Postsovet məkanında dəyişən güc balansı: “Rus Ev”ləri bağlanır? – ÖZƏL

Qırğızıstanın Oş şəhərindəki "Rus evi"nin əməkdaşı Nataliya Sekerina xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Bu hadisə "Rus evi"nin Qırğızıstanda da bağlana biləcəyi ehtimalını gündəmə gətirib.

Maraqlıdır, "Rus evi"nin ard-arda türk dövlətlərində bağlanması regionda Rusiya təsirinə qarşı yeni bir siyasi xəttin formalaşmasından xəbər verirmi?

"Rus evlərinin ard-arda bağlanması əslində onu göstərir ki, keçmiş sovet dövlətlərində - yəni postsovet məkanında - artıq Rusiyanın əvvəlki kimi təsiri və gücü qalmayıb".

Bu fikirləri siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a açıqlamasında bildirib:

"Son 30 ildə, eləcə də Sovet dövründən sonra Rusiya müxtəlif üsullarla bu dövlətlərə təsir göstərməyə çalışıb. Qarabağ münaqişəsi, Abxaziya və Cənubi Osetiya müharibələri, Gürcüstan və Moldova hadisələri bu təsirin nümunələridir. Rusiya bu bölgələrdə lokal müharibələr yaradaraq, həmin ölkələri asılı vəziyyətdə saxlamaq, onları öz maraqları çərçivəsində yönləndirmək istəyib. Ancaq bu siyasətə qarşı həmin ölkələrdə müqavimət göstərilib və bu dövlətlər bu təzyiqi qəbul etməyiblər. Baxmayaraq ki, bu lokal münaqişələrin bəziləri hələ də tam həll olunmayıb, məsələn, Qarabağ problemi 44 günlük müharibə nəticəsində Azərbaycanın qələbəsi ilə 90-95% həll olunub. İndi yalnız sülh müqaviləsinin imzalanması mərhələsi qalıb".

Siyasi şərhçi qeyd edib ki, postsovet ölkələri, o cümlədən Azərbaycan, Rusiyanın təsirindən uzaqlaşaraq daha müstəqil və balanslı siyasət yürütmək istəyir.

"Digər ölkələrdə isə Rusiyanın təsiri hələ də qalır və onun yaratdığı bu lokal münaqişələr donmuş vəziyyətdə saxlanılır. Üstəlik, Rusiya tərəfindən edilən bəyanatlar, təyyarələrin vurulması kimi hadisələr və müxtəlif diplomatik, siyasi, iqtisadi təzyiqlər bu ölkələrdə narazılıqla qarşılanır. Bütün bunlar göstərir ki, postsovet ölkələri artıq Rusiyanın totalitar yanaşmasını qəbul etmir və öz müstəqil siyasətlərini formalaşdırmaq niyyətindədirlər. Bu gün artıq 30 ildən çox vaxt keçib və Rusiyanın bu ölkələrin daxili siyasətinə qarışmaq cəhdləri - o cümlədən Mərkəzi Asiya dövlətlərində də - həmin ölkələrdə narahatlıq doğurur və onları alternativ addımlar atmağa vadar edir. Azərbaycanda da son dövrlər Rusiyaya məxsus mədəniyyət mərkəzlərinin - rus evlərinin bağlanması, iki ölkə arasında münasibətlərin gərginləşməsi bunun əlamətidir. Çünki Rusiya öz mövqeyini hər zaman haqlı kimi göstərməyə çalışsa da, bu yanaşma qəbul edilmir".

Ramiyə Məmmədovanın sözlərinə görə, postsovet ölkələri Rusiyanın təsirini məhdudlaşdırmağa çalışsalar da, Rusiya bölgədə hələ də böyük güc olaraq qalır və əməkdaşlıq zərurəti davam edir.

"Bu tendensiya yalnız Azərbaycanda deyil, eyni zamanda Qırğızıstanda da müşahidə olunur. Bütün bunlar onu göstərir ki, Rusiya bu ölkələrdə əvvəlki kimi təsir gücünü saxlaya bilmir. Rusiya hələ də keçmiş sovet məkanında öz gücünü qorumağa çalışsa da, diplomatik və iqtisadi münasibətlərdə gərginliklər yaranır və bu münasibətlər əvvəlki səviyyədə davam edə bilmir. Ancaq Rusiya da anlayır ki, artıq əvvəlki kimi həmin ölkələrə eyni güclə təsir edə bilməyəcək və buna görə də zaman-zaman geri çəkilməyə məcbur qalır. Bugünkü gündə Qırğızıstanda baş verənlər də bunu göstərir - bu ölkələr artıq Rusiyanın gücünü məhdudlaşdırmaq niyyətindədirlər. Əlbəttə, bu, münasibətlərdə müəyyən gərginliklərə səbəb ola bilər. Lakin bu gərginliyin o qədər də yüksək səviyyəyə çatacağı gözlənilmir. Çünki Rusiya yenə də bölgədə böyük dövlət olaraq qalır və bütün dövlətlər - o cümlədən biz - onunla müəyyən səviyyədə əməkdaşlıq etməyə məcburuq".

Ekspert vurğulayıb ki, bu gün Azərbaycan ən düzgün yolu seçərək, regional sabitlik naminə Rusiya və digər dövlətlərlə balanslı və diplomatik siyasət yürüdür.

"Ən məqbul yol diplomatik həll yoludur. Yəni bu proseslərin, bu münasibətlərin qarşıdurma yox, diplomatik və siyasi yollarla tənzimlənməsi vacibdir. Bu proses təkcə Azərbaycan və Qırğızıstanda deyil, Gürcüstan, Ermənistan, Qazaxıstan və digər postsovet ölkələrində də müşahidə olunur. Məsələn, Gürcüstan bu gün "3+3" formatında Rusiyaya görə iştirak etmir, bəzi beynəlxalq platformalarda da Rusiyanın iştirak etdiyi proseslərdən kənar qalır. Bu da onu göstərir ki, Avropa Birliyinə inteqrasiya istiqamətində atılan addımlardan da hər kəs istədiyi nəticəni ala bilmir. Belə bir vəziyyətdə mən düşünürəm ki, bu gün ən düzgün siyasəti Azərbaycan həyata keçirir. Çünki Azərbaycan həm Rusiya ilə, həm də digər dövlətlərlə dostluq və tərəfdaşlıq münasibətləri çərçivəsində balanslı bir siyasət yürüdür".

Xatırladaq ki, fevral ayından etibarən Bakıda da "Rus evi"nin fəaliyyəti dayandırılıb və onun yenidən açılması hələ ki mümkün olmayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31