq bildirdi ki, İsa Qəmbərin partiyaların birləşməsinə maneçilik törədəcəyi inandırıcı deyil. Çünki başqan Azərbaycan siyasətinin ən təcrübəli simalarından biridir. İsa Qəmbərin özü də siyasətdən getmək istəyir. Əli Kərimlinin bu planın baş tutmasına razı olmayacağını deyən C.Nuriyevin sözlərinə görə, bütün variantlarla AXCP sədri bu işi pozacaq: "Çünki bu adamın ambisiyası çox yüksəkdir. Həmin ambisiyasından əl çəkməyəcək. Dünya praktikasında da bu cür hallar tez-tez təkrar edilir. Yeni yaradılacaq müxalifət partiyasına təkcə AXCP və Müsavat yox, Vətəndaş Həmrəyliyi Partiyası, Hacıbaba Əzimovun rəhbərlik etdiyi partiya da qoşulmalıdır. Müxalifətdə olub Azərbaycan insanının gözünü ağrıdan bütün partiyalar birləşməlidir. Bütün müxalifət partiyalarının sədrləri istefa verməlidir". Politoloq "EL" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqındakı ittihamlarına da münasibət bildirdi. C.Nuriyev qeyd etdi ki, Rauf Arifoğlunun Azərbaycan mətbuatı və müxalifəti üçün etdiklərini milyonda birini Eldəniz Quliyev etməyib. C.Nuriyev hesab edir ki, Rauf Arifoğlu həmişə müxalifətin problemləri barədə öz etirazını açıq şəkildə deyib və qarşıdurma yaratmaqla məşğul olmayıb. Amma Eldəniz Quliyev siyasətə atılan kimi Azərbaycanda separatizmin güclənməsinə öz töhfəsini verdi: "Bu adamın Azərbaycan siyasətinə verdiyi və verə biləcəyi heç nə yoxdur. Eldəniz Quliyevin Rauf Arifoğlu haqqında bir söz deməyə belə mənəvi haqqı yoxdur. Rauf Arifoğlu Azərbaycan cəmiyyətinə müxalifət mədəniyyəti gətirən tək-tək adamlardan biridir. Qələmindən bir dəfə də olsun ağıllı ssenari çıxmayan Eldəniz Quliyev Rauf Arifoğluna hücum edirsə, bu kənardan alınan tapşırıqıdır. Çünki Eldəniz Quliyevin hər mıxda bir papağı, hər xarici ölkələrin təhlükəsizlik orqanlarının ofisində bir ayağı var. O Azərbaycandan başqa bütün ölkələrə xidmət edir. Yaxşı olardı ki, saç və saqqalının ağardığı bir vaxtda Eldəniz Quliyev bu tip məsələlərə girişməsin". ("OLAYLAR" İA)